1984-cü ilin aprel ayında Azərbaycan SSR Ali Sovetinin tapşırığına əsasən (nümayəndəsini əraziyə göndərməklə) Zəngilan Rayon Partiya Komitəsi və rayon Xalq Deputatları Sovet İcraiyyə Komitəsinin birgə razılığı ilə Qərbi Azərbaycanın (Ermənistanın) Qafan və Mehri rayonlarının Zəngilan rayonu ilə sərhəddində olan, yüksəklikdə yerləşən 200 hektar torpaq sahəsi SSRİ Sərhəd Qoşunları Baş Siyasi İdarəsinin daimi istifadəçiliyinə verilmişdir. Kənd təsərrüfatı təyinatlı (əkin, örüş, biçənək...) olan bu ərazilər Araz çayı sahilləri və “Şükürtaz yüksəkliyi”ndən başlayaraq Xustub dağınadək geniş massivi əhatə etməklə rayonun Havalı (“Bakı fəhləsi” kolxozu), Mincivan (Qoyunçuluq təsərrüfatı), Hacallı (“XXII partiya qurultayı” sovxozu), Vəliqulubəyli, Bartaz (“26 Bakı komissarı” sovxozu), Cahagirbəyli (“Kommuna” sovxozu), Çöpədərə (S.Orconikidze adına sovxoz), Ağkənd (bu kənd Mehri rayonunun Nüvədi ilə sanki bitişik idi) kəndlərini əhatə edirdi (Mincivan-Naxçıvan dəmiryolu xətti boyunca). Və əslində sənəddə göstərilən rəqəmə baxmayaraq ayrılan torpaq sahələri 400 hektara qədər idi. Bunun əvəzində Zəngilan rayonunun istifadəçiliyinə SSRİ-İran sərhəddi zolağındakı kənd təsərrüfatına yararsız 400 hektar (Araz çayı boyunca) daşlı, qumlu, bataqlıq sahələrin meliorasiya edilərək (yaxşılaşdırılaraq) əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulmuşdur. Ancaq sonradan bu sahədə heç bir iş görülməmişdir.
Sonrakı mərhələdə SSRİ Sərhəd Qoşunlarının tabeliyinə rəsmən 200 hektar, əslində isə 400 hektara qədər qiymətli, yararlı torpaqlarda ermənilərin istəyinə uyğun olaraq hərbi-mühəndis və texniki qurğuları, müxtəlif qoşun növlərinin xidməti qərargahı yerləşdirilmişdir.
1988-1990-cı illərdə quldur ermənistan ordusu Mehri və Qafan rayonları istiqamətindən Zəngilan və Qubadlı rayonlarının bu hissədə yerləşən yaşayış məntəqələrinə artilleriya hücumlarını məhz bu yüksəkliklərdə quraşdırılmış və SSRİ Sərhəd Qoşunlarına məxsus hərbi hücum qurğuları vasitəsi ilə həyata keçirmişlər.
(Yazının hazırlanmasında Zəngilan rayonu, Malatkeşin kənd sakini Akif Əbil oğlu Həsənovun (1948) məlumatından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)