Modern.az

Bacısı: “Hamlet xəstəxanada yatanda heç kimin yanına gəlməsini istəmirdi”  

Bacısı: “Hamlet xəstəxanada yatanda heç kimin yanına gəlməsini istəmirdi”  

Mədəni̇yyət

16 Mart 2018, 13:49

Bu gün Azərbaycanın əməkdar artisti, məşhur aktyor Hamlet Qurbanovun doğum günüdür.

Hamlet Qurbanov teatr və kino aktyoru Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirib. 1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradan aktyor Azərbaycan televiziyasının hazırladığı “Topal Teymur”, “Yollar görüşəndə”, “Evləri köndələn yar”, “Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və digər tamaşalarda maraqlı obrazlar yaradıb.
O, həmçinin “Babamın babasının babası”, “Dədə Qorqud”, “Nakəs”, “Bağ mövsümü”, “Yaramaz”, “Cin mikrorayonda” kimi filmlərdə özünəməxsus rollarla çıxış edib.

Uzun müddət xərçəngdən əziyyət çəkən istedadlı aktyor 1995-ci ilin 16 noyabr tarixində ağrı içində faciəli şəkildə vəfat edib.


Modern.az
saytı  mərhum aktyoru yada salmaq üçün bacısı Firəngiz Qurbanova ilə həmsöhbət olub.


Firəngiz Qurbanova  əslində Hamlet Qurbanovun ögey bacısıdır, yəni ata bir, ana ayrıdılar.


O, saytımıza danışarkən deyib ki, Hamlet Qurbanovla çox yaxın münasibətləri olmayıb, buna baxmayaraq aktyor onun yadında silinməz izlər qoyub:


“Mən Hamleti ilk dəfə  atamın (Ağadadaş Qurbanovun-red.) yasında gördüm. Ona kimi heç görməmişdim. Atamın qırx mərasimi idi, Hamlet də qəbiristanlığa gəlmişdi. Onu görəndə bir anlıq təəccüb hissi keçirdim. Sanki qarşımda atam dayanmışdı. Hamlet atama çox oxşayırdı”.

Aktyorun bacısı deyir ki, Hamlet Qurbanov çox yaxşı insan idi:

“O həm də gözəl aktyor idi. Düşünürəm ki, heç kim onun haqqında pis bir şey deyə bilməz. Hər halda onun həmkarlarından da Hamletin necə insan olduğunu soruşsanız, özünüz də  görərsiniz”.

Müsahibimizin sözlərinə görə, Hamlet Qurbanov xəstəxanada yatan vaxtlarda heç kimin ziyarətinə gəlməsini istəmirdi:

“Bilirsiniz, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdi. Bu xəstəlik onu gücdən salmışdı. Buna görə də istəmirdi ki, kimsə onu bu halda görsün. Mən onu elə bir vəziyyətdə  gördüm ki,  indiyədək  unuda bilmirəm”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı