Modern.az

Uca xaqanıma minnətdarlıqla

Uca xaqanıma minnətdarlıqla

Aktual

22 İyul 2017, 12:45

Aida Eyvazlı

Ötən il türk babalarımızın Ötükəndəki məbədini ziyarət etdikdən sonra, Bilgə Xaqan və Tonyükükün Monqolustanda Orhon çayının sahilində Koşa Çaydam dərəsinində  tarixlərə yadigar saxlanılan daş kitabələrdəki yazılarına əllərimlə toxunmaq,  onları oxumaq nəsibim oldu. O daş kitablarda Tanrının bir xaqana, bir millətə verə bildiyi lütflərdən, müharibələrdən, türk tarixindən yazılıb. Bu günümüzə şahid daşlarda Xaqanın, padşahın, şahın  da taleyinin Tanrı tərəfindən yazıldığı sətirlər var:

“Tanrı buyurduğu üçün,özüm də dövlətli  olduğum için xaqan oturdum. Xaqan oturup aç, fağir milleti hep toplatdım. Fağir milleti zəngin kıldım. Az milleti çok kıldım. Yoksa bu sözümde yalan var mı? Türk bəyləri, milləti, bunu eşitin!".

Ta qədimlərdən ulu türklər  dövlət rəhbərinə “Kaqan” dedilər. Tanrıya da bu ad xoş idi. Xaqanı da ucaldan Göy Tanrısıdır.

Tanrı buyurduğu üçün İlham Heydər oğlu Əliyev prezident oldu. Bir xaqan dünyadan köçəndə Tanrı onun taleyini və işini davam etdirmək üçün, yerinə gələn xaqanın üzərinə missiyalar qoyur. Bilgə Xaqan daş məktubunda  öz xaqanlığını belə təsvir edirdi:

“Babamızın, əmimizin qazandığı millətin adı sanı yox olmasın deyə, Türk milləti üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım Kül Tegin ilə, iki şad ilə  məhv olmaqdan qurtardım… Ondan sonra dövlətim,qismətim olduğu üçün, öləcək bir milləti əyin-başlı etdim. Fağır milləti zəngin etdim. Az milləti çox etdim. Dəyərli ellərdən, dəyərli xaqanlardan daha yaxşı etdim”.

2010-cu il dekabrın 1-i idi. Qardaş Qazaxıstanın paytaxtı Astanada ATƏT-in VII sammiti  keçirilirdi. Həmin  sammitdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxış etdi: “...Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlədən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, evlərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı olduğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Xocalının günahsız qurbanları arasında 100-dən artıq uşaq olmuşdur”. İlham Əliyev  bu sözləri deyəndə səsindəki ağrını hiss etdim. Üzündə zabitəsi, səsində kəskinliyi də öz yerində. Həmin gün biz jurnalistlər də o Sammitdən reportaj verirdik.  

Azərbaycan yurdunun Xaqanı - İlham Heydər oğlu Əliyev bu dövlətin rəhbəri olduğu gündən  gecə uyumadan, gündüz oturmadan dünyanın hər yerində siyasi güclərin ucbatından qaytara bilmədiyimiz Vətən və torpaq problemimizin çözülməsi üçün yollar axtarır.

Bilgə Xaqan kimi, İlham Heydər oğlu da millətini əyin –başlı, zəngin etməklə, həm də çoxalması üçün çalışır. Bir millətin çoxalıb artması üçün ailə, ailələrə yaşamaq üçün mənzil, ev lazımdır.

Dünyada iqtisadi münasibətlər dəyişdikdən sonra, insanlarımız  işlədikləri müəssisə, idarə və təşkilatlardan ev almaqdan məhrum oldular.   Böyük güclərin çalğısı ilə oynayan ermənilərin işğal etdiyi ərazilərimizdən gələn insanların da evsizlik problemi dövlətimizin probleminə çevrildi. Müharibə şəraitində yaşamağımıza baxmayaraq, işğal nəticəsində 20 ildən artıqdır ki, istər yurd-yuvalarını itirmiş vətəndaşlarımız, istərsə də dövlətimizə, Vətənimizə xidmətlərinə görə yüzlərlə ailələrimiz tez-tez mənzillə təmin olunurlar. O mənzillərdə həm də yeni körpələr gəldi dünyaya, o mənzillərdə həm də sevincli anlar yaşandı. Artıb-çoxalmağa başladıq. İndi  Azərbaycan Respublikasının vətəndaşlarının sayı 10 milyon civarındadır. Demək  xaqanımızın səyləri, qayğısı əbəs deyil.



Xaqanım İlham Heydər oğlu Əliyev Milli Mətbuatımızın 142 illiyi münasibəti ilə 255 ailəyə mənzil verdi. Bu dəfə də jurnalistləri sevindirdi.  Ta qədimlərdə türk elinin xaqanları  hər il  dövlətin sərmayəsində olan qazanclarının müəyyən bir hissəsini xalqının firavan yaşaması, artıb-çoxalması üçün paylayıb. Bilgə Xaqanın daş kitabında yazılanlar buna sübutdur.

Həmin  törəndə xaqanım İlham Əliyev Azərbaycanda  jurnalistikanın  inkişaf etdiyini və cəmiyyətdə çox müsbət rol oynadığını, jurnalistlərə hər zaman öz dəstəyini göstərdiyini  söylədi. Jurnalistikanın inkişafı ilə bağlı bəzi fikirlərini açıqladı. Bizə tövsiyələrini verdi. Mən belə hesab edirəm ki,  bizi sevindirdiyi gün Xaqan İlham Əliyevin söylədiyi fikirlər və tövsiyələr, Azərbaycan jurnalistikasının proqramına çevrilməlidir.

Bizə bəxş etdiyi xoşbəxt anların sevinci, Uca Xaqanımızın öz üzünə də siyarət etmişdi. Əzəmətli duruşunda, zabitəli baxışında, qəlbinin dərinliyindən gələn arzularında xalqına bir məhəbbət və sevgi var idi. Səsində Astana  SAMMİTindəki kədərdən əsər-əlamət yox idi. Çünki ötən illər ərzində Sərkərdə İlham Əliyevin Ordusu düşmənə gücünü göstərmişdi. Özünün dediyi kimi: “Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik”.

Həmin aprel döyüşlərindən sonra Azərbaycan prezidenti haraya gedirsə ,  yüksək tribunalarda daha əzəmətli görünür. Çünki, Ordumuz xarici güclərin yaradığı erməni mifini sındırdı.  Bizimlə olan görüşdə də Xaqanımız İlham Əliyev  qeyd etdi :“ Biz bu meyli sındıra bildik. Bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır. Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir... Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”.

Törənimizin rəsmi hissəsi yekunlaşandan sonra, mətbuatımızın inkişafında xidmətləri olan, haqqı çatan, eyni zamanda ehtiyacı olan insanlar  Uca Xaqanımıza minnətdarlıq etmək üçün ətrafına toplaşdılar. Bizi görməzdən keçmədi. Böyüklük göstərdi, kökdən, qandan gələn mədəniyyətinə sadiq qalaraq yenə hər birimizlə güldü, danışdı, əlimizi sıxdı. Bizi o şərəfə layiq bildi. Jurnalistlər üçün yeni tikiləcək binanın təməlini də qoyduqdan sonra,  görüş bitdi.  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dedi ki, çoxdandır ki, prezidentimiz İlham Əliyev  bu qədər sevinməmişdi.

Həmin gün jurnalistlər üçün tikilmiş ikinci binada mənzil sahibi olan hər kəsin üzündə bir məmnunluq, xoşbəxtlik var idi. Uca xaqanımız sözə dəyər verə bilən bir çox jurnalistin bir yerdə yaşamasına şərait yaratdı. Bu məhəllədə yaşayanların əksəriyyəti bir-birini tanıyır. Mənzillərimiz olan binada keçmiş və indiki dostlarımız var. Bəzən onları görmək üçün o qədər darıxmışıq ki, həmin gün isə biz o dostlarımızı gördük. Bundan sonra isə bu görüşmələr davamlı olacaq. Bir-birinin yanında göyün 7-ci qatına qədər ucalan 17 mərtəbəli binalarda yaşayan  əsil jurnalistlər, əsil dostlar üçün bu gözəl bir fürsətdir. Artıq bizimlə qonşu olan birinci binanın jurnalistləri fürsət olduqca birlikdə yığılıb, Xaqanımızın yanında olmaq, ona dəstək olmaq üçün müzakirələr aparıb, hətta dəyərli layihələr də irəli sürüblər. İndi bizim binanın da ustad jurnalistləri, ustad yazarları sayımız çoxaldı. Və biz Ali Baş Komandanımızın verdiyi tövsiyələri Proqram kimi həyatımızın yaradıcılıq istiqamətində elə işlətməliyik ki, jurnalistikamızın inkişafına və ləyaqətli olmasına, vətənpərvərlik hissinin aşılanmasına xidmət edək. Biz Həsən bəy Zərdabinin dediyi kimi jurnalistikanı günümüzün aynası etməliyik. Xaqanımız da bizdən bunu istədi.

Həm dəyərli həmkarlarım adından, həm ailəm, doğmalarım adından onu deyə bilərəm ki, mən Uca Xaqanımdan aldığım hədiyyəyə görə özümü çox şanslı sayıram. Qismətimə düşən iki otaqlı geniş mənzilim yaşayış şəraitimi yaxşılaşdıracaq. 35 ildir ki, qələmim və sözüm ilə jurnalistikada Vətənimə, Türk dünyasına xidmətdəyəm. Bu 35 ilin 10 ilini Mərkəzi Asiya ölkələrində xüsusi müxbir kimi çalışdım, 25 ilini isə hər gün Sumqayıdan Bakıya gedib qayıtmışam. Yol yorğunu olsam da, yaradıcılığımdan qalmamışam. Əlbəttə yollarda vaxt itkilərim olub.  Bu gündən sonra yeni mənzilimdə Tanrıma yenə də şükr edə-edə yaşayacağam. Vətənimə şərəf gətirən aprel döyüşləri haqqında yazdığım “Qalibiyyət: şahidlər və şəhidlər” kitabımın II cildini yeni mənzilimdə tamamlayacağam.

Ulu xalqım, ulu elim, ulu dostlarım, gəlin bir olaq. Bir-birimizi sevək, inciməyək, incitməyək. Tanrıdan istəyin, Tanrıya qul olmayın, Tanrıya əsgər olun, Tanrını yerdə yazanı olun, və bir də Tanrıdan xöş arzular diləyin, bütün varlığınızla istəyin ki, arzularınıza çatasınız.
 

Bilgə Xaqanın daş kitabəsində bu sözlər də var idi: “Türk- Oğuz bəyləri, eşidin! Üstdə göy  çökmədikçə, altda yer dənizi  yarılmayınca, elin, türkün törənini kim poza bilər? Ey Türk ulusu! Kəndinə dön. Səni yüksəltmiş Bilge Kağanı'na, özgür və azad ölkənə qarşı  xəta etdin, pis duruma düşürdün”.

Vətənimizi, elimizi pis duruma salmamaq üçün bir olaq, birlik olaq, birgə olaq! Unutmayın ki, Tanrı da buyurub ki, əvvəl Söz yarandı. Və o sözü ilk dəfə daşlara da göy türklər yazdı. Ona görə də belə hesab edirəm ki, ulu türkük, daşda bitən sözümüz, bir tarixdir daş məkanın içində.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı