Modern.az

“Bakıda avtomobillərin 80 faizi avrostandartlara cavab vermir”

“Bakıda avtomobillərin 80 faizi avrostandartlara cavab vermir”

Ölkə

18 Fevral 2010, 23:40
Bu gün dünyanın müxtəlif şəhərlərində atmosfer çirklənməsinin çoxu məhz avtomobil nəqliyyatının payına düşür. Bakıda da belədir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov fevralın 18-də ölkə başçısının yanında keçirilən müşavirədə bildirib ki, hazırda paytaxtda 549 min 511 avtomobil qeydiyyatdadır ki, bunların da çoxu, başqa sözlə, 80 faizi Avro-3 və Avro-4 standartlarına uyğun deyildir. Həmin avtomobillərdən atmosferə normadan artıq zəhərli maddələr ixrac olunur:   “Xaricdən avrostandartlara uyğun olmayan avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin qarşısının alınması və 10-15 il əvvəl istehsal olunmuş köhnə, yararsız, ekoloji standarta cavab verməyən, istismar müddətini başa vurmuş avtonəqliyyat vasitələrinin tədricən istismardan çıxarılması və eyni zamanda, yeni avrostandarta uyğun yanacağın istehsalının artırılması Bakı şəhərinin ekologiyasının qorunmasına gətirib çıxara bilər”.

H.Abutalıbov deyib ki, yüz ildən çox bir zamanı əhatə edən neft sənayesi və ümumiyyətlə sənaye müəssisələrinin Bakı şəhərində xüsusilə üstünlük təşkil etməsi, bu zaman kəsiyində keyfiyyətə yox, kəmiyyətə üstünlük verilməsi və uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş torpaqların, eyni zamanda, süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı yaranan tullantıların ərazilərdə toplanması ekoloji vəziyyətə mənfi təsir göstərən mühüm amillər sırasındadır.
Bakı şəhərinin meri deyib ki, ekoloji vəziyyətinə təsir edən bu amilin aradan qaldırılması üçün, neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və yeni dünya standartlarına uyğun sənaye müəssisələrinin yaradılması prosesi gedir ki, artıq bu da öz müsbət nəticəsini verməkdədir. “Eyni zamanda, bu gün fəaliyyət göstərən sənaye müəssisələrində quraşdırılmış qaz-toz tutucu qurğuların səmərəli fəaliyyəti nəticəsində Bakı şəhərində stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalması müşahidə edilir”.

H.Abutalıbov deyib ki, istismar müddətini başa vurmuş, uzun illərdən bəri həllini gözləyən və süni çirkab göllərinin yaranmasına, Xəzər dənizinin çirklənməsinə səbəb olan məsələlərdən biri də kanalizasiya problemidir. Onun sözlərinə görə, ekologiyaya mənfi təsir göstərən bu problemin həllində də vəziyyətin yaxşılaşdırılması istiqamətində “Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xətlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi əsasında 2007-ci ilin aprel ayından etibarən tikinti-quraşdırma işlərinə başlanılıb və gücü 160 min kubmetr olan yeni 3-cü texnoloji xətt artıq istifadəyə verilib.
Bununla da mövcud stansiyanın iş qabiliyyəti sutkada 480 min kubmetrdən 640 min kubmetrə çatdırılıb.

Mer deyib ki, uzun illər ərzində Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar olaraq son vaxtlar böyük işlər görülməkdədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə “Təmiz şəhər” SC-nin yaradılması və Sabunçu rayonunun Balaxanı poliqonu ərazisində tikilməkdə olan məişət tullantıları emalı zavodunun istifadəyə verilməsi məişət tullantılarının şəhərin ekoloji vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasında böyük rol oynayacaq.
H.Abutalıbov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən şəhər ərazisində 200 mindən çox ağac, 500 mindən çox gül və bəzək kolu əkilib, çoxlu çəmənliklər salınıb, bağ və park sahələri bərpa edilib. Eyni zamanda, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin təqdim etdiyi arayışa əsasən bu illər ərzində Bakı şəhəri rayonlarının ərazisində 1 milyon 90 min 300 ağac, gül və bəzək kolları əkilib, 2010-cu il – “Ekologiya ili” çərçivəsində isə təxminən 431 min ağac və gül kolunun əkilməsi və çoxlu çəmənliklərin salınması nəzərdə tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü