Modern.az

Deputat maaşında DƏYİŞİKLİK - Məsələyə yaz sessiyasında baxılacaq  

Deputat maaşında DƏYİŞİKLİK - Məsələyə yaz sessiyasında baxılacaq   

8 Yanvar 2018, 15:25

“Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında” qanun layihəsi parlamentin yaz sessiyasının iclasına çıxarılacaq.


Modern.az-ın
əldə etdiyi məlumata görə, deputatlar yaz sessiyasının iclasında qanun layihəsinə dəyişikliyi müzakirə edəcəklər.

Sözügedən dəyişikliyin bu qanunun 21-ci maddəsinə (Deputatın maddi təminatı) təklif edildiyi bildirilir. Həmin dəyişiklikdə isə deputatların vəzifə maaşının artırılması öz əksini tapacaq.

Bu dəyişikliyin gündəmə gəlməsi Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinin artırılaraq 25 milyon 432 min manata çatdırılması ilə əlaqədardır.

Milli Məclisin 2018-ci il üzrə saxlanılma xərclərinə əlavə edilən vəsaitin 68.8 faizinin əmək haqqına sərf olunacağı gözlənilir. Yerdə qalan məbləğin xarici səfərlər, avtoparkın yenilənməsi və digər məsələlərə yönəldiləcəyi bildirilir.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasının iclaslarında bir neçə dəfə deputatların maaşını artırmaq təklifi gündəmə gətirilmişdi. 

Qeyd edək ki, Modern.az-ın bundan əvvəlki yazısında da deputatların maaşının artdığı yox, yaxın aylarda artırılacağından bəhs olunub. Lakin bəzi KİV əməkdaşları məsələni yanlış anladığından, bununla bağlı bir sıra yazılarda maaşların 1 yanvardan artdığı təsəvvürü yaranıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir