Modern.az

Moskvanın razılığı ilə xalq artisti olan azərbaycanlı məşhurlar  

Moskvanın razılığı ilə xalq artisti olan azərbaycanlı məşhurlar   

23 Sentyabr 2017, 16:21

Azərbaycan SSR xalq artisti fəxri adını ilk dəfə məşhur tarzən Qurban Pirimov alıb. Tarzənin 1931-ci ildə aldığı fəxri ad Azərbaycan mədəniyyətində ilk idi. Həmin ildən sonra II Dünya Müharibəsi başlayana qədər bir neçə mədəniyyət xadimi bu mükafata sahibləndi: 1932-ci ildə Hüseynqulu Sarabski ilə Hacıağa Abbasov, 1933-cü ildə aktyor Mirzağa Əliyev Azərbaycan SSR xalq artisti adını qazandılar. 


Ümumiyyətlə, Azərbaycanda hər il əsasən, bir, maksimum isə, iki mədəniyyət xadiminə bu mükafat verilirdi. Ona görə də, 1934-cü ildə Şövkət Məmmədova, 1935-də Cabbar Qaryağdıoğlu, 1936-cı ildə Abbas Mirzə Şərifzadə və Mərziyyə Davudova, 1937-ci ildə isə böyük Üzeyir bəy Hacıbəyli Azərbaycan SSR xalq artistləri oldular.

1938 və 1940-cı illərdə isə ümumilikdə 6 həmyerlimiz bu fəxri adı qazandı: Sidqi Ruhulla, Ağahüseyn Cavadov, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Muxtarova və Hüseynağa Hacəbababəyov.

Ondan sonra düz 14 il bu ad kiməsə verilmədi. Uzun fasilədən sonra isə SSRİ Xalq artisti fəxri adını ilk dəfə aktyor Ağadadaş Qurbanov aldı.

 

Azərbaycan SSR Xalq artisti adı sonuncu dəfə 1990-cı ildə verildi. Bu ada ölkəmizdə layiq görülən sonuncu mədəniyyət xadimləri isə bəstəkarlar Azər Rzayev və Ramiz Mirişli oldu.

Modern.az hazırda həyatda olan və vaxtilə bu fəxri ada sahiblənən mədəniyyət xadimlərini təqdim edir:

Sovet dövründə Azərbaycanı bütün dünyada tanıdan müğənni Zeynəb Xanlarova 1975-ci ildə bu ada  layiq görülüb. 

Korifey bəstəkar, akademik Arif Məlikov isə 1978-ci ildə Azərbaycan SSR Xalq artisti oldu. Ümumiyyətlə, o ildə bir çox sənətkarlara bu fəxri ad verildi. Aralarında balet ustaları Rəfiqə Axundova,  Maqsud Məmmədov, Çimnaz Babayevanın da adları var idi.

Bu gün də yaşayıb yaradan mədəniyyət xadimlərimiz - pianoçu (həm də rektor) Fərhad Bədəlbəyli, rəqqasə Afaq Məlikova da o ildən etibarən, Azərbaycan SSR-nın Xalq artisti adını daşımağa başladılar.

Bir çox filmlərdə əsas rolları yaradan Murad Yegizrov, Rasim Balayev kimi aktyorlar isə 1982-ci ildə Azərbaycan SSR-də Xalq artisti fəxri adına layiq görüldülər. Həmin ilki siyahıda aktrisa Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın da adı var. Musiqiləri bütün SSRİ-də yayılan Polad Bülbüloğlu da həmin il erkən yaşda  fəxri ada layiq görüldü.

Həm yuxarıda adları çəkilən şəxslərə, həm də onlardan bir bir neçə il sonra bu fəxri ada layiq görülən aktrisa Amaliya Pənahova və bəstəkar  Xəyyam Mirzəzadəyə can sağlığı arzulayırıq.

N.Nihad

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir