Modern.az

“Begomot”

“Begomot”

Aktual

23 Fevral 2018, 12:36

Hidayət Elvüsal

Bu günlərdə hamı kimi mən də bir balaca nasazlamışdım, üstünüzə sağlıq. TV həkimləri buna əndrəbadi adlar qoysalar da, soyuqdəymə idi. Yəni dünya binə olan gündən qış fəslində heç olmasa bir dəfə timo (tuşov) olmaq gərəkdir ki, adına “qrip” də deyirlər.

Və elə ki, bu qrip mövsümü başlandı, ekran yenə həmin o telehəkimlərlə doldu-daşdı. İndinin özündə də ekrandadırlar. Biri deyir, belə eləyin. O biri deyir yooox, elə eləyin, belə eləsəniz elə-belə olarsınız.


- Pamidor yeyin.

- Soğan-sarımsağı bol eləyin.

- Su için.

- Yox, çay için.

- Yatın.

- Durun.

- ...

- ...


Daha sonra dərman tacirləri məsələyə əl qoyur:


- Tetratsklin!

- Penitsillin!

- Nonqripi!


Hələ yeni dərman adları da fikirləşib, tapıblar. Yəni illər boyu tanıdığımız dərmanları təzə adlar qoyublar. Məsələn, Züleyxaya “Zülya”, Balaxanıma “Bela” demirik? Bax onlar da bu məsələdən faydalanırlar:


- Truska!

- Pensilka!

- Canka!

- Canculacuyka!

- Paxanka!

- Maxanka...


Daha nələr? Amma içənlər olur o dərmanları. Nə xeyri? Elə bil saman udurlar. Heç bir xeyri yoxdur. Amma pullar qazanırlar haa!

Və mən indi yaxşıyam. Xramçaylı gəlmişdi, sağ olsun. Aptekdən aldığım dərmanları sellofan torbaya doldurub zibil yeşiyinə tulladı:

- Qrip olanda bir belə dərman içməzlər! - dedi.


Sonra ayağımı isti suya qoydu. Sirkə ilə belimi-başımı ovdu. Sulu xəngəl bişirdi. Zoğal mürəbbəsi ilə çay verdi. Özü də yavaş-yavaş yığışıb evinə getdi. Gedəndə də bərk-bərk tapşırdı:


- Sabah evdə qal. Başını-gözünü yu. O biri gün işinə get.


İndi işdəyəm. Və çox adam yoxdu. Maaşını alan apteklərin yolunu tutub. Deməli... Hələ beş-on gün gələn olmayacaq.

Mənim də əlimdən gəlmir. Yoxsa hərəsinə bir qab sulu xəngəl, bir stəkan mürəbbəli çay, sirkə, sarımsaq...


Axşam televizorda yeni bir dərmandan danışdılar. Adı da çox nəhəng idi. “Begomot!” Onu təqdim edən həkim deyirdi ki, bir-iki həb udursan, o saat ayağa qalxırsan.


Səhər o dərmanı içən qonşunun dalınca təcili yardım gəlmişdi. Dedim nə olub? Arvadı qıpqırmızı oldu. Bir də soruşdum. Cavab olmadı. Məsumə arvad göz elədi ki, bəri gəl, xəbərlərdən xəbərin yoxdu. Çəkildik bir kənara. Əvvəl-əvvəl uğundu, sonra birtəhər özünü ələ aldı:


- Begomot içib.

- Noulsun?

- Başına xeyir! Ə, içəndən sonra qalxıb, evin içində arvadın qovorağını götürüb.

- Niyə? Hirslənib?

- Ətin tökülməsin! Nə hirs, ə? Bu begomot qrip dərmanı döyülmüş. Qalıb depoda, alan olmayıb. Görüblər xəstəlik başlanıb, soyuqdəymə adıynan sırıyıblar camaata.

- Bu nə dərmanıdı?

- Ə, vazbuditeldi daa!

- Nə?

- Hə! O miaqradı, nə zəhrimardı, onu kimi bir şey. Səhərə qədər kişini divara dırmaşdırıb. Gah balkona, gah soyuq suyun altına. Arvad əlindən qurtaranda fövqəladə hallara zəng eləyib.

Bayaqdan görürəm axı, yazıq arvad utandığından heç kimin üzünə baxa bilmir.

Neynəsin? Bir qab sulu xəngəl, bir stəkan mürəbbəli çay hara, “Begomot” hara?

Özü də xəstə vaxtı...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı