Modern.az

İlqar general olmaq istəyirdi - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ

İlqar general olmaq istəyirdi - Milli Qəhrəmanın xanımı ilə MÜSAHİBƏ

Müsahibə

2 May 2024, 10:51

Güllü Mirzəyeva: "Onu bir gün itirəcəyimizə inanmırdım"


2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin növbəti ildönümü yaxınlaşır. Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsinə yol açan Tovuz döyüşlərində Ordumuzun 12 hərbi qulluqçusu şəhid olub. Bu yazıda həmin qəhrəmanlardan biri haqqında danışacağıq: 14 iyul tarixində şəhidlik zirvəsinə ucalan polkovnik İlqar Mirzəyevdən.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Milli Qəhrəman adı verilib.


Modern.az saytı İlqar Mirzəyevin xanımı Güllü Mirzəyeva ilə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik:

- Güllü xanım, siz İlqar Mirzəyevin həyatına şahidlik etmisiniz. Onunla yollarınız necə kəsişmişdi? Birgə keçdiyiniz həyat yolundan danışmağınızı istərdik. 


- Mən Bakıda doğulmuşam, ancaq əslən Gürcüstanlıyam. İlqar isə Gürcüstanda böyümüşdü. İlqarla məni ailə dostlarımız tanış edib. Biz 1998-ci ildə ailə qurduq. Bir il sonra oğlumuz Elvin, daha sonra isə qızımız Gülnarə dünyaya gəldi.

İlqar təhsilini aldıqdan sonra Bakıda xidmət edirdi. Çox savadlı kadr olduğu üçün onu Bakıda saxlamışdılar ki, dərs desin. Bir müddət sonra bölgələrdə xidmət etməyə qərar verdi. Müdafiə Nazirliyinə müraciət etdi ki, əmr verilsin. Mən bir az narazılıq etdim. Çünki qızım yeni doğulmuşdu, bizə çətin olacaqdı, ancaq o dedi ki, "mən artıq qərarımı vermişəm". Qərar çıxdı və onun təyinatını Gəncəyə verdilər. 40 gün sonra mən də onun ardınca getdim. Biz 2 il Gəncədə çətin şəraitdə yaşadıq. 2 il sonra ona müddətdən tez mayor rütbəsi verildi. Sonra təhsilini davam etdirmək üçün akademiyaya gəldi. Onunla birlikdə biz də  Bakıya gəldik.

İlqarın növbəti təyinat yeri Naxçıvan oldu və biz 8 il Muxtar Respublikadakı hərbi şəhərcikdə yaşaydıq. Naxçıvanla bağlı xatirələrimiz çoxdur. Sonra Beyləqana təyinat oldu, orada kirayədə yaşadıq. Hərbçi həyatının bu qədər çətin olduğunu bilmirdim. Mən tibb kollecini bitirmişəm. Ailə həyatı qurduqdan sonra bölgələrdə olduğumuza görə işləyə bilmədim. Sizin şəhid xanımları ilə müsahibənizi oxudum. Hərbçi ailələrinin həyatı demək olar ki, bir-birinə bənzəyir. Xanımlar daim arxa cəbhədən həyat yoldaşlarına dəstək olurlar. Hərbçilərin ailəyə ayıracaq zamanların çox az olur. Bizdə də belə idi. Hətta bayramlarda bütün ailələr bir yerdə olurdusa, biz bir arada ola bilmirdik. Onların iş qrafiki daha sıx və gücləndirilmiş olurdu.
 


- İlqar Mirzəyev 8 mayda - Şuşanın işğal tarixində doğulub. Şuşa, Qarabağ onun üçün nəyi ifadə edirdi? 


- İlqar arzulayırdı ki, bizim yaşlı məcburi köçkünlərimiz gedib öz evlərin görsünlər. Həmişə buna təəssüfləndirdi ki, insanlarımız doğma yurdlarından didərgin düşüb. Deyirdi ki, kaş qarabağlı yaşlı nəsil yenidən öz torpaqlarına qayıdalar. Ancaq həmin yaşlı insanların çoxu dünyasını dəyişdi, onlara gedib doğma yurdu görmək qismət olmadı.

İlqar 8 mayda doğulduğuna görə ad gününü qeyd etmirdi. Nəhayət Şuşa işğaldan azad olundu, indi 8 may yaxınlaşır, İlqarın ad günü ərəfəsindəyik, amma o, həyatda yoxdur. Təəssüf ki, İlqar Şuşanı görə bilmədi. Oğlum Elvin Şuşaya getdi. Dedi ki, "atanın əvəzinə gedib Şuşanı görməliyəm". Mən isə hələ özümü buna hazır hiss etmirəm. Çünki Şuşanı görmək İlqarın ən böyük arzusu idi.


- Hər insanın sevdiyi xüsusi, fərqli şeylər olur: yemək, geyim, musiqi və s. Onun sevdiyi şeylər haqqında nələr danışa bilərsiniz? 


- İlqar retro musiqiləri dinləyirdi. Son vaxtları Alim Qasimovun “Xatirədir” mahnısına çox qulaq asırdı. İdmanla məşğul olmağı çox sevirdi. Elvini də elə böyütmüşdü. Uşaq yaşlarından idmana yönəltmişdi. Övladlarının həm təhsilinə, həm sağlamlığına çox önəm verirdi. Dil öyrənməyi sevirdi. Biz ikimiz də rusdilli idik. Amma evdə Azərbaycan dilində danışırdıq. Deyirdi ki, uşaqlar Azərbaycan dilini bilməlidirlər. İlqar gürcü dilini də bilir, alman dilini öyrənirdi. Məişət işlərini, ustalığı çox gözəl bacarırdı.
Yeməklə bağlı kaprizləri yox idi. Bütün ləzzətli yeməkləri xoşlayırdı. Biz tez-tez birgə xörək hazırlayırdıq. O çalışırdı ki, inqridientləri xörəyə yazıldığı miqdarda, necə var elə əlavə etsin. Deyirdim ki, bir az artıq istifadə etsək, nə olacaq ki? Cavab verirdi ki, yox, hər şey dəqiq olmalıdır.
 


- Onun ən bəyəndiyiniz xüsusiyyəti nə idi?

 

- Kinli olmaması. Kin saxlamağı bacarmırdı, tez unudurdu. Mən bəzən köhnə bir hadisəni onun yadına salırdım.  Deyirdi insanlıqdır, ola bilər ki, şərait həmin adamı belə davranmağa vadar edib. Bir də kim kömək istəsə, həmişə yardım etməyə hazır idi. Daxilən çox mərhəməli idi. Təhsilə çox üstünlük verirdi. Deyirdi ki, hərbçilər öz ixtisasını mükəmməl bilməli, hər şeyi dəqiq hesablamalıdırlar. Əsgərlərindən götürdüyü imtahanlara çox ciddi yanaşırdı. Mən deyirdim ki, çox sıxma onları, işləri onsuz da çətindir. Deyirdi, yox  hər şeyi bilməli, məsuliyyətli olmalıdırlar. 


- İlqar Mirzəyevin şəkillərinə baxarkən hiss olunur ki, o həm də çox pozitiv, gülərüz insan olub.
 

- Bəli, çox pozitiv insan idi. Əsgərləri, zabitləri də bunu deyirlər. Əsgərlərinə qarşı nə qədər mülayim idisə, bir o qədər də ciddi idi. Deyirlər ki, gözlər qəlbin aynasıdır. Yadımdadır, ilk görüşümüzdə o, qəzet kağızının arasında mənə qızılgül vermişdi. O an fərqinə vardım ki, bu insanın gözləri gülür, işıq saçır. Elə o gün onun qəlbinin necə olduğunu görmüşdüm. Son 5 ildə isə ayrı düşdük. Çünki uşaqların ali məktəbə hazırlıq dövrü yetişdi. Dedim, İlqar, məni bağışla, mən uşaqların yanında olmalıyam. İlqarın anası Şəmkirə yanına gəldi. Mənsə Bakıda uşaqlarla birgə qaldım.



- Bəs o sizin bu qərarınızı necə qarşıladı?

 

- Biz məcburiyyət qarşısında bu qərarı verməli olduq. Pandemiya dövrü hər yer bağlı oldu, sevindik ki, gedirik İlqarın yanına. Ondan xəbərsiz yığışıb getdik. 85 gün birgə olduq. İyunun 3-ü bizi Bakıya gətirib qayıtdı. Düzdür, hiss etdim ki, həmin gün getmək istəmir. O həmişə iş yerinə vaxtından tez gedirdi. Məzuniyyətdən işə bir-iki gün öncə qayıdırdı. Amma bu dəfə dedi ki, elə həmin gün gedəcək. Bu mənə qəribə gəlmişdi ki, nə əcəb bir-iki gün öncədən yox, həmin gün getmək istəyir...
 

- Onun sizə danışdığı hərbi xatirələri də dinləmək maraqlı olardı.


- O çox şeyi danışmırdı. Aprel döyüşlərində də bizə heç bir məlumat verməmişdi. Biz sonradan bildik ki, vəziyyət çox gərgindir. O deyirdi ki, "vaxt olsa, mən özüm əlaqə saxlayacam". Tovuz döyüşlərində də belə oldu. Ayın 12-si səhər onunla danışmışdıq. Hər şeyin yaxşı, qaydasında olduğunu söyləmişdi.
 

- Bəzən şəhidlər sanki şəhid olacaqlarını əvvəlcədən hiss edirlər. Sizə bu haqda nələrsə demişdimi?Bir gün o olmazsa, nələr etməli olduğunuzdan danışmışdımı? 
 

- İlqar işlə bağlı bizə heç nəyi hiss etdirmirdi. Mən düşünürdüm ki, heç vaxt belə şey ola bilməz. Bilirdim ki, hərbçidir, hər an hər şey ola bilər. Ancaq yenə də onu bir gün itirəcəyimizə inanmırdım. Hər səhər ona “günün xeyirli-uğurlu olsun!”, - mesajı yazırdım. İyulun 14-ü səhər saatlarında da bu sözləri eyni qayda ilə yazıb göndərdim. Amma mesaj ona çatmamışdı. İlqar həmin gün şəhid olmuşdu. Dostlarımızın, qohumlarımızın məlumatı var idi. Təkcə mən məlumatsız idim. Sonra biz ailəlikcə Tovuza yola düşdük. Telefonu söndürmüşdüm. Heç bir məlumata baxmırdım. Elə bilirdim sağdır, yaralanıb. 


- Heç olubmu ki, sizdən yaralandığını gizlətsin? Sonradan öyrənəsiniz ki, o xəsarət alıb?


- Olub. Sadəcə, bizə bunu hiss etdirməmişdi. Bu hadisələri bizdən gizli saxlayıb.


- İlqar Mirzəyev Aprel döyüşlərində şəhid olanları necə xatırlayırdı?  
 

- İlqar daha çox Aprel döyüşlərində şəhid olan Raquf Orucovdan danışırdı. Bir dəfə televiziyada Aprel döyüşləri haqqında verliş hazırlanmışdı. O an dönüb dedi ki, Raqufun nömrəsi telefonundadır, hələ də silməyib. Onlar bir akademiyada oxumuşdular. Oğlumuz Elvinlə bu barədə çox müzakirlər edirdilər. Təbii, tam bölüşməsə də, bir çox şeyləri onunla danışırdı.


- O, bir çox orden-medallarla təltif olunmuşdu. Maraqlıdır, general rütbəsi almağı da gözləyirdimi? 
 

- Təltif ediləndə sevinirdi. Hər bir dəyərləndirmə əziyyətinin bir növ qarşılığı idi. Zəhmətinin dəyərləndirilməsi çox müsbət təsir bağışlayırdı. Bəli, general rütbəsi almaq istəyindən danışırdı, bunu gözləyirdi. 



- İlqar Mirzəyev general Polad Həşimovla Tovuz döyüşlərində birgə şəhid olub. Polad Həşimov haqqında nələr deyirdi? 

 

- Polad Həşimovu Aprel döyüşləri zamanından tanıyırdı. Tale elə gətirdi ki, onlar birgə şəhid oldular. Polad Həşimovun ailəsi ilə əlaqə saxlayırıq. Onun həyat yoldaşı Ofeliya xanımla görüşüb danışmışıq.


- İlqar Mirzəyevin şəhid olduğu yer - Tovuz sizin üçün nə ifadə edir? 
 

- Biz hər yay Gürcüstana gedərkən yolumuz Tovuzdan düşür. Əvvəl Tovuz mənə adi yer kimi gəlirdi. Ancaq indi oradan keçəndə, Tovuzun adı gələndə qəribə hisslər keçirirəm. Çox kədərlənirəm ki, bu hadisələr orada baş verdi. Hələ ki nə övdalarım, nə də mən Tovuza - İlqarın şəhid olduğu yerə getmişik.
 

- Onunla son danışığınız yadınızda necə qalıb? Son dəfə sizə dediyi sözlər nələr olub?
 

- Sonuncu danışığımız iyulun 13-ü axşam olub. O zəng etdi, mən tez mikrofona qoydum ki, uşaqlar da eşitsin,  çünki vaxt az idi. Dedi narahat olmayın, hər şey yaxşıdır. Cəmi beş dəqiqə danışdıq. O beş dəqiqə içində sürətlə danışıb, ona bəzi məlumatlar ötürdük. Gülnarə imtahan vermişdi. O vəziyyətdə belə imtahanının necə keçdiyini soruşdu….


- Şəhidimiz öz övladlarını harada görmək istəyirdi? 


- Xatırlayıram ki, hər iki övladımız dünyaya gələndə İlqar xidmətdə idi. Hər valideyn istəyir ki, övladları yaxşı yerdə olsunlar. O da məsləhətlər verirdi. Bilirdi ki, kim hansı sahəyə meyillidir. İşi elə idi ki, onlarla istədiyi qədər zaman keçirə bilməzdi. Elvinin sonuncu doğum günündə təbrik mesajı yazmışdı ki, “bağışla oğlum, yanında ola bilmədim". Oğlum ail təhsil aldı, hərbi xidməti başa vurdu. İndi hüquq-mühafizə orqanında işləyir. Gülnarə Bakıda bakalavr təhsilini aldıqdan sonra Londonda magistr təhsilinə yiyələndi. İndi iş axdarışındadır. İnşallah, o da ürəyincə iş tapar. Onlar atalarının xüsusiyyətlərini daşıyirlar. Qızım atasının inadkarlığı və məqsədyönlülüyünü, oğlum isə kin saxlamaması, insanlara yardım etməyə çalışması ilə...



- Şəhid anası, şəhid qızı, şəhid bacısı eyni kədəri paylaşsalar da, hər biri üçün itki fərqli məna daşıyır. Sizin üçün bu məna nədir? Şəhid xanımı nə deməkdir? 


- Əvvəllər mən öz adıma görə məsuliyyət daşıyırdım. İndi isə İlqarın adına görə məsuliyyət daşıyıram. Şəhid xanımı nümunəvi olmalıdır, hər yerdə onu təmsil edir. Əlbəttə ki, “şəhid xanımı” adını daşımaq qürurvericidir. Olduqca da çətindir. Çünki İlqar kimi bir həyat yoldaşı itirmişəm. Biz daim bir yerdə olmuşuq, məsləhətləşmişik. Ailədə bir yerdə qərar vermişik. İndi qərarları vermək mənim üçün çətindir. Bütün qərarlarda əvvəlcə onu düşünürəm, görəsən İlqar buna nə deyərdi?

Övladın öz yeri, həyat yoldaşının öz yeri var. İlqarı yeni itirdiyimiz vaxtlarda hamıya və hər şeyə küskün idik. Sonra düşündük ki, biz hamımız bu dünyadan köçüb gedirik. Yaddaşlarda qalmırıq, amma şəhidlər qalırlar. Təsəllimiz bundadır. Onu yenicə itirdiyimiz vaxtlarda qızım atasının əlindən tutub gedən, atasıyla zaman keçirən həmyaşıdlarına qarşı qısqanclıq hissi keçiridi. Zaman insanı alışdırır, alışmağa məcbur edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?