Modern.az

Gənələrin insanlarda törətdikləri xəstəliklər ÇOX TƏHLÜKƏLİDİR

Gənələrin insanlarda törətdikləri xəstəliklər ÇOX TƏHLÜKƏLİDİR

11 May 2012, 07:35

Demodeks gənələri insanda heç də xoşagəlməyən demodekoz xəstəliyini törədirlər. Hər bir növ demodeksin özünəməxsus forma və xarakteristikası var. Rəngi ağ olub, yarımşəffafdır. Xaricdən nazik keratin membranla əhatələnib. Uzunsov bədəninin hər iki tərəfində şotkaşəkilli ayaqları var. Demodekoz təmas-kontakt yolu ilə keçir. Demodekoz zamanı üz və baş dərisi qızarır, qaşıntı yaranır, saçlar və kirpiyin tükləri tökülür.

Demodekoz gənələri dünyada geniş yayılmış parazitlərdir. Dərialtı gənələrin 3 növü– Demodex folliculorum Simon, Demodex brevis Akbulatova və Demodex canis insanda, qalanları isə heyvanlarda parazitlik edir. Uzunluğu 0,3 – 0,4 mm olan Demodex folliculorum gənəsi ilk dəfə 1841 – ci ildə səpgilərin irin kütləsində və qulaq kirində Henle və Berger tərəfindən, Demodex brevis isə 1963 – cü ildə Akbulatov tərəfindən aşkar edilib. 1972–ci ildə isə professorlar Deş və Nattinq insan orqanizmində əsasən iki növ gənənin parazitli etdiyini təsdiqləyiblər. Demodex canis növünə isə çox nadir hallarda rast gəlinir.

Klinikası

 Üz dərisində qırmızı ləkələr

Genişlənmiş dəri məsamələri

Dərinin həddən artıq yağlanması

Dəri rənginin solğun və ya bozumtul-torpaq rəngində olması

Dəri səthinin kələ-kötür olması

Üzdə mimiki hərəkətlərdə çətinliyin yaranması

Burun ölçülərinin böyüməsi (rənginə görə göyümtül-qırmızı gavalıya bənzəyir-rinofima)

Dəridə qaşınma və gicişmə hislərinin olması (xüsusilə gecələr)

Dəridə gənə olan nahiyələrdə tüklərin tökülməsi

Qulaq seyvanlarının qaşınması

Bu xəstəlik ona görə təhlükəlidir ki, onu asanlıqla qıcıqlanmış dəri və ya yorğun, süst dəri ilə səhv salmaq olar. Hətta demodekozu sərbəst xəstəlik hesab etmirlər. Bu gənələrə sağlam insanın dərisində də rast gəlmək olar. Buradan aydın olur ki, demodeks gənələri şərti-patogendir. Cüzi miqdarda onlar xəstəlik törədə bilmir. Lakin buna baxmayaraq uzun müddət davam edərsə, “sahibin” dəri toxumasının qida ehtiyatı tükənər, nəticədə dərinin məsamələri genişlənər, səthi kobudlaşar və öz görkəmini itirər. Yox, əgər dəridə gənələrin miqdarı həddən artıqdırsa, bu hal histopatoloji reaksiyalara və xəstəliklərə səbəb ola bilər. Dərialtı demodeks gənələri meybom vəzilərində, tük follikularında, axacaqlarında və üz dərisinin piy vəzi sekretlərində (xüsusilə seboreya zamanı) yaşayır.

Bəzən demodekoza başın tüklü nahiyəsində, qaş və kirpiklərdə də rast gəlinir. Demodex cinsindən olan bu gənələr insan orqanizmindən xaricdə uzun müddət yaşaya bilirlər. İnsan bu xəstəliyə gənə daşıyıcısı olan digər insandan yoluxur, hətta ev heyvanlarından yoluxma da mümkündür. Yaz-yay aylarında bu xəstəliyə daha tez-tez rast gəlinir.  Eyni zamanda dərialtı demodeks gənələri rozasea və perioral dermatit (bu xəstəliklər zamanı dəridə bu gənələrin miqdarı artır) kimi bir çox xəstəliklərin ağırlaşmasında da iştirak edirlər. Belə ki, bu gənələr mikroorqanizm və virusların daşıyıcısı olub onların dərinin, tük və piy follikullarının daha dərin qatlarına keçməsinə şərait yaradır.

Gənələrin bədən səthi pulcuqlarla örtülüdür, bunların sayəsində gənələr tük follikullarına daha möhkəm yapışa bilir. Gənələr hormonlarla , tük follikullarının səthinə çökmüş dəri piyi ilə və oradakı endoplazma ilə qidalanır. Dişi gənələr öz formasına görə bir qədər girdə və qısadır (erkək fərdlərlə müqayisədə). Gənə tük follikulunu tərk edə bilər. Demodeks gənələri xüsusilə gecələr dəri səthinə çıxırlar (gün işığı onlara qıcıqlandırıcı təsir göstərir) və 8-16 sm/saat sürətilə hərəkət edirlər. Onlar qaranlıq və isti mühiti çox sevirlər. Gənələr bir neçə həftə yaşayırlar, onlar tük follikullarının və ya piy vəzilərinin dərinliklərində yumurta qoyurlar. 3-4 gün ərzində yumurtadan yeni gənəciklər çıxır və 7 gün ərzində onlar böyüyüb yetkin gənəyə çevrilirlər. Gənənin bir inkişaf tsikli bir sahibin bədənində gedir. Bir nəslin ömrü 14 gündür.

Demodeksin sevdiyi yerlər – göz qapağı, üzün dərisi, qaşüstü qövs nahiyəsi, alın, burun-dodaq büküşləri, çənə və xarici qulaq keçəcəyi nahiyələridir. Demodeks gənələrinin əsas lokalizasiya zonası isə “demodeks üçbucağı” hesab olunur. Bura burun qanadları, burun-dodaq büküşü və çənə nahiyəsi aiddir. Xəstəlik uzun müddət davam edərsə, gənələr sinə və kürək nahiyəsinə də yayıla bilər. Demodekoz xəstəliyinə xüsusilə immun sistemi zəifləmiş, maddələr mübadiləsi pozulmuş, ammetropiyası olan, uzaqgörmədən əziyyət çəkən yaşlı insanlarda, xroniki mədə-bağırsaq pozğunluğu olan uşaqlarda rast gəlinir. Güclü emosional streslər, neyroendokrin, mədə-bağırsaq, psixi və immun xəstəliklər, hepatobiliar sistemin zədələnməsi lipid mübadiləsinin pozulması kimi hallat demodekozun yaranmasına səbəb ola bilər. Bunlardan əlavə hormonal və ya digər bioloji əlavələri olan bahalı kosmetik vasitələrin istifadəsi, solyari və mütəmadi olaraq qəbul edilən müxtəlif su vannaları demodeks gənəsini qıcıqlandıra və xəstəliyin yaranması üçün ötürücü mexanizm ola bilər.

Bir çox faktorların (uzun müddət kortikosteroid məlhəmlərin istifadəsi) təsirindən asılı olaraq dərialtı demodeks gənələri piy-tük follikullarının yerləşdiyi səviyyələrdə  aşkar edilərək demodeks-qranulomaların yaranmasına səbəb ola bilərlər. Demodeks-qranulomaları isə dərinin kiçik düyünlü sarkoidozlarından differensə etmək çox çətindir. Buna görə də xəstəliyin diaqnozu mikroskopik yolla qoyulur. Belə ki, müayinə materialı üz dərisindən alınmış qaşıntı kütləsi, ya da burun-yanaq büküşlərində və ya kirpiklərdəki piy-tük follikullarının sekreti ola bilər. Götürülən material 5-10 dəqiqə ərzində müayinə edilməlidir. Müalicə məqsədilə buz, karbon turşusu və ya maye azotla kriomassaj tətbiq edilir.

Demodekoz kifayət qədər ciddi və təhlükəli xəstəlikdir. Bu xəstəlik öz-özünə keçib getmir. Demodekozun müalicəsi uzunmüddətli və kompleksdir. Vaxtında həkim-dermatoloqa müraciət edilməli və xəstəlik müalicə olunmalıdır.

Bəzi fitoterapiya üsulları ilə xəstəliyin müalicəsi:

Xaricə istifadə üçün:

Bir xörək qaşığı xırdalanmış ardıc meyvəsinin üzərinə 1 stəkan qaynar su tökülüb, 4-6 saat müddətinə ağzı bağlı yerdə dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 1-2 dəfə 15-20 dəqiqə müddətinə dəriyə islatma şəklində tətbiq edilir. İslatmadan öncə dərini gülümbahar çiçəyi və evkalipt yarpağının spirtli çıxarışı ilə silmək lazımdır.

Birinci reseptdə ardıc meyvəsinin əvəzinə 2 xörək qaşığı xırdalanmış yovşan otu və ya 1 xörək qaşığı kövrək murdarça qabığı, ya da 1 xörək qaşığı xırdalanmış uca andız kökü götürüb eyni qaydada prosedur aparıla bilər.

Daxilə istifadə üçün:

Hərəsindən 1 hissə olmaqla bağayarpağı yarpağı, yovşan otu, istiotlu nanə yarpağı boymadərən otu, dağ tərxunu çiçəyi, gicitkən yarpağı və 2 hissə yatıqqanqal otu xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Hərəsindən 2 hissə olmaqla üçrəng bənövşə, gülümbahar çiçəyi, dazıotu və hərəsindən 1 hissə olmaqla istiotlu nanə yarpağı, bağayarpağı yarpağı, uca andız kökü xırdalanıb qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 0,5 l qaynar su əlavə edilir və 30 dəqiqə müddətinə ağzı bağlı qabda dəmə qoyulur. Maye süzüldükdən sonra gündə 3 dəfə yeməkdən əvvəl 1/2 stəkan 4-6 həftə müddətinə daxilə qəbul edilir.

Yaxşı olar ki, xaricə və daxilə istifadələr eyni vaxtda tətbiq edilsin.

Digər əlavə kiçik məsləhətlər:

Demodeks gənələri suyu çox sevdiyindən, həftədə 2 dəfə yuyuna bilərsiniz.

Üzünüzə aloye, kələm şirəsində isladılmış salfetlərdən maska edin.

Tüklü balışlardan imtina edin və mütəmadi olaraq yataq dəstinizi yuyun, ütüləyin və təzələyin.

Dərinizi günəş şüalarından, külək və şaxtadan qoruyun.

Qida rasionundan kəskin ədviyyatlı, şirin, yağlı qidaları və alkoqolu çıxarın.

Daha çox meyvə və tərəvəzlərdən istifadə edin.

Azər SALEHLİ

Azərbaycan Tibb Universitetinin tələbəsi

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır