Modern.az

“Minsk qrupu Qarabağ münaqişəsini monopoliyaya alıb” - Deputat bu formatdan imtina təklifi etdi

“Minsk qrupu Qarabağ münaqişəsini monopoliyaya alıb” - Deputat bu formatdan imtina təklifi etdi

Parlament

30 Yanvar 2016, 10:50

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərini sərt tənqid edib. Modern.az saytına açıqlamasında deputat  bildirib ki, 20 illik fəaliyyəti dövründə Minsk qrupunun həmsədrləri əslində Qarabağ münaqişəsinin həllinə deyil, həll olunmamağına çalışıblar.

“Həmsədrlərin 20 illik fəaliyyəti artıq belə deməyə əsas verir ki, onlar Dağlıq Qarabağ probleminin ədalətli həllində maraqlı deyillər və məsələnin “dondurulmuş münaqişə” formatında qalmasına, bu vəziyyətin hələ illərlə uzadılmasına çalışırlar”.

F.Muradovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ məsələsini monopoliyaya alıblar və hər yolla münaqişənin digər beynəlxalq təşkilatlar çərçivəsində müzakirə çıxarılmamasına cəhd göstərirlər. Bununla da onlar həm də Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdürlər.

Deputatın sözlərinə görə, Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryunun (Fransa) yaydıqları son bəyanat da bunu bir daha təsdiqlədi.

“Həmin bəyanatla həmsdərlər Qarabağ məsələsinin Avropa Şurası Parlament Assambleyanın (AŞPA) qış sessiyasında müzakirə olunmamasıma çalışdılar. Guya, AŞPA-da Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktından danışmaq Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bu, həmsədrləri narahat edib. Əslində Minsk Qrupunun məqsədi münaqişə ilə bağlı vasitəçilik missiyasının öz nəzarətindən çıxmasına mane olmaq, məsələni monopoliyada saxlamaqdır. Onların cəhdləri, apardıqları iş hələ ki bu “məqsəd”ə nail ola bildiklərini göstərir. Amma artıq buna son qoyulmalıdır”,-deyə F.Muradov vurğulayıb.

Millət vəkili bildirib ki, Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın  təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması və regionda davamlı sülhün bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların fəaliyyətindən yararlanmalıdır.

F.Muradovun fikrincə, Azərbaycan Qarabağ məsələsini 20 ildir nəzarətində saxlamağa çalışan ATƏT-in Minsk qrupunun vasitəçilik formatından imtina etməlidir.

"Azərbaycan bunun üçün ATƏT-in Minsk qrupunun üzvü olan bütün ölkələrə müraciət etməlidir ki, Minsk qrupu öz üzərinə düşən vasitəçilik missiyasını icra edə bilmir, həmsədrlərin fəaliyyəti onlara olan inamı sual altına qoyur".

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir