Modern.az

Birinci vitse-spikerdən “Freedom House”a sərt CAVAB - ÖZƏL

Birinci vitse-spikerdən “Freedom House”a sərt CAVAB - ÖZƏL

Aktual

16 Aprel 2024, 13:48

ABŞ-də fəaliyyət göstərən və özünü demokratiya və insan hüquqlarının keşikçisi kimi qələmə verən “Freedom House” təşkilatı bu günlərdə dərc etdiyi “Xalqlar keçiddə 2024” adlı illik hesabatında hazırda beynəlxalq aləmdə cərəyan edən proseslərə dair özünəməxsus şəkildə rəylərini açıqlayıb.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli deyib.

 

O bildirib ki, bütövlükdə hesabat müəlliflərinin açıq-aşkar pozucu mövqedən çıxış edərək diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxdıqları aydın şəkildə sezilir.

 

"Ayırıcı xətləri dərinləşdirərək ikili standartlar üzərindən dövlətləri öz tərzlərinə uyğun bu və ya digər düşərgəyə aid edən “Freedom House” ölkəmizi də dünya ictimaiyyətinə mənfi obrazda təqdim etməyə cəhd göstərib. Belə ki,  Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini və müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri, 2023-cü il sentyabr ayında Qarabağda həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində guya insan hüquqlarının pozulduğunu iddia edirlər.


Bu fakt illər boyu erməni lobbisinin təsiri altında fəaliyyət göstərən təşkilatın ölkəmizə qarşı ədalətsiz və qərəzli münasibətinin ilk təzahürü deyil. “Qeyri - hökumət" təşkilatı olan “Freedom House”-un antiazərbaycan mövqeyi çoxdandır ki, Bakıda heç kəsi təəccübləndirmir. Görünən odur ki, kollektiv Qərb Azərbaycanın artan gücünü və müstəqil siyasətini həzm edə bilmək üçün özündə güc tapa bilmir. Əksinə, üçüncü sektoru, o cümlədən müstəqil QHT adı altında fəaliyyət göstərən, özünü  "demokratiya və insan hüquqlarının keşikçisi" kimi qələmə verən, əslində isə asılı və muzdlu hökumət aləti olan "Freedom House" təşkilatını özünün qərəzli niyyətlərini reallaşdırmaq üçün ideoloji vasitə kimi istifadə edir. Məlum olduğu kimi, təşkilatın 80 faiz büdcəsi qrantlar vasitəsilə ABŞ hökuməti tərəfindən maliyyələşdirilir. Ona görə də təəccüblü deyil ki, bəzən bu QHT-ni Dövlət Departamentinin Amerika qaydalarına uyğun oynamaq istəməyənlərin üstünə  buraxdığı zəncir köpəyi adlandırırlar. Prezident İlham Əliyev hələ ötən il iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına müsahibəsində "Freedom House" və digər oxşar təsisatların fəaliyyətinə siyasi qiymət verərək bildirmişdi ki, "Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, "Human Rights Watch", "Amnesty International" və "Freedom House" müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar".


Lakin Freedom House təkcə ABŞ-ın siyasi dairələrinin deyil, eyni zamanda millətçi fanatizmdən əziyyət çəkən ermənilərin də əlində bir oyuncağa çevrilib. Bu təşkilatın Azərbaycana müntəzəm hücumlarının bir izahı da elə onun ermənipərəst mövqeyi ilə bağlıdır. Ermənilər həqiqətən də “Freedom House”-da dərin kök salıblar. Ümumilikdə zərərli və yanlış olan hesabatda Azərbaycanın xüsusi hədəfə alınması təşkilatın vitse-prezidenti Anni Boyaçıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin, o cümlədən idarəçilikdə rol alan Roza Melkumyan, Şaron Nazaryan, Andranik Şirinyan, Viktoriya Andreasyan kimi erməniəsilli şəxslərin fəaliyyətinin nəticəsidir. Belə ki, onlar insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə milli təəssübkeşlikdən çıxış edir, mövqelərindən və resurslarından sui-istifadə edərək Azərbaycana qara yaxırlar. Ancaq reallıq ondan ibarətdir ki, kimin necə münasibət bəsləməsindən asılı olmayaraq bizim ötən dövrdə əldə etdiyimiz tarixi nailiyyətlər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikcəsinə reallaşdırdığı mütərəqqi praqmatik siyasi kurs, atdığı dəqiq diplomatik addımlar rəsmi Bakının dünya ölkələri sırasındakı çox nüfuzlu mövqeyini qoruyub saxlamağa və daha da yüksəltməyə təminat verir".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!