Hər kəsin və özünün yerini yaxşı bilən adama
Mahir, deməli 60 yaşa çatdın. Zarafat bir yana, babat yaşdır. Müdrüklik yaşıdır. Belə də varsan.
Gözümün qabağında böyümədinmi, Qabiloğlu?! Mahir Qabiloğlu imzasını ürəyincə və ürəyimizcə doğrultmadınmı... Doğrultdun. 25-30 il əvvəl AzTV dəhlizlərində telejurnalistikanın tanınmış, üzdə olan simalarından biri kimi ad-san qazananda nə biləydik ki, gözümüzün qabağında öz atmacaları, duzlu-məzəli söhbətləri ilə Xalq şairi Qabilin əziz-xələf oğlu - statusunu layiqincə doğruldan bu oğlan qarşıdakı illərin yazıçısı, puplisisti kimi boy atmaqdadır. O vaxtlar AzTV-də hər gün mühüm tapşırıqlar əsasında bəzən iki-üç çəkilişi ilə rekord qıran Mahir heç demə həm də böyük ədəbiyyata doğru addımlayırmış...
Atası, Xalq şairi Qabil İmamverdiyevin əlindən su içən, leksikonundakıları səbirlə və səliqə ilə söz çinədanına yığan Mahir günlərin birində açıq səmada şimşək effektinə bənzəyən bir ilkə imza atdı. 2011-ci ildə “Atam Qabilin qəribə əhvalatları” kitabı ilə əsasən xırda informasiya mətnləri yazan cavan oğlan professional yazıçı iddiasında olduğunu bəyan etdi.
Sonra bu addımlar daha inamlı şəkil aldı. “Ərmən Şuşanikin sevgisi”, “Cəncəhim”, “Alim-həkim”, “Qurd yağı”, “Sandıq”, “Əlli yaşında mən”, Leyla xanım Əliyevanın əsərlərinin tərcüməsi – “Poeziya toplusu”, “Tanınmış tanışlar” əsərləri işıq üzü gördü. Mahir atasının “ o dünyadan” müxtəlif ranqlı insanlara, şair və yazıçılara dostcasına “məktublarını” sahmana saldı, şairin 7 cildlik əsərlərinin tərtibçiliyini, redaktorluğunu və naşirliyini bacarıqla reallaşdırdı. Bütün bunlar isə onun sonralar “Space” telekanalında və “Xalq qəzeti”ndə məsul vəzifələrdə çalışarkən təkcə atasının deyil, bütövlükdə çağdaş Azərbaycan ədəbiyyatının qarşısında da mənəvi borcunu ödəməyə çalışdığını göstərir.
Və nəhayət 2019-cu ildə işıq üzü görən “İtbaşı” romanı. Ədəbiyyat tənqidçisi olmadığımdan bu əsərin bədii-estetik məziyyətləri, ideya xətti, üslub xüsusiyyətləri barədə geniş bəhs etmək fikrindən uzağam. Mahirin bu əsəri barədə fikir və mülahizələrimi, tənqidi qeydlərimi Modern.az sayıtında hələ 2019-cu ilin 8 oktyabrında bildirmişəm və güman edirəm ki, həssas və duyğusal oxucular bu yazını az-çox xatırlayarlar.
İllər öz axarı ilə keçib gedir. Əziz dostum və həmkarım da öz işində, fəaliyyətindədir. Əvvəlki şuxluğu, qaynarlığı və səmimiyyəti ilə.
Yumoristik yazıları, esseləri, yubiley tədbirləri ilə bağlı qeydləri məzmunu, oxunaqlılığı və operativliyi ilə seçilir. Qəribə yazı üslubu var; bəzən sancır, iynələyir, sonra da ehmallıca öz sığal əlini sətirlərin üstündə elə gəzdirir ki, heç kim incimir. Səmimiyyəti, həlim xasiyyəti, qonaqpərvərliyi də öz yerində. Dostlarının - xüsusən də İlqar Paşazadənin, Abbas Rüstəmovun, Mübariz Süleymanlının, Füzuli İsmayılovun və bu sətirlərin müəllifinin “bəlkə bir oturaq” çağırışını cavabsız qoymur. Elə bu yerdə dekabrın 4-də 60 illik yubileyi olacaq Mahirə yazıçıların yaxşı bildiyi məşhur söz adamlarından birinin qanadlı ifadəsini də xatırlatmaq istərdim, “Yu, biley də...”
Yaz, yarat, biz də oxuyaq, feyziyab olaq... Bu qədər. Təbriklər! Uzun və sağlam yaşa! Ailənlə, balaların və nəvələrinlə, təbii ki, səni çox istəyən dostlarınla birlikdə xoşbəxt ömür sür, şair oğlu şair!
Akif Cabbarlı,
yazıçı-publisist