Modern.az

Bakıda Heydər Əliyev Mərkəzinin açılışı oldu

Bakıda Heydər Əliyev Mərkəzinin açılışı oldu

10 May 2012, 22:57


Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzi açılıb. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Mərasimdə bildirilib ki, dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınıb. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi adlandıran Prezident İlham Əliyev bu kompleksin yaradılması ideyasından danışıb. Dövlət başçısı məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilən bu mərkəzin müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı olduğunu bildirib, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara təşəkkür edib. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərəcəkdir.

"Bakı sürətlə gözəlləşir və inkişaf edir",- deyən Prezident İlham Əliyev bildirib ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir çox məşhur rəmzləri var. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, "Kristal saray" və nəhayət Heydər Əliyev Mərkəzi var.

Son illərdə Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışan Prezident İlham Əliyev ölkədə demokratikləşmə prosesinin sürətlə getdiyini diqqətə çatdırıb. İqtisadi sahədə əldə olunan mühüm nailiyyətlərdən danışan dövlət başçısı bildirib ki, bu uğurları beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Təsadüfi deyildir ki, indi Azərbaycan güclü iqtisadiyyata və güclü orduya malikdir.
"Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin", - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada artan nüfuzundan danışıb. Bildirib ki, beynəlxalq təşkilatlarda prinsipiallığı ilə seçilən Azərbaycanın bu mövqeyi xalqımızın milli maraqlarına, ədalətə və beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini 20 il müstəqil olan Azərbaycanın diplomatik uğuru kimi xarakterizə edib.

Sonra dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olunub.

Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur.

Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə çıxış edən Fondun Prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbriklərini çatdırıb və bu binanı ulu öndərin xatirəsini yaşadan abidə adlandırıb. Mehriban Əliyeva çıxışında Heydər Əliyev Fondunun fəaliyyətindən danışıb, rəhbərlik etdiyi təşkilatın bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib.

Birinci xanım bu yaxınlarda Bakıda keçiriləcək "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər Əliyev Fondunun imkanlarını əsirgəməyəcəyini deyib.

Daha sonra Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanas Fondun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edilib.

Sonra mərasim konsert proqramı ilə davam edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü