Modern.az

Polad Həşimovun sevdiyi mahnı: onu kim bəstələyib, sözlərini hansı şair yazıb?

Polad Həşimovun sevdiyi mahnı: onu kim bəstələyib, sözlərini hansı şair yazıb?

Reportaj

27 Mart 2024, 13:30

O, Azərbaycanda kiçikdən böyüyə hər kəsin qəhrəmanıdır. General-mayor, Milli Qəhrəman Polad Həşimov… Qarabağ müharibəsi dövründə döyüş şəraitində şəhid olan ilk general... Öz əməlləri və xarakterilə əsgərlərin könlündə taxt quran komandir... Polad Həşimovun əsgəri olmuş hər kəsin onunla bağlı heç vaxt unudulmayacaq ən azı bir xatirəsi var.

O, Vətəninə, millətinə, torpağına, bayrağına bağlı əsl hərbçi, qeyri-adi insan idi… 

Polad Həşimovun əsgərləri deyirlər ki, “komandir hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, az qala əliyalın düşmən üzərinə qaçmaq istəyirdik”.

2016-cı ilin “Aprel döyüşləri”ndə göstərdiyi şücaətə görə dövlətin ona bağışladığı evi özü kirayədə qala-qala, şəhid ailəsinə bağışlayan general... O, sanki Tanrının Azərbaycan xalqına bir hədiyyəsi idi...

Polad Həşimov ad-soyadını eşidən hər kəsin simasında yalnız sayğı-ehtiram, minnətdarlıq ifadəsi yaranır. 

Şəhid general yalnız peşəkar hərbçi xüsusiyyətlərilə fəqlənməyib, onun digər qabiliyyətləri də vardı. Eləcə də musiqi zövqü fərqliydi... Bunu Modern.az saytına onun həyat yoldaşı Ofeliya Salmanova deyib.

Yəqin ki, hər kəs üçün maraqlıdır, şəhid general hansı musiqiləri sevib dinləyirmiş...

Həyat yoldaşının bizə dediyinə görə, Milli Qəhrəmanımız klassik musiqiləri çox sevirmiş, italyan bəstəkar və müğənni Andrea Boçellinin musiqilərini tez-tez dinləyirmiş. 

Polad Həşimovun xoşladığı Azərbaycan musiqilərindən biri isə “Biri sənsən, biri mən” mahnısı imiş.

“Bir dəfə həyəcanla məni çağırdı ki, Ofeliya, tez gəl, sən də bu mahnıya qulaq as! Bu, Aybəniz Haşımovanın ifasında “Biri sənsən, biri mən” mahnısı idi. Polad o mahnıya çox tez-tez qulaq asırdı”, - deyə Ofeliya Salmanova bizimlə söhbətdə qəhrəmanımızın musiqi zövqündən danışıb.



Bəs Polad Həşimovun da sevdiyi “Biri sənsən, biri mən” mahnısı necə və nə vaxt yaranıb?

Mahnının tarixçəsilə bağlı kiçik bir aşardırma apardıq. Məlum oldu ki, “Biri sənsən, biri mən” mahnısını ötən əsrin ortalarında mərhum bəstəkar, Əməkdar artist, mahir tarzən Əhsən Dadaşov bəstələyib.

Mahnının sözlərini isə Azərbaycanın Xalq şairi, mərhum Bəxtiyar Vahabzadə yazıb.

Əhsən Dadaşov musiqi mədəniyyətimizdə bir fenomen olub. Onun yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən birini təşkil edir. Mərhum bəstəkar milli instrumental sənətinin inkişafı və təbliği sahəsində mühüm xidmətlər göstərib. Ə.Dadaşov 1960-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri nəzdində “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb və ömrünün sonuna kimi (1976) onun bədii rəhbəri olub. 

“Biri sənsən, biri mən” mahnısının ilk ifaçısı isə məşhur xanəndə, mərhum Xalq artisti İslam Rzayev olub. Deyilənə görə, bu mahnı ilk dəfə İslam Rzayev tərəfindən ifa olunanda bəstəkar Əhsən Dadaşov o qədər təsirlənib ki, göz yaşlarını saxlaya bilməyib.

Mahnıya qulaq asan mərhum Bəxtiyar Vahabzadə isə heyrətini belə dilə gətirib: "Musiqiyə qulaq asdım və dəli oldum. Musiqinin özü mənim şeirimi elə açıq və həzin pıçıldayırdı ki… Allah insaf versin, Əhsənə, o, adi bəstəkar deyil, möcüzədir…”.
 

"Biri sənsən, biri mən" mahnısı səsləndiyi ilk vaxtlardan dinləyici auditoriyası tərəfindən rəğbətlə qarşılanıb. Mahnı uzun illərdir sevə-sevə dinlənilir. Onun dinləyici auditoriyası bu gün də çox genişdir.

Bu mahnıya ikinci möhürü İslam Rzayevdən çox-çox sonralar Əməkdar artist Aybəniz Haşımova vurub. Aybəniz xanımın ifası İslam Rzayevin də çox xoşuna gəlib və onunla İctimai Televiziyanın efirində məhz həmin mahnını duet şəklində oxuyub.

Bu gün "Biri sənsən, biri mən" mahnısı elə hər iki sənətkarın – İslam Rzayev və Aybəniz Haşımovanın ifasında sevilir və dinlənilir.

Qeyd etdiyimiz kimi, adları çəkilən sənətkarlar mahnını həm tək, həm də duet şəklində ifa ediblər.



Əməkdar artist Aybəniz Haşımova bizimlə söhbətdə deyib ki, şəhid general Polad Həşimovun məhz onun ifasında olan mahnını sevərək dinləməsi xəbərindən çox təsirlənib.


“Hər dəfə onun rəsminə baxanda belə bir generalın şəhid olmağı məni şan-şan edir. Bir generalı yetişdirmək üçün illər lazımdır. Ailəsinə, övladlarına, böyük anamız Səmayə xanıma Allah səbr versin. Şəhidimizin yeri behişt olsun”.

Aybəniz Haşımova söhbətimiz əsnasında "Biri sənsən, biri mən" mahnısına çəkiləcək klipdən də danışıb:

Allahın iznilə, yaxın zamanlarda ifamda olan "Biri sənsən, biri mən" mahnısına çəkiləcək klipi ailəsinin arzusu ilə şəhid generalımız Polad Həşimovun əziz xatirəsinə həsr edəcəm. Mahnını ifa etdiyim gündən bu bəstəyə necə bir klip ərsəyə gətirəcəyimi hey düşünürdüm. Sonralar mahnı çox tez bir zamanda elə sevildi ki, artıq klipə ehtiyac qalmadı deyə, düşündüm. Sən demə, qismət indiyə imiş. Allah generalımıza rəhmət eləsin, ailəsinə də səbr versin. Mənə isə Allah tez bir zamanda yol açsın ki, generalımızın adına layiq bir iş görə bilim".

Polad Həşimovun sevib dinlədiyi "Biri sənsən, biri mən" mahnısının həm musiqili ifasını, həm də sözlərini oxucularımza təqdim edirik:
 


Bir bulağın iki gözü
Biri sənsən, biri mən.
Bir almanın iki üzü
Biri sənsən, biri mən.

Qoşa simin titrəməsi
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi
Biri sənsən, biri mən.

Açıq səma, göy qurşağı
Biri sənsən, biri mən.
Dan ulduzu, səhər çağı
Biri sənsən, biri mən.

Bu həyat da iki rəngdir:
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.

Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm,
Gözəldir qəmdə sevinc…

Əfqan Qafarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi