Modern.az

Attestat ala bilməyən onbirincilərə arayış veriləcək

Attestat ala bilməyən onbirincilərə arayış veriləcək

1 İyun 2010, 14:54

Orta məktəblərdə tədris başa çatdı, indi qarşıda buraxılış siniflərinin imtahanları durur. Təhsil Nazirliyinin məlumatına görə, bu il ümumtəhsil məktəbinin XI sinfini bitirən 103 min 317 məzun buraxılış imtahanları verəcək. Onlardan 23 minə yaxını Bakının orta məktəblərini bitirir.  Buraxılış imtahanlarından uğurla keçə bilməyən məzunların aqibəti necə olacaq?

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə buraxılış imtahanlarına iyunun 3-də start veriləcək, ayrı-ayrı bölgələr üzrə keçirilməklə iyunun 16-da yekun vurulacaq. Nazirlik bəyan edib ki, bütün fənlərdən yalnız müsbət illik qiyməti olan XI sinif  şagirdləri orta təhsil üzrə imtahanlara buraxılacaqlar.

Orta təhsil pilləsi üzrə buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılacaq.

İmtahan test suallarının sayı 120-dir. Bu sualların 25-i ana dili və ədəbiyyat (o cümlədən, 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata), 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixi və xarici dil fənninin hər birinə, fizika, kimya, biologiya və coğrafiya fənlərinin hər birinə isə 10-u aiddir.

İmtahanda qiymətləndirmə hər bir fənn üzrə ayrılıqda aparılacaq. Hər bir fənn üzrə sualların 20%-nə müsbət cavab verən məzunun biliyi 3 (kafi) qiymətləndiriləcək. Məsələn, ana dili və riyaziyyat fənlərinin hər birindən olan 25 sualın 5-nə (yəni, 20%-nə) düzgün cavab verən məzunun nəticəsi 3 (kafi) olacaq. Məzun Azərbaycan tarixi və xarici dil fənlərinin hər birinə aid olan 15 sualın 20%-nə, yəni 3-nə düzgün cavab verdikdə, o, 3 (kafi) qiymət alacaq. Digər (fizika, kimya, biologiya və coğrafiya) fənlərin hər birinə aid 10 sualın 2-ni (yəni, 20%-ni) düzgün cavablandıran məzunun biliyi 3 (kafi) qiymətləndiriləcək.

XI sinifi bitirənlərin yekun qiymətləri Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılacaq. Attestata yazılacaq yekun qiymət XI sinifdə yoxlama imtahanının nəticələri, illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Təhsil Nazirliyindən bildirlib ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından uğurla keçə bilməyən onbirincilərə attestat verilməyəcək, onlar yalnız məktəbi bitirmək haqqında arayışla təmin olunacaqlar. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır