Modern.az

Maliyə Bazarlarına Nəzarət Palatası daha hansı bankları bağlatdıracaq? - AÇIQLAMA

Maliyə Bazarlarına Nəzarət Palatası daha hansı bankları bağlatdıracaq? - AÇIQLAMA

24 Yanvar 2017, 15:19

Ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Maliyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradıldı. Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək öhdəliyinə malikdir.

 

Palata ötən il ərzində aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə 9 bankın lisenziyasının ləğv edilməsinə qərar verdi.

Bu qərar həm də Azərbaycanda bank sisteminin sağlamlaşdırılmasını özündə ehtiva edərək problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənib.

Qeyd edək ki, 2016-cı ildə Bank Standard (30 sentyabr 20016-cı il), Qafqaz İnkişaf Bankı (16 avqust 2016-cı il) Atrabank (16 avqust 2016-cı il), Kredobank (21 iyul 2016), Dekabank (21 iyul 2016), Parabank (21 iyul 2016), Zaminbank (21 iyul 2016), Texnikabank (1 fevral 2016),  Bank of Azerbaijan-ın (17 yanvar 2016) lisenziyası ləğv edilib.

MBNP-nın Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2017-ci il ərzində də Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması davam etdiriləcək:

 

“Mandatımız, qanunun bizə verdiyi səlahiyyətlər çərçivəsində maliyyə sektorunun, xüsusən də bank sektorunun sağlamlaşdırılmasını davam etdirəcəyik. Bu istiqamətdə lazım olan bütün prosedurları həyata keçirəcəyik. Ona görə də yoxlamalar davam etdiriləcək. Yoxlamalar zamanı həmişəki kimi bankların bütün maliyyə göstəricilərinə, bizim və qanunvericiliyin tələblərinə əməl edib-etməmələrinə və digər məqamlara nəzarət ediləcək”.

Sağlamlaşdırma prosesi nəticəsində bankların lisenziyalarının ləğv edilməsi risklərinə gəlincə, qurum rəsmisi bunları deyib:

“Hazırda bankların bağlanması üçün zərurət yoxdur. Amma gələcəkdə nə olacağı barədə nəsə demək çətindir”.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...