Modern.az

Əfsanəvi supermodel vəfat etdi - FOTOLAR

Əfsanəvi supermodel vəfat etdi - FOTOLAR

Mədəniyyət

Bu gün, 13:29

1960-cı illərin moda dünyasının ən məşhur simalarından biri, alman supermodel Veruşka 87 yaşında vəfat edib. Fotoqraf Riçard Avedonun bir vaxtlar “dünyanın ən gözəl qadını” adlandırdığı model moda, incəsənət və fotoqrafiya tarixində silinməz iz qoyub.

Modern.az xəbər verir ki, Veruşka Berlində dünyasını dəyişib. Onun vəfatı barədə ailəsi modelin bacısı Katarina Kappelhoff-Vulfa məxsus moda brendinin internet səhifəsində məlumat yayıb. Açıqlamada Veruşka moda, incəsənət və fotoqrafiya dünyasına böyük təsir göstərmiş görkəmli qadın və sənətkar kimi xarakterizə olunub.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, model evində, yaxınlarının və dostlarının əhatəsində vəfat edib. Ölümünün səbəbi hələ açıqlanmayıb.

Veruşkanın əsl adı Vera Qotlib Anna qrafinya fon Lendorf-Ştaynorm olub. O, 1939-cu il mayın 14-də o vaxtkı Şərqi Prussiyanın Köniqsberq şəhərində (indiki Rusiyanın Kalininqrad şəhəri) aristokrat ailəsində dünyaya gəlib. Onun uşaqlıq illəri İkinci Dünya müharibəsinin ağır dövrünə təsadüf edib.

Vera cəmi beş yaşında olarkən atası, qraf Henrix fon Lendorf-Ştaynor Adolf Hitlerə qarşı 1944-cü il iyulun 20-də baş vermiş sui-qəsd cəhdində iştirak etdiyinə görə nasistlər tərəfindən edam edilib. Sui-qəsd cəhdinin uğursuzluğa düçar olmasından sonra iştirakçılara qarşı amansız repressiyalar başlayıb. Vera və bacıları düşərgələrə göndərilib, hamilə anası isə həbs olunub. Ailə müharibə başa çatdıqdan sonra yenidən birləşsə də, əvvəlki mövqeyini itirib və həyatını yenidən qurmağa məcbur olub.

Müharibədən sonra ailə Hamburqda məskunlaşıb. Vera burada incəsənəti öyrənib, daha sonra Florensiyaya köçüb. 1959-cu ildə fotoqraf Uqo Mulas onu kəşf edib. Beləliklə, modelin karyerası başlayıb.

Təxminən 185 santimetr boyu və qeyri-adi uzun ayaqları ilə Veruşka həmin dövrün modellərindən xeyli fərqlənirdi. O, Vera adının rus dilində səslənən kiçildilmiş formasından ibarət səhnə təxəllüsü seçərək özünəməxsus obraz yaradıb.

Onun karyerasında əsas dönüş 1964-cü ildə Nyu-Yorka qayıtmasından sonra baş verib. Model o zaman “Vogue” jurnalının Amerika nəşrinin baş redaktoru olan Diana Vrilendin diqqətini çəkib. Qısa müddətdə Veruşka dünyanın ən çox tələb olunan modellərindən birinə çevrilib.

On il ərzində “Vogue” jurnalının Amerika nəşrinin üz qabığında 13 dəfə yer alıb.

Karyerasının zirvəsində Veruşka moda sənayesinin ən yüksək qonorar alan modelləri sırasında olub. “The Guardian” qəzetinin məlumatına görə, onun bir iş gününə görə aldığı qonorar 10 min dollara çata bilirdi.

1966-cı ildə Veruşka moda sənayesinin hüdudlarını aşaraq kinoda da özünü sınayıb. O, Mikelancelo Antonioninin “Fotoqrafiya” filmində özünü canlandırıb. Dünya kinematoqrafiyasının klassiklərindən sayılan bu ekran əsəri modelin daha geniş auditoriya tərəfindən tanınmasına şərait yaradıb.

1970-ci illərin ortalarında model moda biznesindən müəyyən qədər uzaqlaşaraq diqqətini incəsənətə yönəldib. Alman rəssam Holger Trülçlə birlikdə bədən rəngləmə sənətindən istifadə etməklə qeyri-adi foto layihələri hazırlayıb. Bu layihələrdə modelin rənglənmiş bədəni təbiət mənzərələri, memarlıq nümunələri və ətrafdakı əşyalarla birləşərək müstəqil sənət əsərinə çevrilirdi.

Bununla belə, Veruşka moda dünyasından tamamilə ayrılmayıb. 1994-cü ildə “Chanel” moda nümayişində podiuma qayıdıb. 2011-ci ildə 71 yaşında Giles Deaconun moda nümayişində iştirak edib. 2017-ci ildə isə “Acne Studios” brendinin reklam kampaniyasının siması olub.

2006-cı ildə model Ceyms Bond haqqında çəkilmiş “Casino Royale” filmində də rol alıb. O, Daniel Kreyqin canlandırdığı 007 agenti ilə kart oyunu oynayan iştirakçılardan birini canlandırıb.

Veruşka karyerası boyunca fotoşəkillərin həddindən artıq retuş edilməsinə və plastik cərrahiyyəyə qarşı çıxıb. 2010-cu ildə yaşlanma ilə bağlı müsahibəsində gənc görünmək üçün hər vasitəyə əl atmaqdansa, həyata sevgini və canlı düşüncəni qorumağın daha vacib olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyə ayağa qalxdı! Gürcüstana sərt cavab - Ərdoğan hərəkətə keçdi