Modern.az

Ələmdar Quluzadənin Xocalıda keçən uşaqlığı: “Sayımız artdıqca, ermənilər narahat olurdular”

Ələmdar Quluzadənin Xocalıda keçən uşaqlığı: “Sayımız artdıqca, ermənilər narahat olurdular”

7 Noyabr 2018, 09:16

Uşaqlıq xatirələrini ahıl yaşında bir sapa düzmək çox çətindir. Sanki kiçik, ağ şara bənzəyən zəncirotu çiçəklərini üfürürsən, küləklə hərəsi bir yana  dağılır. Sonradan onları toplamaqda aciz qalırsan. Bax uşaqlıq xatirələri də yaddaşımızda zəncirotu çiçəkləri kimi dağınıq həkk olunur.

Modern.az-da “Mənim kəndim” layihəsinin budəfəki müsahibi də belə düşünür. Azərbaycan Dövlət Radiosunun uşaq verilişləri bölməsinin rəhbəri, şair Ələmdar Quluzadə anadan olduğu Dağlıq Qarabağın Xocalı kəndindən danışıb. Müsahibimiz onun uşaqlığı dövründə Xocalının kənd olduğunu xüsusi qeyd etdi.

“Uşaqlıq xatirələri ahıl yaşında insan üçün daha da əzizləşir”

- 1952-ci ildə yanvarın 7-də Qaladərəsi kəndində anadan olmuşam. Ailədə sonbeşik idim, yeddi uşağın yeddincisi. Kənddə atam, anam təsərrüfat işləri ilə məşğul olardı. Atam müxtəlif işlərdə çalışar, çörəkpulu qazanardı. Bacı-qardaşlarım da müxtəlif işlərdə çalışırdılar. Bacılarım 8-ci sinfə qədər oxudular, sona qədər irəliləmədilər.


1959-cu ildə mən sonralar Xocalıya birləşdirilən Qaladərəsi kəndində birinci sinifə getmişəm. Həmin illərdə Xocalı da kənd idi və onunla yanaşı, iki kənd Dərələyəz və Qaladərəsi kəndləri var idi. Bir müddət sonra hər iki kənd Xocalıya birləşdi və Xocalı şəhər adlandı. 1969-cu ildə orta məktəbi bitirərək sənədlərimi Lelin adına Azərbaycan Pedaqoji İnstitutunun Xankəndində yerləşən filialına təqdim etdim. Bakıda imtahanlardan keçdim. Maraqlıdır ki, qəbul olunan 25 nəfərin siyahısında sonuncu idim. Sanki zorla əlini qayadan tutub yapışan alpinist kimi siyahının sonunda qərarlaşmışdım. Buna baxmayaraq, birinci semestrdən sonra çalışqan uşaqlar fərqlənməyə başladı və əlaçı olduq. Eyni balla qəbul olunan son üç nəfər ali məktəbi fərqlənmə diplomu ilə bitirdik.


1973-cü ildə institutu bitirdim və elə diplom almamış əmək fəaliyyətinə başladım. Mən institutda oxuyanda fakültə komsomol komitəsinin katibi idim. Komsomol sanki mənim boyuma biçilmişdi. Fakültədə oğlan az idi və hamısı kənd yerlərinə getməyə can atırdı. O zaman belə qayda var idi - 27 yaşına qədər kənddə çalışanları əsgərliyə aparmırdılar. Mən isə Bakıya gəldim, komsomolun mərkəzi komitəsində məni iş üçün yoxlamağa apardılar. Komitədə Vəfa Əliyev adında bir nəfər məsul işçi məni komsomol stajım olmadığına görə, işə götürə bilməyəcəklərini dedi. Cəmi 17 yaşında ali məktəbə qəbul olunan, 21 yaşında bitirib, iş dalınca qaçan bir gəncdən təcrübə tələb edirdilər. Halbuki, bir günü belə hədər verməmişdim. Belə mənzərə ilə qarşılaşmaq məni bir qədər incitsə də, sözümü deməyi özümə borc bildim. Vəfa müəllimə diqqətlə baxıb, bircə kəlmə dedim ki, cəmi 21 yaşım var, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm, hansı ara təcrübə qazanmalıydım? Vəfa müəllim, güldü, hiss etdim ki, belə etirazı gözləmirdi. Dedi – “biz səni işə götürməliyik, özünü doğrultmalısan və stajın olmalıdır”. Mən inanıram ki, sonradan Vəfa müəllimin qarşısına yenə 21 yaşlı tələbə çıxsa, mənim bu cavabım yadına düşəcək, tələbədən staj tələb etməyəcəkdi.

“... bəzən ayaqyalın gəzmişik, bəzən isə yüngül olduğuna görə çarıq geyinmişik”

- Uşaqlığım necə keçib deyə, soruşursunuz. Kənd uşağının günü-güzəranı necə keçirsə, mənimki də elə. Sovet dövründə əyalətlərdə, kəndlərdə yaşayan uşaqların, demək olar, hamısı eyni cür uşaqlıq yaşayırdı. Təsərrüfat işləri görürdük, qoyun-quzu otarırdıq, tarlada, bostanda valideynlərimizə yardım edirdik və ... bütün bunlarla bərabər həvəslə məktəbə gedir, dərslərimizi oxuyurduq. Uşaqlıq illərimiz çətin də olsa mənalı idi.


Bəzən ayaqyalın olmuşam, çarıq da geyinmişəm. Çarıq yüngül olurdu deyə, qaçanda hamını ötmək istəyilə onu geyinirdik. Həmin dövrdə çətinliklərə alışmışdıq. Ayaqyalın, başıaçıq dolanmaq, qışda-qarda üşümək də bizi qorxutmurdu. Kənd uşağı idik axı.


Yadımdadır, hərdən uşaqlarla bir yerə yığışıb, meyvə oğurluğuna çıxardıq. Oğurluq deyəndə ciddi başa düşməyin, hərə özü üçün cəmi 1-2 meyvə götürərdi. Çəpərlərdən adlamışıq, armud, alça, alma, gilas oğurlamışıq. Uşaqlıqda oğurladıqlarımı yığa bilsəydim, bəlkə də bir böyük mağazam olardı. Amma uşaqkən gözümüz könlümüz tox olur, əlimizə keçəni də dağıdıb, itiririk. Maraqlıdır ki, özümüzə “meyvə ziyafəti” təşkil edəndən sonra göldə çimməyə gedərdik. Bu sadəcə bizim istirahətimiz idi.


Xocalıda 1965-66-cı illərdə geniş üzümçülüyə başladılar. Bağlar salınırdı. Amma həmin illərdə o qədər də çox üzüm olmadığına görə, şagirdləri üzüm toplamağa aparmazdılar. İşçilər çox idi. Sonrakı illərdə məhsul artdıqca yuxarı sinif şagirdlərini köməyə aparırdılar. Uşaqlarla üzüm bağlarına girib, doyunca yeyərdik. Uşaq üzümə oğurluğa girəndə böyüklər kimi yeşikləri doldurub, aparmır ki... Bir salxım götürür, qaçır. Dalımızca da düşməzdilər, uşaqdı, qoy yesin deyib, yola verirdilər.

Bu gün uşaqlığım yadıma düşəndə kövrəlirəm demərəm, ləzzət alıram. Çünki uşaqlıq ömrümü, uşaq kimi, istədiyim kimi yaşamışam. Bu gün isə pulun çox da olsa, şəraitin imkanın yaxşı da olsa, uşaqlıqdakı narahatlıq indiki rahatlıqdan qat-qat ləzzətli idi.


“Üç kəndin uşağı Xocalıdakı orta məktəbə yığışırdı”

- Qaladərəsi, Dərələyəz və Xocalı kəndləri bir sovetlikdə birləşmişdi. Xocalının kənd statusunda olduğu dövrə təsadüf edən məktəb illərim xatirimdə çox gözəl qalıb. Mənim qardaş-bacılarım yaşca böyük olduğuna görə, məktəbə başlamamış onlardan çox şey öyrənmişdim. 5 yaşımda hərfləri tanıyırdım, sayırdım, hesablamaları həll edirdim, mətnləri oxuyurdum, şeirləri əzbər bilirdim. 1957-ci ildə kiçik bacım - hansı ki, məndən iki yaş böyük idi - birinci sinfə gedirdi. Bacım heç nə bilmirdi, mən isə daha yaxşı oxuya, yaza bilirdim. Məktəbə bacımla birlikdə başlamaq istədim və müraciət etdik. Amma yaşım çatmadığına görə götürmədilər. Sonrakı il, 6 yaşımda da götürmədilər. Nəhayət, 1959-cu ildə, 7 yaşım tamam olanda orta məktəbə başladım, birinci sinifə getdim.


Keçən əsrin ortalarında bölgələrdə, o cümlədən, Xocalıda da müəllimlər böyük insan idilər. Daha çox kişi müəllimlər bizə dərs deyirdi. Həkim adında ibtidai sinif müəllimimiz olub. İkinci sinifdə İbrahim müəllim dərs keçirdi. Mən oxuduğum illərdə üç kəndin uşağı – Dərələyəz, Qaladərəsi və Xocalı şagirdləri bir məktəbdə oxuyurdu. Həmin məktəb isə cəmi 7 illik idi. Məktəb Xocalıda yerləşirdi. Hər kəndin arası 2-3 kilometr olardı. Biz qarda, yağışda, boranda o qədər yolu gedə bilmirdik. Mən birinci sinifdə oxuyanda valideynlər narazılıq etdilər ki, uşaqlar uzaq yolu getməyə çətinlik çəkirlər. Kəndimizdə yaşayış olmayan bir evi götürdülər, lövhə, stol-stul yerləşdirdilər və orada oxumağa başladıq. İkinci sinifi mən həmin “məktəb”də oxudum. Üçüncü sinifdən sonra isə Xocalıda yerləşən yeddi illik məktəbdə davam etdim.

Orta məktəb illərim çox maraqlı keçib. Birinci sinifdən əlaçı olmuşam. Əlifba bayramında isə ilk hədiyyəmi qazanmışam. Mənə şəkilli jurnal vermişdilər – “Tülkü və Hacıleylək”. Bu ilk mükafatım olduğu üçün xatirəsi də mənə əzizdir. O mükafatımdan sonra uğurlarım, nailiyyətlərim də çox oldu.

Qaladərəsindən ilk ali təhsilli adam mənəm. Sonralar ali təhsillilərin sayı artdı. Orta məktəblər tikildikcə, qızlar da təhsilə daha çox yönləndirilməyə başladı.

Ali məktəbi bitirəndən sonra kənddə qalıb, komsomol katibi kimi işləməyimi xahiş etdilər. Mən isə onlardan tələb etdim ki, vətənə borcum var, ödəməliyəm, əsgərliyimi çəkib, sonra işləyəcəm.

Həmin dövrdə xüsusilə savadlı insanlar həyata fərqli yanaşırdı. İstədiyin yerdə yaşamırsansa, istədiyin yerdə işləmirsənsə, ömrünün maraqsız yaşadığın bir neçə ilini itirirsən. Mən də Xocalıdan çıxmaq, daha böyük yerlərə çatmaq istəyiridm.

Xankəndində keçən tələbəlik illərim də yaddaşımda maraqlı izlər qoyub. Tələbə vaxtı tələbələrin 30 faizi ərizə yazır, 70 faizi şeir. Ərizə yazanlar imtahandan kəsilənlər idi. Mən isə ərizə deyil, şeir yazanlardan idim.

“Təxminən 10-a yaxın kənddən cəmi 16-17 nəfər yuxarı sinifləri oxuya bilirdi”

- Xocalı digər kəndlərə baxanda daha böyük olduğuna görə, klub, məktəb, müvafiq idarələr orada yerləşir, bütün üç kəndə nəzarət edirdilər.

Artıq sonrakı illərdə Dərələyəz və Qaladərəsi kəndlərində məktəblər açıldı və şagirdlər hər öz kəndində təhsil almağa başladı.

Sırf oxumaq üçün uzaq yolları piyada qət edib, məktəbə gedən uşaqlar qışda belə üşümürdük. Qarda, boranda, yağmurda... sanki vətən torpağının istisi ilə qızınırdıq. Həqiqətən, pafossuz belədir. Yaşadığın vətən torpağı olanda torpaq səni qızdırır, sən də torpağı. Biz məktəbə məcburiyyətlə getmirdik. Kənd uşaqları ilə bir yerə yığılır, yaz-yay vaxtı böyürtkən, alça, alma-armud yeyə-yeyə məktəbə gedir, məktəbdən gəlirdik. Kənddə o illərdə saflıq var idi. Hər kəs bir-birinə kömək etmək istəyirdi. Yolboyu bir dəstə uşaq məktəbə gedib-gələndə sakinlər öz bağ-bağatından yığdıqlarından bizə verirdilər. Uşaqlarla məktəbə qədər də, məktəbdə də, məktəbdən çıxanda da bir yerdə olurduq. Darıxdırıcı günlərimiz heç olmazdı. 

Yeddi illik məkəbi bitirən şagirdlər Xankəndində təhsilini davam etdirməyə yollanırdılar. Bura tək Xankəndindən deyil, Malıbəyli, Quşçular, Kosalar, Xocalı və digər kəndlərdən uşaqlar oxumağa gəlirdi. Məndən əvvəl böyük qardaşım orada təhsil alan illərdə maraqlanmışdım. Bütün bu kəndləri bir yerə yığanda cəmi 16-17 nəfər uşaq 10-cu sinifdə oxuyurdu. Sadaladığım kəndlərdə orta məktəblərin sayı artdığına görə, Xankəndində oxuyan şagirdlər də çoxalırdı. Artıq insanlar müəyyən qədər elmə istiqamətlənir, oxumağa çalışırdılar. 1970-80-ci illərdə guya azərbayanlıların az olduğu Xankəndində tək bir məktəbə hər il 150-dən çox azərbaycanlı şagird  birinci sinifə qədəm qoyurdu. Kənd əhalisi bu cür inkişafa meyl etdikcə, sayı artdıqca, ermənilər də narahat olurdular. Onlar elə həmin illərdən hesablayırdılar ki, azərbaycanlılar üstünlük qazandıqca, əhalinin etnik tərkibi dəyişəcək. Bundan qorxan ermənilər ayaq altında qalmamaq üçün Azərbcayan xalqına təcavüzlərə başladılar.



“Xocalıda kəndli ailəsində böyüyən hər bir uşaq əmək məktəbi keçirdi”

- Kənddə uşaqlı-böyüklü hamımız işləyərdik, zəhməti sevərdik. Qoyun-quzu otarardıq, yer belləyib, bağ-bostan salardıq, əkin sahələrinin ətrafını, evlərimizin yan-yörəsini bağlamaq üçün çör-çöp yığıb, çəpər hörərdik. Şuşa ilə Xankəndinin arasında dolamalar var idi. Buna “Yeddi dolama” deyirdilər. Şuşadan Laçına keçəndə də “Yeddi dolama” var idi. Uşaqlığımda, gəncliyimdə o yolları bəlkə də, yetmiş yeddi dəfə keçmişəm. Bir dəfə də keçmək arzusundayam.

Kənd uşaqları ilə ən sevdiyimiz oyunumuz futbol idi. Mən kəndin yığma komandasında da, Xocalı komandasında da oynamışam. Artıq 15 yaşımda ikinci dərəcəli futbolçu nişanını almışdım.

İkinci Dünya Müharibəsindən sonra hamı necə yaşayırdısa, xocalıların da həyat tərzi digər kəndlərin camaatının həyat tərzinə bənzəyirdi. Amma münaqişə qızışan vaxtlarda dolanmaq xeyli çətinləşmişdi. Xocalıda demək olar, hamı bir-biri ilə qohum idi. Qız alıb-qız verərdilər. İnsanlar bir-birinə yaxın, münasibətlər isti idi. Kimsənin qohumundan, qonşusundan gizli sirri olmazdı. Nə tapsalar, bölüşdürər, birlikdə yeyib-içərdilər. Kənd camaatı əlinin zəhməti ilə ailəsini dolandırırdı.

Xocalı camaatı anlayırdı ki, yaxşı dolanmaq üçün çoxlu əziyyət çəkmək lazımdır. Ona görə, əhali toyuq-cücədən tutmuş, bağ-bostana qədər yetişdirirdi. Müxtəlif tərəvəzlər, meyvələr becərirdilər. Xocalı torpaqları subtropik əraziyə bənzəyirdi. İldə iki-üç dəfə məhsul götürmək olurdu. Məsələn, kartof becərirdilər, məhsul götürəndən sonra yerinə kələm, soğan əkirdilər. Ondan sonra, artıq payızlıq göy-göyərti əkib, məhsul götürmək olurdu. Məhsuldar Xocalı torpaqlarında bir sot torpaq ailənin bütün il boyu dolanmasıəna, ərzaqla təminatına kifayət edirdi. Xocalıda becərilən məhsulları digər rayponlarda da bəh-bəhlə alıb, istifadə edirdilər. Çünki hər kəs bilirdi, bu toprpaqlarda becərilən məhsullar təmiz, keyfiyyətlidir.


Xocalıda kəndli ailəsində böyüyən hər bir uşaq əvvəl əmək məktəbi keçirdi. Bizim hər birimiz, kənd təsərrüfatı, bitkilərin becərilməsi, heyvanlara, mal-qaraya qulluq və s. haqqında bilgilərə malik idik.

“Xocalının 50-60-cı illərdəki mənzərəsi bu ahıl yaşımda da gözümün qabağından getmir”

- O qəzet yazır, bu qəzet yazır. Oxuyuram, Xocalının indiki durumu haqqında. Yazırlar ki, Xocalını sökürlər, aeroportu uzadırlar... 66 yaşım var, yan-yörəsində uşaqlığımın keçdiyi Xocalı aeroportu, uşaqlığımdakı Xocalının mənzərəsi indi də mənim gözümün qarşısındadır. Qəzetlərdən oxuyanda, bir anlıq o yamaclara, dağlara, düzənliklərə, meşələrə gedirəm, beynimdə uşaqlığımın Xocalısını canlandırıram. Aeroportu uzadıblarsa, deməli, yolun kənarındakı Dərələyəz kəndindən əsər-əlamət yoxdur. Cəmi 500 metr uzanan aeroport kəndi məhv edəcək. Düşünürəm, aeroportu filan istiqamətdə uzatsalar, Namaz kişinin evinə, çay kənarına gəldi çatdı ki... Aeroportun ətrafında 22 kurqan var idi. Həmin kurqanların ən azı 10-u məhv edilib. Ermənilər tariximizi bax belə məhv edirlər.


Böyüdüyüm Qaladərəsi kəndi dağətəyi ərazidə yerləşirdi. Qaladərəsi ilə Xocalını Badara çayı ayırırdı. Xocalı və ona bitişik kəndlər isə vadi sayılırdı. Ətrafı dağlarla əhatələnmiş düzəngah idi oralar. Harov, Şuşa, Qırxqız dağları, Bozdağ, uzaqda Murov dağı görünərdi. Harov və Bozdağın birləşdiyi hissə açıq idi və orada Əsgəran qalası var idi. Əsgərana qədər və elə Əsgərann özündə də nar, əncir, digər meyvələr yetişirdi. Sanki Əsgəran aranla, dağları ayıran bölgə idi, adı da buradan gəlirdi – “əks aran”. Əsgəranla bizim kəndimizin arası 500 kilometr idi. Bizdə də oradakı naz-nemətdən yox idi.

“Təyyarələr Xocalının üstündən uçanda, bütün uşaqlar arxasınca qaçardı”

- Xocalı işğal olunana qədər hara getsəm də, öz vətənimə, Xocalıya, Qaladərəsinə qayıdırdım. Ora Qarabağın mərkəzi idi. Sonradan Xocalıda dəmir yolu da çəkildi, təyyarələr, avtobuslar da işləyirdi.

Biz uşaqlar üçün ən maraqlı yerlərdən biri elə aeroport ərazisi idi. 1950-60-cı illərdə aeroporta asfalt çəkilməmişdi. “Kukruznik” adlanan təyyarələr aeroport ərazisindən uçurdu. Biz o ərazilərdə mal-qara  otarırdıq, aeroportun otunu çalıb, mal-heyvan üçün aparırdıq. Bəzən axşam saat 9-dan, gecə saat 11-ə qədər yaylıma da gedirdik. Uşaqlarla mal otaranda həmin təyyarələri görürdük, hamımız arxasınca qaçırdıq. Həmin vaxt üzüm bağlarını dərmanlamaq üçün o “Kukruznik”lərdən istifadə edirdilər. Bu təyyarələr kiçik, 12 nəfərlik idi. Uzun vaxtda mənzil başına çatırdı. Sonralar “YAK 40” təyyarələri alındı, aeroporta gətirildi. 45 dəqiqəyə “YAK 40”larla Bakıya uçmaq olurdu.

“Uşaqlar əvəzinə, böyüklər dava edirdilər”

- Üç kəndin camaatı Xocalıda bir kəndli kimi yaşayırdıq. Adətən, uşaqlıqda davalar, yeniyetməlikdə qız üstündə mübahisələr çox olur. Amma bizim kəndlərdə belə hal yox idi. Bir məktəbdə mehriban oxuyurduq, sevinirdik, oynayırdıq. Heç yeniyetmə vaxtı da qız üstündə dalaşmazdılar. Bəlkə qızlar oğlanların üstündə dalaşıb, xəbərim yoxdur, amma oğlanlar bir-biri ilə dava etmirdi. Əsas inciklik, dava-şava yaşlılar, hətta 60-65-dən çox yaşı olan ahıllar arasında idi. Biri deyirdi, niyə arxdan su açmısan, mən bağımı sulaya bilmirəm. O biri deyirdi, sənin həyətin genişdi, imkan ver biz də dolanaq... Amma ən çox qadınlar dalaşardı. Uşaqlar analarını sakitləşdirir, hərə öz anasını çəkib aparardı.

 “Kənddə məhəbbətə başımı qatsaydım, yaxşı oxuya bilməzdim”

- Əksəriyyətdən fərqli olaraq, mənim ilk məhəbbətim orta məktəb illərində başıma gəlməyib. Ali məktəbdə sevmişəm ilk dəfə. Düşünürdüm ki, kənddə məhəbbətə başımı qatsaydım, oxuya bilməzdim, savadlanammazdım, heç instituta da qəbul olunmazdım. Halbuki, instituta qəbul olunan kimi, birinci kursda qəşəng bir qızla məhəbbət yaşamışam.

“Xocalıda toy da, yas da hamı üçün idi”

- El adətlərindən də danışım... Toylarımız olardı, təmtəraqlı, çalıb-oynamalı – kiçikli-böyüklü hamının ləzzət aldığı toylar. Heç kim dəvət etdiyi qonağa demirdi ki, uşağı toya gətirmə, bir evdən bir adam gəlsin və s. Kənddə toy var idisə, bu bütün kəndin məclisi sayılırdı. Toylarda yeməklə musiqi bir-birinə qarışmazdı. Ayrı-ayrı mağarlar qurardılar. Toy mağarı ayrı, yemək mağarı ayrı idi. İndi ziyalıların çoxu toy məcislərinə gedə bilmir. Camaat inciyir ki, niyə toyuma gəlmirsən. Anlamırlar ki, o toyun səsi başımıza düşür, bir yanda “şalaxo gedən”, oynayan adamlar, digər tərəfdə isə yemək-içmək.

Yuxarı Qarabağ zonasında toylarda qarmon, tar, qaval, zurna-balaban populyar idi, xanəndələr dəvət edirdilər. Saz çox yayılmasa da, bəzi toylarda aşıq gətirər, dastan danışardılar.

Yas məclisləri də bütün kəndin yası olardı. Bir evdə yas düşərdisə, hamı o qohumun, qonşunun, həmkəndlinin hüznünə şərik idi.
 

Bayramlarımız...

- Xocalı, Dərələyəz, Qaladərəsi kəndlərinin ən sevimlisi bayramı Novruz idi. Ən çox biz uşaqlar sevinirdik. Yumurta boyayırdıq, qonşulara papaq, kisə atardıq... Tonqal qalayıb, üstündən atlanardıq. Qurban bayramı da kənd camaatı üçün əziz idi. Bu bayramda hamının evində qazan qaynayırdı. Mənim atam da mömin adam idi, bütün bayramlarda qurban kəsir, gücü çatdığınca qohum, qonşuya qurbanlıq paylayırdı.



“Xocalı düşmən tapdağında bizi gözləyir, biz isə burada “dastan” açmışıq”

- Uşaqlıq illərindən şəkillərim də azdır, Xocalıda qalıb, ora-bura köçdükcə əksəriyyəti itib-batıb.

Xocalıya sonuncu dəfə 1991-ci ildə getmişdim. Şəhər dəyişmişdi, bir az ümidli, bir az ümidsiz idi. beşmərtəbəli binalar tikilmişdi.

Xocalıda keçən uşaqlıq illərimdə yaşadıqlarımı oxuyan insanlar güləcək də, ağlayacaq da...                                                                               

Biz Xocalını itirəndən sonra özümüz-özümüzü qiymətləndirib, dəyər verə bildik. Ermənilərin o zəkası yox idi ki, bizlərlə yarışa girsin. Vaxtında özümüzə dəyər versəydik, ermənini daxilimizə buraxmasaydıq, bu gün işğalla qarşılaşmazdıq. Xocalı, Qaladərəsi, Dərələyəz ərazilərində ermənilər yaşamırdı. Ən yaxın erməni kəndi ilə Xocalının arası iki kilometr idi, əhali bir-birini görməzdi. Xocalıda sırf azərbaycanlılar yaşayırdı. Sizə bir şeyi deyim, erməni kəndlisi Azərbaycan kəndlisi ilə müharibə etmirdi. Ermənilər içində fitnəkarlar var idi, sözsüz, kəndli kəndliyə elə vəhşilik edə bilməzdi. Sadəcə ermənilər torpaq istəyirdi. Erməni rəhbərliyinin məqsədi də ərazilərimizdə möhkəmlənmək idi. Bütün bu qurulan ssenarilərin nəticəsidir ki, Xocalı bu gün işğal altındadır...  

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır