Modern.az

Elm və HƏYAT 

Elm və HƏYAT 

13 Dekabr 2023, 09:06

13 dekabr akademik Nərgiz Paşayevanın doğum günüdür...

 

Elm və həyat... həyat və elm... əslində hamı üçün bu sözlərin məna yükü ayrı – ayrıdır... Lakin haqqında yazmaq istədiyim Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü,  Rusiya Təhsil Akademiyasının akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, müasir nüfuzlu elmi mükafatların laureatı, ölkəmizin yüksək orden və medalları ilə təltif edilən, akademik Nərgiz Paşayeva üçün elm həyat, həyat isə elm olub həmişə.

Belə ki, o, görkəmli alimlərin ailəsində, öz ənənələri olan, qeyri-adi  ziyalı mühitində  dünyaya göz açıb. Nərgiz xanım Paşayevanın ata babası Azərbaycanın görkəmli yazıçısı, böyük ədəbiyyatşünas alim, Azərbaycanın nüfuzlu simalarından biri Mir Cəlal Paşayevdir. Alimin ana babası isə Azərbaycan jurnalistikasının patriarxlarından biri, tanınmış ziyalı, “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və uzun müddət baş redaktoru olmuş, Azərbaycanda böyük jurnalist nəslinin yetişməsində müstəsna xidmətləri olan pedaqoq, professor Nəsir İmanquliyevdir. Alimin babaları ilə yanaşı, ata-anası da Azərbaycanımızın nüfuzlu elm xadimləridir. Nərgiz xanım Paşayevanın atası akademik Arif  Paşayev fizika sahəsində Azərbaycanın nüfuzlu elm xadimlərindən biridir. Hələ o zamankı görüşlərimizdə bizə: “uşaqlar, gələcək fizikanındır, fizikanı yaxşı oxuyun” deyə tövsiyə edirdi. Zaman onun necə dəqiq və haqlı olduğunu təsdiq etdi. Akademik Nərgiz Paşayevanın anası Azərbaycan Şərqşünaslıq elminin görkəmli nümayəndəsi, Azərbaycanın ilk qadın Şərqşünas alimi,  professor Aida İmanquliyeva isə öz dəyərli tədqiqatları, sanballı əsərləri ilə Azərbaycan Şərqşünaslıq elminə misilsiz töhvələr verib, bu elm sahəsinin inkişafında müstəsna xidmətlər göstərib.

Əlbəttə, belə ziyalı mühitində böyüyüb başa çatan övladlar da cəmiyyətdə sayılıb-seçilən, nüfuzlu şəxsiyyətlər olmalı idi... belə də oldu... Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xeyirxahlıq mələyi, milyonların sevimlisi Mehriban xanım Əliyeva və Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru akademik Nərgiz xanım Paşayeva məhz həmin ailənin Azərbaycan xalqına bəxş etdiyi nurlu simalardır. Onların malik olduğu elmi potensialı öncədən görüb hiss edən böyük ziyalı Nəsir İmanquliyev hələ o zamanlar nəvələrini “Qoşa qanadlarım”  deyə çağırardı...

 


Tale elə gətirib ki, mən kiçik yaşlarımdan böyüklərimin əziz dostu, Azərbaycan jurnalistikasının ali simalarından biri, Əməkdar jurnalist Nəsir İmanquliyevin (Nəsir əminin) ailəsini yaxından tanımaq imkanım olub. Bu ailədə həyat adi gördüyümüzdən çox fərqli idi... Bu ailə əslində akademiya idi. Ən zəngin kitabxanalar, ən nadir kitablar bu ailəyə məxsus evlərdə idi...

Yadımdadır, Nəsir əmi həmin nadir kitablardan mərhum əmim, professor Əyyub İskəndərova yalnız bir müddətə oxumağa verərdi..., vaxt tamam olanda isə əmanətini geri alardı... Bunları qeyd etməkdə məqsəd budur ki, oxucu akademik Nərgiz Paşayevanın dünyaya  göz açdığı və həyatı dərk etdiyi mühiti xarakterizə edib anlaya bilsin. Bəli, Akademik Nərgiz Paşayeva üçün əslində həyat elə elmdən başlanıb. Alim üçün həyat elm, elm isə həyat olub əslində. Məhz həmin ali mühitin təsirindəndir ki, bu gün Azərbaycan elminin ən nüfuzlu simalarından olan akademik Nərgiz Paşayevanın əldə etdiyi uğurlar, fəth etdiyi zirvələr Azərbaycan elm tarixinin yeni salnaməsini yaradıb. Elm sahəsində fəaliyyət göstərməsəm də, bir jurnalist olaraq müşahidə etdiklərim məni bəzi qanunauyğun nəticələr çıxarmağa sövq edib.  Alimin fəaliyyət göstərdiyi elm sahəsi daha çox Mir Cəlal müəllimin və Nəsir müəllimin çalışdığı sferaları əhatə edir. Bu məqamda Nərgiz xanımın öz ana babası Nəsir İmanquliyev haqqında dediyi fikri xatırlamaq yerinə düşər: “...Hələ uşaqlıq çağlarından mətbuat işçilərinə həqiqəti dəqiq və dürüst görməyi bacaran və ali tutan peşəkar insanlar kimi baxmışam. Yəqin ki, bunun əsas səbəblərindən biri ana babamın, Nəsir müəllim İmanquliyevin jurnalist fəaliyyətinin şahidi olmağım və bu fəaliyyətin mənə təsiridir. Yaxşı yadımdadır ki, hər axşam işdən evə çox yorğun qayıtsa da (o zaman Nəsir müəllim "Bakı" və "Bакu" axşam qəzetlərinin baş redaktoru vəzifəsində çalışırdı), babam saatlarla sabah çapa gedən materialları dəfələrlə oxuyur, yoxlayır, düzəlişlər edir, sanki bu qəzet yazılarındakı fikirlərdən və məqalələrdən bütün bəşəriyyətin taleyi belə asılı idi. İndi babamı ehtiramla yada salaraq, düşünürəm ki, o vaxt sadəcə olaraq o öz yüksək missiyasını yerinə yetirirdi: həqiqəti qoruyurdu. Çünki həqiqət həyat təki qiymətli və həyat təki həm acı, həm şirindir. Hər bir sağlam mətbuatın əsas prinsiplərindən olan "fakt müqəddəsdir, şərh sərbəstdir" təlimi jurnalist babamın əsas iş prinsipi, peşə şüarı idi ...”

Lakin Nərgiz xanımın Oksford  Universitetinin nəzdində yaratdığı Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi daha çox ədəbiyyatın və tarixi keçmişin vəhdətə aparan məqamlarının zəruriliyini ortaya qoyur və vacibliyini isbat edir. Bu anda düşünürsən ki, ikili standartların hakim olduğu, həqiqətlərimizi görməmək üçün gözünə şübhə eynəyi taxmış, adına Qərb dediyimiz bir məkanda Azərbaycan həqiqətlərini elə həmin xarici ölkə  alimlərinin özlərinin elmi nəticələrinə əsaslanaraq söyləmək və sübut etmək əsl  Şərq müdrikliyinin təntənəsidir.

 

Şərqlə Qərbin mübarizəsindən daha çox vəhdətinə xidmət edən elmi əlaqələrin, vahid bir dünyada formalaşan bəşəriyyətin vahid keçmişinə birgə nəzər yetirmək, keçmişlərin sirlərinə birlikdə bələdçilik etmək, bəlkə də, dünyanı xilas edə biləcək gözəlliyin özüdür?! Bu yerdə Şərqlə Qərbin vəhdətinin zəruriliyini öz sanballı elmi tədqiqatları  ilə həmişə önə çəkmiş, Azərbaycanın ilk qadın şərqşünas alimi Aida xanım İmanquliyeva yada düşür. Akademik Nərgiz Paşayevanın böyük zəhmət bahasına Oksford Universitetinin nəzdində yaratdığı Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi Şərqlə Qərbin vəhdətinin ən bariz nümunəsi deyilmi?! Mənə elə gəlir ki, alimin bu istiqamətdə uğurlar qazanmasının bir səbəbi də anasının elmi fəaliyyətidir. Bu yeni elmi yanaşmaların meydana gəlməsində professor Aida İmanquliyevanın fəlsəfi düşüncələrinin çox güman ki, təsiri olub. Bu qəribə bir yanaşma, yeni bir baxış, tolerant və qeyri-adi bir münasibətdir. Akademik Nərgiz Paşayevanın söylədiyi: "...bizim məqsədimiz Nizamini, məhz onun dahi yaradıcılığının etik-estetik qayəsinə uyğun olaraq təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman parçalayıcı, ixtilaf yaradan olmayıb və ola da bilməzdi. Çünki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirici qüvvəyə malikdir. Nizamiyə görə, müxtəliflik qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can atmaq arzusu da inkarsız, labüd və mütləqdir" sözləri Şərqlə Qərbin vəhdətinə tarixi çağırış deyilmi?!

Akademik Nərgiz Paşayevanın zəngin tərcümeyi-halı onun fədakar elmi fəaliyyətinin, böyük zəhmətinin, sanballı elmi əsərlərinin, əməyinə verilən yüksək qiymətlərin güzgüsüdür. Böyük elm xadiminə həsr etdiyim bu yazını onun şərəfli tərcümeyi-halı, mətubatda gedən və insan qəlbinə nüfuz edən, olduqca maraqlı müsahibələri, xüsusilə alimin qürurla izlədiyim Oksford fəaliyyəti əsasında davam etdirməyi düşünürəm.

 

Alimin tərcümeyi-halından:

 

Nərgiz Arif qızı Paşayeva  13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində orta təhsil alıb. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinə daxil olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə aspiranturaya qəbul olunub və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlayaraq müvəffəqiyyətlə müdafiə edib. 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Həmin ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışıb. 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini uğurla müdafiə edib. 2005-ci ildə filologiya elmləri doktoru elmi adını və professor alimlik dərəcəsi alıb. 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində çalışıb. 2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədridir. 2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasına rəhbərlik edir. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü, 2018-ci ildə isə AMEA-nın vitse-prezidenti seçilib. 23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin edilib və hal-hazırda həmin elm ocağına rəhbərlik edir. 27 fevral 2019-cu ildə akademik V.Sadovniçinin təqdimatına əsasən Nərgiz xanım Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib.

 

 

Akademik Nərgiz Paşayevanın 60-a yaxın elmi əsəri, məqalələri ölkəmizdə və xaricdə, dünyanın nüfuzlu elmi dərgilərində işıq üzü görüb.

 

Əsərləri:

1. Sabirin novatorluğu. Monoqrafiya. Bakı, 1997.

2. Antik ədəbiyyat tarixi. I hissə. Qədim Yunan ədəbiyyatı. Dərslik. Bakı, 1997.

3. Antik ədəbiyyat tarixi. II hissə. Qədim Roma ədəbiyyatı. Dərslik. Bakı, 2000.

4. Dünya deyilən sənmişsən. Kitab. İstanbul, 2002.

5. Человек – образ – литература. Monoqrafiya. Bakı: Mütərcim, 2003.

6. İnsan bədii tədqiq obyekti kimi (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında). Monoqrafiya. Bakı: XXI – Yeni Nəşrlər Evi, 2003.)

7. Yeniləşən ədəbiyyatın yeni insanı (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında). Monoqrafiya. Bakı: ATİ, 2004.)

8. Şərqin ruhu və Qərbin idrakı (“Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı Beynəlxalq İbn-Ərəbi simpoziumun materialları. Bakı, 2009.)

9. Əl-Fərabi və varlığın birliyi (“Əl-Fərabi və Avropa İntibahı” adlı Beynəlxalq elmi konfransın materialları. Paris, 2010.)

10. Этические основы государственного управления (Международная научная конференция) «От Древней Руси к Российской Федерации: история российской государственности». Москва, 2012.

11. V cildlik "Mir Cəlal. Əsərləri" (kitab, Bakı: Adiloğlu, 2013);

 

Elmi və baş redaktorluğu ilə çapdan çıxan əsərlıri:

 

"M.Ə.Sabir" (Bakı, 1995), "Ədəbiyyatda lirik növ" (Bakı, 2008);

 

"Şərq və Qərb: ümumbəşəri ideala doğru: fəlsəfi etüdlər" (Bakı, 2004);

 

"Şərq ruhunun Qərb həyatı: Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə" (Bakı, 2009);

 

"Романтическая поэзия в контексте восточно-западной проблематики" (Moskva, 2009);

 

"Искусство Азербайджана. Средние века" (Bakı, 2010);

 

"Историческая энциклопедия Кавказа" (Bakı, 2010);

 

Beynəlxalq konarnslarda və simpoziumlarda iştirakı:

 

"Müqayisəli ədəbiyyat" adlı I Beynəlxalq elmi konfrans (Bakı, oktyabr, 2004);

 

 "Əsatir. Millət. Ədəbiyyat" adlı Beynəlxalq simpozium (Bakı, 2006);

 

Görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyevə həsr edilmiş  "Nəsir İmanquliyev - 95" adlı elmi konfrans (Bakı, dekabr, 2006);

 

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlalın 100 illik yubileyinə həsr edilmiş "Mir Cəlal — 100" adlı Beynəlxalq elmi konfrans (Bakı, aprel, 2008);

 

"Milli geyim və müasir modada ümumilik" adlı Beynəlxalq simpozium (Bakı, iyul, 2009);

 

MDB ölkələri tələbə və gənclər təşkilatları liderlərinin IV Forumu (gənclər siyasəti məsələləri), (Rusiya Federasiyası. Moskva, M.V.Lomonosov adına MDU, yanvar, 2009);

 

Görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" adlı Beynəlxalq İbn-Ərəbi simpoziumu (eyni zamanda Simpoziumun təşkilatçısı; Bakı, oktyabr, 2009);

 

"Qloballaşma dövründə mədəniyyətlərin dialoqu" adlı filosofların Beynəlxalq elmi konfransı (Bakı, iyun, 2010);

"Əl-Farabi və Avropa İntibahı" adlı Beynəlxalq elmi konfrans (Fransa, Paris. noyabr, 2010);

"Multikulturalizm: nailiyyətlər və problemlər" Bakı Beynəlxalq Humanitar Forumu (oktyabr, 2011);

"Qloballaşma dövründə Azərbaycan jurnalistikası: mənbələr və perspektivlərin icmalı" elmi-praktik konfrans (Bakı, 2011);

"Qədim Rus dövlətindən Rusiya Federasiyasınadək: Rusiya dövlətçiliyinin tarixi" Beynəlxalq elmi konfrans (Moskva, 2012).


Akademik Nərgiz Paşayevanın fəaliyyətinin genişliyi, vacibliyi və əhatə dairəsinin böyüklüyü onun tərcümeyi-halının olduqca zəngin olmasını şərtləndirib. O, 2007-ci ildən "İngiltərə-Azərbaycan xeyriyyə Cəmiyyəti"nin həmsədridir.

Nərgiz xanım həm də 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının məşhur "Çörçil" zalında məruzə ilə çıxış edən ilk azərbaycanlı qadındır. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində keçirilən beynəlxalq elmi seminarda "Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi" adlı məruzə ilə çıxış edən alim, 2013-cü ildə "Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi"nin yaradılmasının təşəbbüskarı kimi Oksford Universitetinin Şərqşünaslıq departamentində Oksford Universitetinin beynəlxalq inkişaf üzrə direktoru xanım Lieyzl Elder ilə memorandum imzalayıb. Elə həmin ildən başlayaraq akademik Nərgiz Paşayevanın dünyanın ali məktəbləri sırasında birinci yerdə olan Oksford Universiteti kimi məşhur elm və təhsil ocağında Azərbaycanla əlaqəli  gördüyü işləri izləyirəm.

“Çəkilən zəhmət barsız olmaz”  deyib atalar... Nəticədə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi, təbliği sahəsində ən möhtəşəm bir layihənin icrası başa çatdı. Biz bu gün Londonda - Böyük Britaniyanın paytaxtında, dünyada birinci yerdə olan Oksford Universitetinin nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin fəaliyyətə başlaması kimi mühüm tarixi hadisənin şahidləriyik. Tarixilik ondadır ki, bu layihə son və qəti şəkildə Nizaminin Azərbaycan xalqına məxsusluğunu təsdiq etdi. Dünyanın düşünən beyin mərkəzi olan Avropa bu klassik Şərq şairinin Azərbaycanlı olduğunu bilir, onu öyrənir, mənimsəyir və onun simasında ölkəmizi tanıyır. İllər sonra hər hansı Avropalının yanında Nizaminin adı çəkilsə, dərhal o, Azərbaycanı düşünəcək, Azərbaycan deyiləndə Nizami Gəncəvi xatırlanacaq. Bunlardan başqa Nərgiz xanımın təşəbbüsü ilə "Molla Nəsrəddin" jurnalı yenidən çap olunmuş, "Səməd Vurğunun xatirələri" kitabı, "Azərbaycan xalq çalğı alətləri" kataloqu hazırlanaraq  çap edilib.

Nərgiz xanım Paşayeva həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Alim ədəbiyyatla yanaşı, Azərbaycan incəsənətinin inkişafına da mühüm töhvələr bəxş edib. O, "Azərbaycan Mədəniyyətinin Dostları" xeyriyyə fondunun İdarə Heyətinin üzvüdür. 2006-cı ildə yaratdığı əsl sənət məbədi olan "ÜNS" bədii yaradıcılıq səhnəsinin bədii rəhbəridir. Görkəmli bəstəkar, Xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin "İntizar" operasına ilk dəfə libretto yazan Nərgiz xanım Paşayeva həm də operanın yeni quruluşda təqdim olunmasına nail olub. 11 may 2010-cu ildə H.Əliyev adına sarayda Beynəlxalq musiqi layihəsi çərçivəsində bu möhtəşəm əsərin premyerası təqdim edilib. Bundən əlavə, Nərgiz xanım məşhur "Qarabağnamə" operasının da libretto müəllifidir.

 

Akademik Nərgiz Paşayevanın elmi fəaliyyəti zəngin olduğu qədər də çoxtərəflidir. Beynəlxalq Elmi konfransların, simpoziumların, tədbirlərin ölkəmizdə, eləcə də xarici ölkələrdə təşkil edilməsində və keçirilməsində əhəmiyyətli fəaliyyəti ilə seçilən alimin fədakar əməyi təqdirəlayiqdir. 2009-cu ilin oktyabr ayında  Bakıda keçirilən və Görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilən “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” adlı Beynəlxalq İbn-ərəbi simpoziumun təşkilatçısı olan Nərgiz xanım, 2015-ci ildə Böyük Britaniyanın Oksford Universiteti Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim antik dövr Mərkəzi ilə birgə "Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər" adlı elmi-praktik konfransın həmsədri, 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının Prezidenti, 2016-cı ildə Böyük Britaniyanın Oksford Universitetinin ən qədim kolleclərindən biri, "Brasenose" kollecində Oksford Universiteti Nizami Gəncəvi adına Azsərbaycan və Qafqazşünaslıq Mərkəzinin növbəti "Trans-Xəzər əlaqələri (V-XIII əsrlər) mövzusunda keçirilən beynəlxalq elmi konfransının həmsədri olub.  2016-cı ildə alim Böyük Britaniyada təsis edilən "Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun qəyyumlar şürasının sədri seçilib.


Akademik Nərgiz Paşayevanın əməyi və çoxşaxəli fəaliyyəti istər ölkəmizdə, istərsə də xarici ölkələrdə həmişə yüksək qiymətləndirilib. 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya – Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı ilə təltif edilən alim, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Rusiya Federasiyasının Prezidenti D.Medvedevin 20 aprel 2011-ci il tarixli Sərəncamına əsasən N.A. Paşayeva Rusiya – Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının Ali Dövlət mükafatı ilə – “Dostluq” ordeni ilə təltif edilib.

Orden Prezidentin Moskva yaxınlığındakı “Qorki” iqamətgahının Mavi zalında 20 iyun 2011-ci ildə keçirilən təntənəli mərasimdə Rusiya Federasiyasının Prezidenti D.Medvedev tərəfindən şəxsən təqdim edilib. 2011-ci ilin aprel ayında Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalına layiq görülən alim, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsində şəxsi töhfələrinə görə Rusiya Federasiyasının Prezidenti D.Medvedevin Sərəncamı ilə “Dostluq” ordeni ilə mükafatlandırılıb və  mükafat N.A. Paşayevaya Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyasının Xarici işlər naziri S.Lavrov tərəfindən 04 aprel 2012-ci ildə MDU-nun Bakı filialında təqdim edilib. Macarıstan Prezidenti Pal Şmidtin 11 mart 2012-ci tarixli Sərəncamı ilə akademik Nərgiz Paşayeva 30 aprel 2012-ci ildə Macarıstanın Dövlət mükafatı ilə – “Xidmətlərə görə” Komandor xaç ordeni ilə təltif edilib. “ÜNS” yaradıcılıq səhnəsində keçirilən təqdimat mərasimində Ali Dövlət mükafatını  alimə  Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoro təqdim edib.

 

 

Akademik N.A. Paşayeva “Qafqaz Universiteti ilin adamını seçir” layihəsi çərçivəsində 2012-ci ildə “Beynəlxalq arenada Azərbaycanın təbliğində göstərdiyi xüsusi xidmətlərinə görə” nominasiyasında Fəxri fərmana, 2012-ci ildə isə “Avropa ticarət, kommersiya və sənaye iqtisadi palatası”nın (“European Chamber of Trade, Commerce and İsndustry – EEİG”) Qızıl ordeninə layiq görülüb. Ordeni Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatası Direktorlar Şurasının sədri, professor Haynts Helmut Veypustek təqdim edib. Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə Nərgiz xanım, 2013-cü ildə zabit dərəcəli “Akademik Palma” fransız ordeni ilə təltif edilib və mükafatı ona Fransanın Azərbaycandakı səfiri Paskal Monye təqdim edib. Akademik 2014-cü ildə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının ölkəmizin 20 müxtəlif nüfuzlu universiteti arasında keçirdiyi sorğuya əsasən “İlin Rektoru” adına layiq görülüb. O, 2015-ci ildə M.V.Lomonosov adına MDU-nun Bakı filialının yaradılmasında və inkişafında, Moskva Dövlət Universiteti ilə səmərəli əməkdaşlığın qurulmasında böyük xidmətlərinə görə Lomonosov adına MDU-nun Elmi Şurasının qərarı ilə Moskva Dövlət Universitetinin Fəxri professoru seçilib. 2015-ci ildə isə alim 47-ci Beynəlxalq Kimya Olimpiadasının təşkili və keçirilməsi sahəsində böyük təşkilatçılıq fəaliyyətinə görə Moldova Elmlər Akademiyasının diplomu ilə təltif olunub. Akademik N.A. Paşayeva 2017-ci ildə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə olan Oksford Universitetində “Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi”nin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə  AMEA-nın təsis etdiyi  "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2019-cu il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

 

Akademik N.A.Paşayevanın mətbuatda gedən və insan qəlbinə nüfuz edən, olduqca maraqlı müsahibələri, müdrik fikirləri onun daxili aləminin zənginliyindən, fərqli və həqiqətə söykənən düşüncə tərzindən xəbər verir. Alimin  “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovaya verdiyi müsahibə  maraqlı və müdrik fikirlərlə zənginliyinə görə diqqət cəlb edir. Müsahibə o qədər maraqlıdır ki, mən onu oxuculara qısa ixtisarla tezislər şəklində təqdim etmək istəyirəm. Düşünürəm ki, bu təqdimat Nərgiz xanımın zəngin ziyalı obrazının oxucu düşüncəsində canlanması üçün gözəl vasitədir...

 

“Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova ilə müsahibədən: 

 

Sual:  Universitetə rəhbərlik edirsiniz. Rəhbər hansı keyfiyyətlərə malik olmalıdır?

 

 

Akademik N.A.Paşayeva: ...İlk növbədə insani keyfiyyətlərə malik olmaq bir borcdur:  “Universitet böyük bir humanitar, sosial  bazadır. Ümumiyyətlə, tədris müəsissəsi ən böyük sosial məkan, mühüm sosial özəkdir.  Bura rəhbərlik edən insan bu özəyin hər bir üzvünə görə məsuliyyət daşıyır. Ona görə ki, bu insanların taleyi onun əlindədir.  Hətta əgər anlaşılmazlıq yarandıqda belə dərhal arxa çevirib getmək olmaz. Bu iş  sanki körpə uşağa qulluq kimdir. Sən axı ona deyə bilməzsən ki, bu gün sənə yemək verə bilmədim, amma sabah ikiqat verəcəyəm. Sənin daima mövcudluğun burada zəruridir.  Ona görə də ali məktəbdə iş təcrübəsi olmayan insan bu cür ağır yükə dözə bilməz… Amma mənim üçün bu iş bir peşəkar olaraq bütün həyatımdır. Bir mühüm məsələni də deyim: Layiqli insanları qiymətləndirməyi və onlara dəstək verməyi bacarmalısan.

 

Akademik N.A.Paşayeva: …təhsil insanın xarici görkəminə, simasına da nufuz edir: “İnsan nə qədər mədənidirsə, bu onun xarici görkəmində də özünü göstərir. Forma gözəlliyi məzmun gözəlliyidir. Məzmun nə qədər gözəldirsə, forma bir  o qədər  mükəmməldir. Mədəniyyət həmişə yüksək estetik zövqdür”…

 

Akademik N.A.Paşayeva: … “Gənclik vulqarlığı istisna etməlidir. Vulqarlıq gözəlliyi, cazibəni məhv edir. Çağdaş dünyada xarici görünüşün ştamp tendensiyası meydana gəlib.  Hamı eyni görünməyə çalışır. Mən 50-60-cı illərin obrazlarına üstünlük verirəm. Onlarda konfet dadı verən gözəllik yox, daxili gözəllik var. İndi belələrini nadir hallarda görmək olar. Dünya daha çox istehlakçı, mədəniyyət isə kütləvi olub.  Elitarlıq düşüb, fərdilik, incəlik, təkrarolunmazlıq az tapılır”.

 

 Sual:  Əgər hər hansı bir epoxaya qayıtmaq imkanınız olsaydı hansını seçərdiniz?

 

Akademik N.A.Paşayeva: “Mən 300-500 il əvvələ düşmək istərdim. Orada hər şeyə baxmaq maraqlı olardı. Xüsusən, hansı incəsənət növlərinin yarandığına baxmaq… Maraqlı olardı ki, gələcək insanın bədii düşüncələri, təfəkkürü hansı metodlar və imkanlar hesabına ifadə olunacaq. Amma bir şeyə şübhə etmirəm: İnsanlar öz əvvəlki mahiyyətində qalacaqlar”.

Akademik N.A.Paşayeva: … insanlarda dürüstlüyü və nəcibliyi qiymətləndirirəm, yalan, ikiüzlülük və biganəlik isə bəyənmədiyim xüsusiyyətdir.

 

Sual:  Pozitiv nədir

 

Akademik N.A.Paşayeva: Valideynlər övladlarını atmırsa, axmaqlar ağıllıların,  vicdansız dürüstün yerinə keçmirsə, savadsız həkim xəstələri məhv etmirsə, pis müəllim şagirlərini şikəst etmirsə,  tanıdığın adam kinli adama çevrilmirsə bu pozitivdir. Akademik N.A.Paşayevanın fikrincə, insanın daxili aləminə gəlincə, o əvvəldən ikilidir. Bu dualizm özünü insan ruhunda əks qütblərin əbədi mübarizəsində göstərir.  “Allah və şeytan” –Romantiklərin bu formulu dünyanın özü qədər qədimdir: “Pozitiv – Bu işığın zülmətdən çox olmasıdır. Biz mələk deyilik, bizim çoxlu çatışmazlığımz var. Amma bir var – çatışmazlıq, bir də var eybəcər yalançılıq. Bir var səhv, bir də var qəsdən bunu etmək. Yalançı xeyirxahlıqdan pis şey yoxdur. Yaxşı insan o adamdır ki, bütün ömrü boyu yaxşı qalmağa cəhd edir”.

Akademik N.A.Paşayevanın mətbuat haqqında fikirlərini isə media üçün əsl fəaliyyət proqramı hesab etmək olar :  ...Bəllidir ki, hər hansı bir mənbədən verilən məlumat doğru olduğu kimi, yalan da ola bilər və sirr deyil ki, bu cür yalan həm də sifarişli ola bilər. Sifarişli yalan isə həmişə "atasını öldürüb qəbrinə and içəni" xatırladır və qeyri-əxlaqi, qadağan olunan bir fənd sayılır. Bəs niyə bəzən qəzetlər bu sadə, lakin vacib aksiomanı bağışlanılmaz dərəcədə, bilərəkdən unudurlar? …Yer üzərində baş verən bütün hadisələrin əksər hallarda ən azından heç olmasa bir şahidi olur. Amma ən ali şahid Allah-Təalanın özüdür. Belə baxsan, hamını aldatmaq mümkündür, oxucunu da, jurnalisti də, polisi də, günahsızı da, günahkarı da, hətta qanunu da, amma Yaradanı yox. Bütün həyatım boyu bəndəni deyil, Yaradanı aldatmağa çalışanlara yazığım gəlib. Yalan onsuz da yalandır. Eybəcər və yararsız üsullarla ona doğru libası geydirmək heç nəyi dəyişmir… O ki, qaldı azad mətbuata, hörmətli jurnalistlər, gəlin söz azadlığını söz azğınlığına çevirməyək. Yadımıza salaq ki, Üzeyir bəy "hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyət, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan" demişdir. Nə olursa olsun, vicdanın azad və saf olması sözün azad və saf olmasının əsas və başlıca təminatıdır. Əmək fəaliyyətim boyu həmişə ictimai sahədə qulluq etdiyimə, illərlə jurnalistika fakültəsində dərs apardığıma və ümumiyyətlə, bu peşəyə böyük rəğbət bəslədiyimə görə baxışlarından və siyasi platformalarından asılı olmayaraq, bu peşənin vicdanlı və qərəzsiz, əsl mətbuat fədailərinin sıralarının həmişə möhkəm və sağlam olmasını arzulayıram. Arzulayıram ki, millətə, insanlara xitab edən və xidmət edən jurnalistlər həmişə ucuz effektlərdən, yüngül sensasiyalardan, təhrif olunmuş həqiqətlərdən, qərəzli sifarişlərdən, onları böyük məsuliyyətlərindən yayındıran əlamət və sindromlardan, impulsiv, qeyri-dəqiq, qeyri-dürüst məlumat və xəbərlərdən, eləcə də jurnalist etikasına xələl gətirən hər nə varsa onlardan uzaq olsunlar. Böyük ictimai xadim və yazıçı N.Nərimanov yazırdı: "Mətbuat ikinci bir dövlət qüvvətindədir". İstəyim budur ki, bu qüvvət həqiqətən ictimai faydaya və ədalətə xidmət etsin, vətəndaşa xidmət etsin. Ölməz Mirzə Cəlilin bugünkü şeyx Nəsrullahlarına deyil, hər zaman üçün nadir olan İsgəndərlərə xidmət etsin…

 

Nərgiz xanımın mətbuata bəslədiyi ehtiram onun  ana babası, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan professor Nəsir İmanquliyevin nümunə olan böyük Jurnalistika məktəbinin ənənələrindən irəli gəlir. Bir var bu məktəbin ənənələrini, qaydalarını eşidəsən, oxuyasan, bir də var ki, o məktəbin uzun müddət içində olasan, həmin ənənə və qaydaların canlı şahidi olasan… Buna görədir ki, mətbuat Nərgiz xanım  üçün doğma və doğma olduğu qədər də müqəddəsdir… Akademik mətbuat haqqında yazısını bu sözlərlə bitirir:  ...Yazımın əvvəlində olduğu kimi, sonunda da babamı, görkəmli jurnalist Nəsir müəllim İmanquliyevi yada salıram və onun jurnalist fəaliyyətinin hər zamanlar üçün universal və fundamental olan prinsiplərini iftixarla təkrarlayıram: Aldatma ki, aldanmayasan, Unutma ki, unudulmayasan, Satma ki, satılmayasan.

 

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış M.V.Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyətə başladı. Bir zamanlar Azərbaycan gənclərinin təhsil almaq üçün  yalnız xəyal etdiyi bir təhsil ocağı eyni yüksək tədris keyfiyyəti ilə Azərbaycana gəldi və qapılarını hamının üzünə açdı. Bu tədris ocağının qurulması, təşkili, fəaliyyəti və hazırda müasir dünya tələbləri səviyyəsində  təhsil verməsi məhz akademik Nərgiz xanım Paşayevanın yorulmaz zəhməti sayəsində mümkün olub.  Akademik N.A.Paşayevanın rəhbəri olduğu Lomonosov adına  Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyəti, gələcək perspektivləri haqqında mətbuata verdiyi müsahibə maraqlı fikirlərlə zəngin və təqdirəlayiq olmaqla yanaşı dediklərimizi təsdiq edir: …Filialın müəllimlərinin 90 faizi Moskva Dövlət Universitetinin "növbə rejimində" çalışan dosentləri və professorlarıdır. Ali məktəbin mövcud olduğu dövrdə MDU-nun çoxsaylı müəllimi burada dərs deyib. Bu faktlar çox şeydən xəbər verir. MDU-nun müəllimləri bizim ali məktəbin əsas tərkib hissəsidir. Bu cür müəllim heyəti olmasa, keyfiyyətli, yeni təhsili, bu gün ölkəyə lazım olan təhsili təmin etmək qeyri-mümkün olar. Çünki Moskva Dövlət Universiteti bütün dünyada tanınan təhsil ocağıdır. Keçmiş Sovet İttifaqından olan 18 nəfər Nobel mükafatı laureatından 11-i məhz M.V.Lomonosov adına MDU-nun məzunlarıdır. Belə ali məktəbdə adi, zəif müəllimlər ola bilməz. Onlar xüsusi adamlardır və onlar bizə həm peşəkarlar kimi, həm də peşəkar xarakterli biliklərin, eləcə də insan təbiətinə aid biliklərin daşıyıcıları olan şəxsiyyətlər kimi çox lazımdırlar. Ümumiyyətlə, MDU-nun Bakı filialının yaradılması ölkəmizin mədəni, elmi və təhsil həyatında böyük hadisədir. Ali məktəbin perspektivlərinə gəlincə, gələcəkdə filialı genişləndirmək, yeni fakültələr açmağı planlaşdırırıq Fikrimcə, fakültələrimizin sayı daha çox olarsa, biz bundan yalnız qazanarıq. Bu, həm elmin, həm də ictimai və mədəniyyətlərarası əlaqələrin xeyrinə olar. MDU-nun Bakı filialının məzunlarının peşəkarlığı və dərin bilikləri sayəsində ölkədə onlara tələbat çoxdur...  Akademik Nərgiz Paşayeva digər bir müsahibəsində qeyd edir: “Universitetin əsas funksiyası və ali missiyası həm tərbiyə və bilik vermək, həm də insan yetişdirməkdir. Böyük Hüqo deyib ki: “Müəllimlər insanları çiçəklər kimi bəsləməlidirlər”. Bu, əsasdır. Mənə elə gəlir ki, Moskva Universitetinin və Bakı filialının müəllimləri ilə birlikdə biz buna nail ola bilmişik. Bu, böyük bir missiyadır. Mənim aldığım diplom tək mənə şamil edilmir. Bu, Azərbaycanın adına və imicinə qürur və şərəf gətirən bir amildir. Belə bir mərhələdə mənim Vətənə olan borcum qismən yerinə yetirilibsə, özümü çox xoşbəxt sanaram. Mən fəxr edirəm ki, həmişə universitetdə işləmişəm, çox illərdir ki, universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam…”

Akademik N.A.Paşayevanın bədii yaradıcılığı da diqqətçəkən məqamlarla zəngindir. Onun liberetto müəllifi olduğu, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası  ilk dəfə 2007-ci ildə ölkə sənətkarlarının təqdimatında reallaşıb.  2010-cu ildə isə Heydər Əliyev Fondunun Beynəlxalq musiqi layihəsi çərçivəsində” opera yeni quruluşda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə  ictimaiyyətə təqdim edilib. Nərgiz xanım Paşayevanın liberetto müəllifi olduğu, Xalq artisti Firəngiz Əlizadənin digər operası “Qarabağnamə”dir. Əsərin premyerası 2007-ci ilin dekabrında  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində baş tutub. Operanın ideya müəllifi Mstislav Rostropoviç olub. Məhz o, bəstəkar Firəngiz Əlizadəyə Qarabağ münaqişəsi və Azərbaycan xalqının faciəsi haqqında opera yazmağı təklif edib. Operanın məzmunu əsərin adından bəllidir.  Operanın əvvəlində Qarabağ çiçəklənən bir diyar kimi təqdim edilib. Seyid kişi və Əsli xanım toy tədarükü görür: onların qızı Mələklə Arifin  yaxında toyunun olacağı nəzərdə tutulur. Lakin gözlənilmədən məlum hadisələr baş verir və bu, Seyid kişinin ailəsindən də yan keçmir. Məlum olur ki, Seyid kişinin öz evində sığınacaq verdiyi, ata-anasını belə tanımadığı uşaq, sən demə, Yad adamın oğlu imiş. Özünü kimsəsiz bir qoca kimi qələmə verən, Seyid kişinin evində sığınacaq istəyən Yad adam isə Mələyin toy günündə düşmənlərlə əlbir olaraq Seyid kişinin kəndini qarət edir. Arif həlak olur, Mələk dağlarda donur, Əsli isə balaca oğlu ilə qalır. Düşmən həmin uşağı öldürmək istəsə də, bunu bacarmır. Əsərdə Mələk və Arifi sonradan "göylərdə qovuşduran"   Dərviş obrazı da var. Opera yaxın keçmişimizin acı həqiqətinə həsr olunsa da, əsərin finalında ədalətin bərpasına inam tamaşaçıya ümid verir. Bəli, əsərin müəllifləri yanılmamışdılar... 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində əsərdə təqdim edilən ümidi reallığa çevirdi və Qarabağ torpaqlarını qəsbkarların işğalından azad etdi.

 


2013-cü ildə Akademik N.A.Paşayevanın təşəbbüsü və fədakar əməyi sayəsində  Oksford Universiteti nəznində “Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi”nin   yaradılması Azərbaycan elm tarixində əsl sensasiya, əhəmiyyətli hadisədir. Mərkəz Azərbaycanın zəngin tarixi-mədəni irsinin öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə tanıtmaq məqsədi ilə Böyük Britaniyada Oksford Universitetinin nəznində yaradılan ilk elmi-tədqiqat ocağıdır. Həmin mərkəzin fəaliyyətini müntəzəm izləyən bir şəxs kimi ötən il Nərgiz xanım Paşayevanın bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi layihələr barədə düşüncələrini  “Tarixə yazılan imza...” adlı və Azərtac İnformasiya Agentliyi tərəfindən yayımlanan irihəcmli məqaləmdə bildirmişəm.  

 

 

Azərbaycanın beynəlxalq arenada bugünkü siyasi nüfuzunu nəzərə alaraq, onun tarixi həqiqətlərini və zəngin mədəniyyətini beynəlxalq elmi cəmiyyətə çatdırılmaq və tanıtmaq həm elmi, həm də siyasi əhəmiyyət kəsb edir. Bu baxımdan akademik Nərgiz Paşayevanın Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun, Müqəddəs Endrüs və Nyu-York Universitetinin professoru Robert Hoylandla birgə təşəbbüsünün nəticəsi olaraq Qərb dünyasının ən nüfuzlu tədris ocağı olan Oksford Universiteti nəznində “Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi”nin yaradılması təqdirəlayiq hadisədir. İngiltərə  alimlərinin Mərkəzin məhz  Nizami Gəncəvinin adını daşımağına razılıq verməsində və onların Nizaminin türkmənşəli, Azərbaycan şairi kimi qəbul etməsində Nərgiz xanım Paşayevanın əvəzolunmaz rolu var. Oksford Universitetinin rəsmi internet səhifəsində göstərildiyi kimi, Nizami Gəncəvi Programının əsas məqsədi mühüm strateji əhəmiyyət kəsb edən və mədəni cəhətdən təkrarolunmaz Qafqazın qədim və eyni zamanda zəngin tarixinin siyasətdən uzaq, obyektiv şəkildə araşdırmasında və öyrənilməsində mövcud olan boşluqları doldurmaqdır. Mərkəzin fəaliyyət xronologiyası və coğrafi əhatə dairəsi, eləcə də araşdırmaların əsas tədqiqat obyekti müasir Azərbaycanın ərazisi, tarixi və əvvəlki dövrlərdə onunla sıx əlaqədə olan qonşu dövlətlərin 1864-cü ilə qədərki tarixi olacaq.

“Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi”nin əsas vəzifələri:

Azərbaycan Albaniyasının qədim paytaxtı və Qafqazda ilk müsəlman qarnizonlarından biri olan Bərdə şəhərində arxeoloji qazıntıların aparılması;

Azərbaycan və Qafqaz tarixinə aid rus və Azərbaycan dillərində yazılmış mühüm əsərlərin ingilis dilinə tərcüməsi və ictimaiyyətə tanıdılması;

Oksford Universitetinin  və kənardan dəvət olunmuş  alimlərin  iştirakı ilə mühazirə və seminarların təşkili;

Azərbaycanın və Qafqazın qədim dilləri və mədəniyyətinin öyrənilməsinə yönəlmiş tədqiqatların, seminarların və xüsusi mühazirələrin nəticələrini işıqlandırmaq və beynəlxalq elmi ictimaiyyətə çatdırmaq məqsədi güdən internet saytının yaradılması və fəaliyyət göstərməsi;

Şərqşünaslıq, tarix və arxeologiya istiqamətləri üzrə elmi araşdırmaların maliyyələşdirilməsi.

 

 

Azərbaycanın orta əsrlər tarixinin tədqiqinə həsr edilən ingilisdilli tarixşünaslığın materiallarının təhlili göstərir ki, Azərbaycanın elmi-mədəni irsinin dünya elm ictimaiyyətinə düzgün təqdim olunmasında bu Mərkəzin rolu əvəzsizdir. İngilisdilli tədqiqatçıların əksəriyyəti nəinki Azərbaycanda türkləşmə prosesinin məhz XI əsrdə, Səlcuqların  ərazimizə gəlməsi ilə başlanmasını iddia edir, hətta türklərin ümumiyyətlə Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür olduğunu vurğulayırlar. Təəssüfləndirici faktdır ki,  ingilisdilli tədqiqatçıların əsərlərinin əksəriyyətində Azərbaycan İranın tərkib “hissə”si, “Şimali-Qərbi İran” kimi təqdim olunub. Bu təqdimat isə ingilisdilli tarixşünaslıqda Azərbaycanın qədim dövlətçilik tarixinin və zəngin mədəniyyətinin inkarı deməkdir. Bu isə ingilisdilli tədqiqatçıların əsərlərində Azərbaycanı hər hansı ictimai-siyasi hadisələrin subyekti yox, məhz passiv obyekti kimi təqdim edilməsinə səbəb olub. Bəlkə elə bu səbəbdən ingilisdilli tarixşünaslığın materiallarında Azərbaycanın əsasən siyasi hadisələri işıqlandırılıb, sosial-iqtisadi və ələlxüsus etnomədəni məsələləri ayrıca bir tədqiqat obyekti olaraq öyrənilməyib. Belə hallara təkcə orta əsrlər tarixinin tədqiqində deyil,  digər dövrlərin araşdırmalarında da rast gəlmək olur. Çox təəssüf ki, indiyə kimi nəinki Oksford Universitetində, həmçinin bütün Qərbdə dahi Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının, İslam mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, böyük mütəffəkir və filosof olan Nizami Gəncəvi fars şairi kimi tanınıb. Göstərilən mövcud bütün yanlışlıqların bir səbəbi Qərb tədqiqatçılarının milli kimliliyindən doğan subyektiv münasibətlər və siyasi baxışlardırsa, digər səbəb  ingilisdilli tədqiqatların mənbəşünaslıq və tarixşünaslıq bazasının məhdudluğudur. Faktiki olaraq, ingilisdilli araşdırmaçıların Azərbaycanın orta əsrlər dövrünü əhatə edən heç bir sanballı, fundamental əsəri yoxdur. Yalnız bəzi elmi məqalələr istisnalıq təşkil edir. Yaranmış vəziyyətin bir neçə obyektiv və subyektiv səbəbləri ola bilər. Mümkündür ki, öz  tədqiqatçılarımızın elmi araşdırmalarının nəticələri yalnız ölkəmiz dövlət müstəqilliyi əldə edəndən sonrakı müddətdə beynəlxalq elmi cəmiyyətə məlum olub. Və yaxud ingilisdilli tədqiqatçıların Azərbaycan dilini bilməmələri, eləcə də öz tədqiqatçılarımızın göstərilən dövrü əhatə edən monoqrafiyalarının və elmi məqalələrinin ingilis dilində az olması və yaxud da heç olmaması da səbəblərdən biri ola bilər. Məhz bu qədər ciddi problemlərin həllini nəzərdə tutan, Qərb dünyasının ən nüfuzlu tədris ocağı olan Oksford Universiteti nəznində “Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi”nin yaradılması akademik Nərgiz Paşayevanın misilsiz xidmətinin, Azərbaycan naminə nail olduğu uğurun miqyasının göstəricisidir. Mərkəz tərəfindən həyata keçirilən Azərbaycan mədəniyyəti və tarixinə aid rus və azərbaycandilli əsərlərin, başlanğıc üçün “Albaniya tarixi” və Yevgeni Bertelsin “Nizami – böyük Azərbaycan şairi” kimi fundamental əsərlərinin ilk dəfə ingilis dilinə tərcüməsi və Oksfordda yerləşən dünyanın ən böyük nəşriyyatında çap edilməsi olduqca böyük starteji əhəmiyyətə malikdir. Akademik Nərgiz Paşayevanın qeyd etdiyi kimi, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının dəyərli əsərləri var: “Bu əsərlər Oksford Universitetində tədris edilən  kitablardan almanların, ingilislərin,  fransızların yazdıqları kitablardan elmi tutumuna görə heç də az əhəmiyyətli deyildir”. Akademik belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən birinin də Sovetlər dövründə beynəlxalq aləmdə özünü yetərincə anlatmayan, büruzə verməyən və sübut etməyən Azərbaycanın elmini tanıtmaqdır: “Bu boşluğun obyektiv səbəbləri o idi ki, Sovetlər dönəmində heç bir ictimai-humanitar elm sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idi və elmi kitablar, əsərlər rus dilindən savayı heç bir Avropa dillərinə yüksək səviyyədə tərcümə edilməyib”.

Oksford Universitetinin nəznində “Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi”nin yaradılması Azərbaycan dili, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Mərkəz Oksford Universitetində Azərbaycandan və həmçinin digər xarici ölkələrdən müxtəlif ixtisas sahələri üzrə tələbə və akademik proqramlarını həyata keçirməyi planlaşdırıb. Akademik Nərgiz Paşayevanın yaratdığı "Elmə və Təhsilə Dəstək Fondu”nun  maliyyə vəsaiti ilə Azərbaycan mədəniyyətinin və tarixinin araşdırılması ilə məşğul olacaq 3 doktorant, 3 magistr yetişdirmək nəzərdə tutulub. Həmçinin Azərbaycan alimlərinin elmi tədqiqatlarının Oksford Universitetinin Şərqşünaslıq fakültəsində dəstəklənməsi və Bərdə şəhərində arxeoloji qazıntıların aparılması da fəaliyyət proqramına daxil edilən mühüm amillərdir. Nizami Gəncəvi Proqramının ilk iki alimindən biri olan C.Vayt məhz Nizaminin “Xəmsə”sinin tədqiqi ilə əsaslı surətdə məşğul olmaqdadır. “Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzi”ndə akademik Nərgiz Paşayeva və Robert Hoylandla yanaşı, Edmund Hertziq və Poul Vordsvort kimi görkəmli alimlər çalışır. Oksford Universitetində Nizami Gəncəvi Programı çərçivəsində Robert Hoyland, Nargiz Paşayeva, İrina Şingiray, Ceyms Hovard-Conston, Lalə Əliyeva, Rayan Linç, Nik Evans, Con Latam kimi tanınmış alimlərin iştirakı ilə 6 iyun 2015-ci il tarixində “Qədimdən erkən İslama qədər Şərqi Qafqaz” adlı ilk,  11 iyun 2016-ci ildə isə “Transxəzər əlaqələri (400-1200-ci illər)” adlı ikinci beynalxalq konfrans keçirilib. Tarixə xidmət, elə tarixi xidmətdir... Bu mənada akademik Nərgiz Paşayevanın  gördüyü işlərin miqyası Azərbaycan elm tarixinin son on illiklərinin ən yüksək məqamlarını əhatə etməkdədir. Nizami Gəncəvi adına Elmi Mərkəzinin və onun Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın həyata keçirdiyi və müstəqil Azərbaycanın dünya miqyasında tanıdılmasına xidmət edən bu möhtəşəm, fundamental, tarixi həqiqətlərə söykənən işlər sözün həqiqi mənasında tarixi hadisələrdir. Uzun illər boyu reallaşdırılmayan və ya reallaşdırılması mümkün olmayan, əlçatmaz hesab edilən işlərin çoxu fədakar bir alimimizin, dəyərli bir ziyalımızın zəhməti sayəsində artıq bu günümüzün həqiqətidir. Akademik Nərgiz Paşayevanın Oksford Universitetindəki bu uğurlu və yorulmaz fəaliyyəti dünya elmi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilir, eləcə də həmin ali təhsil ocağının təşkil etdiyi ən nüfuzlu mərasimlərdə, təntənəli qəbullarda layiqincə dəyərləndirilir. 2019-cu ilin mart ayının 19-da Oksford Universitetinin Bodli kitabxanasının yaradıcısı Ser Tomas Bodlinin şərəfinə universitetin ali akademik heyəti və fəxri qonaqları, məşhur alimlər, ictimai xadimlər,  Böyük Britaniya Parlamentinin üzvləri, Oksford Universitetinin əsas akademik tərəfdaşları üçün təşkil edilən 31-ci ənənəvi təntənəli tədbirdə Bodli kitabxanasının rəhbəri Riçard Ovendenin dəvəti ilə akademik Nərgiz Paşayevanın da iştirakı alimimizin fəth etdiyi zirvənin əzəmətinin göstəricisidir.  Dünya elminin  bu ali mərtəbəsində Azərbaycan elminin nümayəndəsinin təmsil olunması müasir elm tariximizin ən yüksək nüfuz göstəricisidir. Bir sıra diskussiyaların və fikir mübadilələrinin aparıldığı, 80 nəfərə yaxın nüfuzlu qonağın qatıldığı təntənəli qəbulun rəsmi hissəsində Bodli Kitabxanasının rəhbəri R.Ovendenin çıxışında Oksford Universiteti nəznində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin, eləcə də onun rəhbəri akademik Nərgiz Paşayevanın fəaliyyətinin xüsusi olaraq ehtiramla qeyd edilməsi, həmin Mərkəzin qısa zaman çərçivəsində elmi-akademik, təhsil-maarifçilik və tarix-arxeologiya sahələrində gərgin işinin uğurlu nəticələrinin təsdiqidir.

 

Yazımı elm və həyat haqqında düşüncələrlə başlamışdım...  Elmi mənsub olduğu xalqın həyatına ehtiram bəxş edən, ehtiram gətirən, onu dünyada tanıdan, həyatını isə xalqına qürur gətirən elmin inkişafına, eləcə də xalqın gələcəyi olan gənclərin müasir dünya səviyyəli, mükəmməl təhsil almasına həsr edən bir alimin, dəyərli bir Azərbaycan ziyalısının fəaliyyəti elm salnaməmizin şərəfli və qürurverici səhifəsidir. Akademik Nərgiz Paşayeva o nadir Azərbaycan ziyalılarındandır ki, elmi həyatı, həyatı isə həmişə elmlə vəhdətdə olub. Azərbaycan elminin dünyanın ən nüfuzlu elmi tədbirlərində təmsil edilməsi, Azərbaycan tarixinin, ədəbiyyatının müasir dünya elm adamlarının diqqətinə çatdırılması, eləcə də Azərbaycanda aparılan elmi tədqiqatlara dünya alimlərinin cəlb edilməsi  ölkəmizin dünyada rolunun və  yerinin müəyyən edilməsində misilsiz əhəmiyyətə malikdir. Məhz bu fədakar zəhmət, gələcək nəsillərə yol göstərən, fəxarət mənbəyi olan nümunəvi fəaliyyət  hər bir Azərbaycanlının qəlbində əbədi bir iftixara çevrilib. Fəaliyyətindən qürur duyduğumuz görkəmli alim, akademik Nərgiz xanım Paşayevanın əməyi sayəsində ölkəmiz adına, Azərbaycan elmi adına misilsiz uğurlar gəlib həmişə. Məhz buna görə də dəyərli elm xadimi, görkəmli  ziyalı haqlı olaraq Azərbaycan xalqının böyük ehtiramını, dərin hörmətini qazanıb. Biz də öz növbəmizdə Azərbaycan elminin fəxarət ünvanı, böyük Azərbaycanlı, akademik Nərgiz xanım Paşayevanı doğum günü  münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni uğurlar arzu edirik.

Eldar  İskəndərzadə

Şair-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan

Respublikası Kinematoqrafçılar İttifaqının üzvü,

“Qızıl qələm” və  “H.B. Zərbabi” mükafatçısı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü