Modern.az

“Fəlsəfə doktoru” anlayışı “fəlsəfə” sözünü hörmətdən salır - PROFESSOR

“Fəlsəfə doktoru” anlayışı “fəlsəfə” sözünü hörmətdən salır - PROFESSOR

2 Fevral 2022, 13:55

"Professor adının verilməsi universitet elmi şuralarına həvalə edilməlidir"

 

Bildiyimiz kimi, elmi dərəcələr sovet dönəmində iki pilləli idi: elmlər namizədi və elmlər doktoru. Müstəqillik illərində “elmlər namizədi” “fəlsəfə doktoru” ilə əvəz edildi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmaqdadır.

 

Dünyada elmi adlar necə verilir və bir çox elm adamlarını düşündürən ikipilləli elmi dərəcələrdən necə imtina edilə bilər?

 

Mövzu ilə bağlı Modern.az-ın suallarını cavablandıran fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov bildirib ki, əgər islahat aparmağa ehtiyac varsa, dünya sisteminə uyğunlaşmaq lazımdır.

 

Onun sözlərinə görə, dünyada hər bir ixtisas üzrə həmin ixtisasın yüksək səviyyəsi fəlsəfə doktorudur:

 

“Yüksək səviyyəli mütəxəssislər həmin sahənin fəlsəfəsinə nail ola bilirlər. Bu mənada fəlsəfə doktoru adı yaranıb. Əvvəllər elm sahəsində ən yüksək dərəcə magistr dərəcəsi idi. Sovet dövründən bizə məlum olan “elmlər namizədi” anlayışı da “magistrlığa namizəd” olub. Sonralar bundan daha yüksək pillə həmin elmin fəlsəfəsinə qalxmaq anlamında “fəlsəfə doktoru” oldu.

 

Amma indi biz bunların mahiyyətini anlamadığımızdan, fəlsəfəyə dəyər vermədiyimizdən “fəlsəfə doktoru” səviyyəsini aşağı pillə kimi, “elmler doktoru”nu yuxarı pillə kimi qəbul etmişik. Dərəcələrin dünya miqyasında tarixini bilmək lazımdır.

 

2000-2005-ci illərdə Milli Məclisdə Təhsil Komitəsinin üzvü olanda Şahlar Əsgərovla birgə təklif etdik ki, dəyişiklik olunacaqsa, bir pilləli sistemə keçilsin. Namizəd sözünü götürüb, onu fəlsəfə doktoru edəndə, bunu islahat adlandıra bilərikmi? Tarixini bilmədiyimiz anlayışdan istifadə edəndə gülünc vəziyyətə düşmək prespektivi nəzərə alınmır. Təəssf ki, bu absurd hələ də davam edir”.

 

Professor, həmçinin bildirib ki, xaricdə təhsil alan gənclərin elmi əlaqələri, inteqrasiyasında iki pilləli sistem çoxlu problem yaradır:

 

“Elm adamının müəyyən çərçivələrlə, zəruri şərtlər miqyasında yaradıcı fəaliyyəti həmişə çətinləşir. Dərəcə üçün müəyyən olunmuş o şərtlər, çərçivələr gerçək elmi tədqiqatı məhdudlaşdırır. Ona görə elmi dərəcə almaq təəssüf ki, təhsilin bir pilləsinə çevrilib həm də. Çünki təhsil yaradıcı adamın istər-istəməz çərçivəyə salınmasıdır. Birinci pillə elmi dərəcə alandan sonra elan verib, onu doktoranturaya qəbul eləmək, PHD dərəcəsi olan elm adamdan imtahan götürmək, onu tələbə kimi qarşısına qoyub dərs keçmək və ondan müəyyən şərtlərlə dissertasiya işi yazmasını tələb etmək, sonra yığışıb onu yenidən imtahan, yəni müdafiə prosesini təşkil eləmək, bunlar mahiyyətini anlamamaqdan irəli gəlir. Elm adamı azad, sərbəst olmalıdır. Dünya səviyyəli jurnallarda, nəşriyyatlarda elmi məqalələrini, kitablarını dərc etdirməlidilər. Elmi camiə də o məqalə və kitablara görə, ona öz münasibətini bildirməlidir. Bununla da elmi imic, nüfuz formalaşır. Bunlar standartlar, müəyyən bir məhdudiyyətlər, formal çərçivələr səviyyəsində deyil, azad yaradıcı meydanda həyata keçməlidir”.

 

S.Xəlilov qeyd edib ki, ikipilləli müdafiə sistemi elm adamının gerçək elmlə məşğul olmaq şansını azaldır:

 

“Belə ki, bir də görürlər 50 yaşı olub və bu yaşda, nəhayət, elmlər doktoru olurlar. Amma yaradıcı və fiziki imkanlar elmi fəaliyyəti davam etdirməyə imkan vermir. Biz istərdik ki, birinci elmi dərəcə alandan sonra, yəni 25-30 yaşından sonra, tam müstəqil elmi fəaliyyətlə məşğul ola bilsinlər.

 

Etiraz eləmək üçün çox arqument var. İki dərəcə hər mənada elmin inkişafına, beynəlxalq elmi münasibətlərimizə, orada bizim dərəcələrin adekvat tanınması üçün çətinliklər, anlaşılmazlıqlar yaradır. İstənilən sahə üzrə “fəlsəfə doktoru” anlayışı “fəlsəfə” sözünü də hörmətdən salır. Yəni, hər sahənin öz mütəxəssisləri var”.

 

Professor qeyd edib ki, bütün bu problemləri aradan qaldırmaq heç vaxt gec deyil:

 

“Əgər, ikipilləni saxlamaq istəyirlərsə, əvvəllki variant, “namizəd doktoru” bundan daha yaxşı idi. Ya da, heç olmasa ikipillənin adlarını düzgün qeyd etsinlər. Dünyaya, müasir standartlara uyğunlaşmaq istəyiriksə, onda bir dənə PHD dərəcəsi, fəlsəfə doktoru kifayət edir. Sonrakı pillələr dossent və professor adlarıdır. Dünya miqyasında professorluq müəllimlik deməkdir. Gülünc addımlardan biri də Akademiyanın professor statusu verməsidir. Elmi işçilərə professor adı vermək kimi əcaib bir təcrübə həyata keçirirlər. Çünki anlamırlar “professor” nədir. Elmlər doktorundan sonrakı yüksək bir pillə kimi yanlış anlayırlar. Elmdə dərəcələnmək varsa, eləcə də müəllimlik fəaliyyətində də dərəcələnmə var: Assisent, baş müəllim və professor”.

 

Səlahəddin Xəlilov vurğulayıb ki, “professor” adı almaq üçün mütləq elmlər doktoru olub, iki dəfə müdafiə etməlisən. Ondan sonra 50-60 yaşında “professor” adını əldə edirlər:

 

“O şəxsə ki, elmlər doktoru olmaq mütləq lazımdır və ondan sonra da 4 il ali təhsil müəssisəsində çalışmaq vacibdir ki, sonra “professor” dərəcəsi alsın, düşüncəsi tam bir absurddur. Əgər, elmlər doktoru olana qədər 10-15 il ali məktəbdə dərs deyibsə, yenidən doktor olandan sonra müəllim işləmək şərtini qoymağa nə ehtiyac var?

 

İkincisi, bu adam müəllim kimi nüfuz qazanıbsa, universitet kollektivi, elmi şurası onu yüksək səviyyəli müəllim kimi tanıyırsa, ikinci elmi dərəcə almasına, yenidən doktorluq müdafiə etməsinə nə ehtiyac var? Yəni, professor adının verilməsi universitet elmi şuralarına həvalə edilməlidir. Hər bir universitetin öz professoru olmalıdır. Universitetin reytinqi həm də professorun reytinqinə çevrilir. Dünyada mütləq soruşulur ki, hansı universitetin professorusan? Ünvanı bəlli olmayan professor anlayışı olmamalıdır. Bütün bu məsələlər üzrə dünya təcrübəsini nəzərə almaqla, Azərbaycanda elmin-təhsilin inkişaf prespektivlərinə, ikipilləli elmi dərəcə və professor adının verilməsinə yenidən baxılmalıdır”.

 

Professor bildirib ki, artıq bəzi universitetlər öz elmi şuralarının qərarı ilə professor adını verməyə başlayıb:

 

"Yəni, universitetlərə etibar etmək, güvənmək lazımdır. Güvən yoxdursa, o zaman dəyişiklik edilsin. Formal tələb və meyarlarla kimisə professor, dissertasiyaya baxıb, elmi səviyyəsi haqqında sadəcə dolayı fikir söyləmək Azərbaycanda elmin inkişafına nəinki kömək eləmir, hətta mane olur. Bu maneləri aradan qaldırmaq üçün hər şey sadələşməlidir. Bunun üçün dərəcələrin sayı azaldılmalı, universitetlərin müstəqilliyi artırılmalı, formal şərtlər aradan qaldırılmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var