Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.
“SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, dənizdə batan neftçi olsa da SOCAR-ın əməkdaşı deyil:
“İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MM isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.