Modern.az

Türkmənistanın mediadan gizlənən birinci ledisi...  

Türkmənistanın mediadan gizlənən birinci ledisi...   

30 Oktyabr 2017, 15:39

Türkmənistanın hazırki prezidenti Qurbanqulu Berdıməhmmədov ekstrovaqant hərəkətləri ilə diqqət çəkir. O gah at belində tikinti meydançasını ziyarət edir, gah yayın istisində paytaxt Aşqabadda gözəllik xatirinə bütün binalardan kondisionerləri çıxartmaq barədə göstəriş verir, gah da milis polkovnik-leytenantı olan atasının şərəfinə ölkədə nüfuzlu orden təsis edir.


Maraqlıdır ki, müəyyən məqamlarda Şimali Koreya kimi qapalı ölkə imici formalaşdıran Türkmənistanın birinci ledisi barədə də çox məhdud informasiya var. 

Modern.az saytı “Birinci ledilər” rubrikasında Türkmənistanın birinci xanımı barədə məlumatlar əldə etməyə çalışıb. Amma məlum oldu ki, Türkmənistan birinci ledi haqqında məlumatlara ən qapalı ölkədir.

Türkmənistanda mətbuata prezidentin ailəsi barədə hər hansı məlumat vermək qəti qadağan olunub. Türkmənlər özləri də bu barədə danışmağa qorxurlar. Ümumiyyətlə, Türkmənistanda Berdıməhəmmədovun ailəsi haqqında çox adam heç nə bilmir. Bilənlər isə bu barədə danışmaq istəmirlər.

Məlum olan odur ki, Qurbanqulu Berdıməhəmmədov ailəlidir, 3 qızı və Sərdar adlı bir oğlu var. Bəzi mənbələr prezidentin 3 deyil, 2 qızının olduğunu bildirir..

Prezidentin böyük qızı karbohidrogen ehtiyatlarının istifadəsi üzrə türkmən dövlət agentliyinin Avropa təmsilçisi Yaşgəldi Amanovla evlidir. Berdıməhəmmədovun böyük qızı və kürəkəni hazırda Londonda yaşayırlar. Kürəkən Yaşgəldi Amanov türkmən agentliyinin Londonda yerləşən ofisində çalışır.

Prezident Q.Berdıməhəmmədovun digər qızı Parisdə yaşayır. O, Türkəmənistanın Fransadakı səfirliyində çalışan diplomatla evlidir. Türkmən müxalifətinini xarici mətbuata sızdırdığı məlumata görə, prezidentin bu qızı Fransanın cənubundakı Lazur çayının sahilində bahalı villa sahibidir. 

Prezidentin oğlu Sərdar barəsində isə əldə olunan son məlumat öz babasının şərəfinə təsis edilən mükafatı alan zaman görüntülənməsidir. Sərdar Berdıməhəmmədovun babası kimi polkovnik-leytenant rütbəsi daşıdığı məlumdur. Bundan başqa, atasının varisi sayılan Sərdar Berdıməhəmmədov Türkmənistan parlamentinin qanunvericlik komitəsinin sədridir. O tez-tez xarici ölkələrə parlament heyətinin rəhbəri kimi səfərlər edir.


Bəzi mənbələrə görə, prezident Q.Berdıməhəmmədov hazırda qanuni arvadı ilə birgə yaşamır. Onun həyat yoldaşı Oğulgerek Atayevna Berdıməhəmmədova milliyyətcə türkməndir.

Prezidentin həddindən artıq konsevativ olan bu qadınla nə üçün bir yerdə olmadığı barədə heç bir məlumat verilmir. 
Çox xəsisliklə verilən məlumatlara görə, Berdıməhəmmədovun həyat yoldaşı giya, 2007-ci ildən Londonda yaşayır. Bu qadının adı, soyadı, kimliyi barədə nə yerli, nə də xarici mətbuat hələ indiyədək heç bir bilgi verə bilməyib.  

 

Onun barəsində son məlumat Türkmənistan televiziyasında nümayiş etdirilən xalça ilə bağlıdır. Belə ki, dövlət televiziyasının görüntüləndiyi xalçada Qurbanqulu Berdıməhəmmədovun atasının təsviri verilib. Bununla türkmənistanlı ledi öz qaynatasına hörmətini ifadə edib.

 

Oğulgerek Berdıməhəmmədovanın Londona köçməyinin bir səbəbi böyük qızının əri ilə İngiltərə paytaxtında yaşamasıdır. Türkmənistanın 1-ci ledisinin öz qızının himayəsinə sığınmaq üçün Londona getdiyi qeyd olunur.

 

Bəzi mənbələrin verdiyi digər məlumatlara görə, türkmən  prezidentin ikinci həyat yoldaşı da var, o, milliyyətcə rusdur. Amma paytaxt Aşqabad sakinləri arasında gəzən söz-söhbətlərə görə, əslində milliyyətcə rus olan bu qadın Berdıməhəmmədovun qanuni həyat yoldaşı deyil, məşuqəsidir. Onun adının Marina olduğu qeyd edilir. Məlumatlara görə, Qurbanqulu Berdıməhəmmədov onunla hələ gənclik illərində çalışdığı bir stomatoloji klinikada tanış olub. İxtisasca diş həkimi olan Berdıməhəmmədov vaxtilə stomatoloji klinikada çalışarkən Marina orada tibb bacısı işləyib. 
Prezidentin hazırda Marina ilə qanuni nikahda yaşamadığı bildirilsə də, qeyd olunur ki, Qurbanqulu Berdıməhəmmədovun bu rus qadından 14  yaşlı bir qızı da var. 


Prezidentin ailə qurmuş övladlarından 4 nəvəsinin olduğu deyilir. Onlardan yalnız 2000-ci ildə anadan olan Kerimqulu haqqında qısa informasiya var. Babasının himayəsində tez-tez görüntülənən Kerimqulu at yarışlarının aktiv iştirakçısıdır. O  bundan başqa, pianoda da ifa edir.

Qurbanqulu Berdıməhəmmədov o dövlət başçılarındandır ki, xarici səfərlərdə onu xanımı müşayiət eləmir... Ümumiyyətlə, Türkmənistanda onu hətta gənclik illərində də arvadı ilə birgə “gördüm” deyənlər yoxdur...

Qeyd edək ki, prezidenti Qurbanqulu Berdıməhəmmədovun özü 7 bacının bir qardaşıdır. Ölkə başçısının atası təqaüddə olan ədliyyə zabiti, anası evdar qadındır. Onlar prezidentin paytaxt Aşqabaddan bir qədər aralıdakı iqamətgahında yaşayırlar.

Vəssalam. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ailəsi haqqında ictimaiyyətə məlum olan bilgilər bununla da yekunlaşır. 

Xarici media əbəs yerə Türkmənistanı dünyanın ən qapalı ölkələrindən biri, onun prezidentini isə diktator adlandırmırlar...

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır