Modern.az

“Zamanın rəngləri”nin üzünə baxarkən...

“Zamanın rəngləri”nin üzünə baxarkən...

16 Aprel 2014, 11:36

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Kreml sanki sinəsindəki saatı dünyaya dəqiqlik rəmzi deyil, daha çox dünyanı barmağa bənzər əqrəblərinə dolamaq kimi nümayiş etdirir

Professor, tanınmış teleaparıcı, siyasi təhlilçi və pulisist Qulu Məhərrəmlinin bu gün mənə hədiyyə etdiyi “Zamanın rəngləri” kitabına müəllifin müxtəlif qəzetlərdə çap olunmuş publisistik yazıları, beynəlxalq mövzuda şərhləri, Qafqazda gedən geosiyasi proseslərə, o cümlədən Qarabağ probleminə dair təhlilləri daxildir.

Kitabın üz qabığının tərtibatına baxanda, burada illüstrasiyanın uğurlu seçilməsi və onun kitabın adı ilə tam vəhdət təşkil etməsi diqqətimi daha çox cəlb etdi.

Yəni, sözün əsl mənasında müasir dünyamızda zamanın rəngləri elə bu kitabın üzündə gördüyümüz şəkil kimidir.

“Zamanın rəngləri”nin üzündə Kreml sanki sinəsindəki saatı dünyaya dəqiqlik rəmzi deyil, daha çox dünyanı barmağa bənzər əqrəblərinə dolamaq kimi nümayiş etdirir. Uşaqlıqdan bizə zarafatyana “şeytan arabası” kimi təqdim olunan helekopterlərin yerə atəş açması, göyə qalxan alov dilimləri, qara tüstü, yerdə haray-həşir qoparan qaçqın və köçkünlər, Kremlin içindən çıxaraq Azərbaycana tərəf düzülüb irəliləyən tanklar, içi hərbiçilərlə dolu olan hərbi maşınlar, bizi hədəfə alan əli avtomatlı əsgərlər, onların arxasında dayanıb sanki zamandan da irəlini görməyə cəhd edən, binoklla mövqelərimizi diqqətdən keçirən başqa bir əsgər və Qarabağı qızarmış, ümumilikdə isə siması boz-bulanıq görünən Azərbaycan xəritəsi, bu kitabın üzünün zaman tərəfindən çəkilmiş cizgiləridir sanki. 

Amma nədənsə müxtəlif “boyaları” bir-birinə qarşdırıb bu “rəngləri” alan rəngsazın zövqünü anlamaq mənə çox çətin gəlir. Yalnız onu deyə bilərəm ki, bu rənglər məhz onun özünə məxsusdur, o, heç kimi bəyənmir eqoist və şovinistdir. İstədiyinin üzünü ən yaxşı halda bozarda, saralda, qızarda, istəmədiyinin isə nəinki üzünü, hətta bütün həyatını belə birdəfəlik qaraldıb özünə kölə edə bilər. O, yaşıl rəngi qəbul etmir, ağ rəng görəndə isə ümumiyyətlə özünü ağu yemiş adamlar kimi hiss edir. Onun sevdiyi rəng, əsasən, qırmızı yəni qan rəngidir. Maraqlıdır o, kimdir axı, kim ona bu qədər səlahiyyət verib?


Kitaba toplanmış yazıların 1994 – 1999-cu illəri əhatə etdiyini görüb düşünəndə bu sualın cavabı aydın olur. Demək baş verən bu hadisələr yalnız 6 il ərzində baş verib. Bu rəqəmi isə mistik baxımdan şeytan rəqəmi adlandırılmasını nəzərə alsaq və onu kitabın üzündəki şəkillərlə əlaqələndirsək, onda lənətə gəlmiş bu “mələyin” Kremlin saatının əqrəbləri ilə birgə  fırlandığını aydın görərik. Onun yuvasının Kremlin başındakı beş guşəli ulduzun içi olduğunu da güman etmək olar. Çünki, dünyanın əsas beş qitəsini simvolizə edən bu ulduzun “içindən” dünya ovuc içi kimi görünür və buradan istənilən qitəni topa tutaraq üstünə od ələmək bu “mələk” üçün ən yaxşı strateji mövqedir. 

Düzü, üz-üzdən utandığından kitabın içinə girmədim, belə ki, üzü belə olanın gör indi içi necə olacağını başa düşdüyümdən, elə sözümü üzdən, yəni kitabın üzündən deməklə kifayətlədim. Sadəcə olaraq barmaqlarım dinc durmadı onun vərəqlərini aralayıb, çöldə durub pəncərədən içəri baxırmış kimi ona baxdım. İçəridə isə gözümə həm sataşan, həm dəyən, həm də lap girən çox şey oldu. Yazılar sanki hamısı bir ağızdan üstümə hücum çəkdi, məni oxu, məni də oxu, məni oxusan dəlidən yox, “Rusiyadan...doğru xəbər” eşidəcəksən, “Rusiyanın Qafqaz oyunlarının bəzi məqamları”nı biləcəksən, biri deyirdi ki, baxın ha, “Amerika təmiz söhbət eləmir”, NATO, ABŞ, İran, Türkiyə, Çin, MDB ölkələri, Avropa şurası kimlər-kimlər, hamısı qışqırırdı ki məni oxuyun. Amma biri də məzlum-məzlum mənə baxıb həzin səslə arada deyirdi, mən “Yaddan çıxmaz Qarabağ”am, baxın, “lazım bilsəniz” məni də oxuyarsınız. Düzü qəhər məni boğdu, başımı çevirib bu “pəncərədən” geri çəkilmək istəyəndə bir hönkürtü səsi eşitdim, geri dönüb baxanda gördüm ki, “Qarabağın göz yaşları”dır, sən demə bayaqdan özünü sıxıb saxlayırmış, elə bilib ki mən əvvəlcə onun göz yaşını silib, onu ovudacağam...

Professor, tanınmış teleaparıcı, siyasi təhlilçi, pulisist və təbii ki hörmətli həmkarımız Qulu Məhərrəmlinin yazdığı “Zamanın rəngləri”nə “batıb” çox şey yazmaq və ya demək olar. Mən ənənəvi rəyçilər kimi Qulu müəllimi və onun yazı üslubunu, sözlərlə rəqs etmə bacarığını, siyasi hadisələrə özünəməxsus yanaşma tərzini tərifləmək fikrində deyiləm. Çünki, hər işində tərifə layiq olanın təriflənməməkdən nə qorxusu. O, statusundan, istedadından, peşəkarlığından aslı olmayaraq, mənim üçün sadəcə səmimi insandır. İndiki şəraitdə adamlıqdan başlayıb insanlıq zirvəsinə qalxmaq hər adama nəsib olmur. Qələmini fırça əvəzi olaraq “Zamanın rəngləri”nə batırıb günümüzün, həm də dünyanın siyasi tablosunu çəkən Qulu müəllimə yalnız jurnalist xoşbəxtçiliyi hesab etdiyim, jurnalist narahatçılığı arzulayıram.

Amma, nə qədər ki zamanın indiki rəngini Kreml qarışdıracaq, o qədər də bu rənglər qorxunc, eyni zamanda "solğun" görünəcək. Təəssüf ki, biz və bizimkimilər "fırçamızı" hələ ki bu qorxulu rənglərə batıraraq dünya ilə bərabər, həm də öz həyatımızın tablosunu çəkmək zorundayıq.

P.S. Nə isə, bağışlayın məni Qulu müəllim, güya “Zamanın rəngləri” barədə rəy yazacaqdım, amma indi nə yazdığımı nə qədər çalışıram müəyyən edə bilmirəm. Görünür duyğusal olmaq heç də yaxşı bir şey deyilmiş...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü