Modern.az

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA

Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA

Aktual

9 May 2024, 13:01

“Mənim İsraildən Bakıya gəlişimin səbəbi qardaşım Albert Aqarunovun ad günüdür. Demək olar ki, Bakıya tez-tez baş çəkirəm, Azərbaycan bizim də Vətənimizdir. Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin köməyilə qardaşımın döyüşdüyü Şuşa şəhərində oldum. Bu, mənim üçün olduqca çətin və duyğulu anlar idi”.
 

Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının şəhidi, milliyətcə dağ yəhudisi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.

O, bundan sonra tarixi Şuşada yaşamaq istədiyini bildirib:

“Məmuniyyətlə Şuşada yaşamaq üçün müraciət etmək istəyərəm. Mən çox istərdim ki, işğaldan azad edilmiş bütün rayonları ziyarət edim, düşünürəm ki, arzumuz tezliklə gerçəkləşəcək.
 

Bilirəm ki, Azərbaycan xalqı Albertə çox dəyər verir. Buna görə də bütün Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk. Azərbaycana və Şuşaya səfəri təşkil etdiyinə görə, Diaspor Komitəsinə, başda sədr Fuad Muradova dərin təşəkkürümüzü bildiririk”,- deyə o vurğulayıb.


Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterburodu" adını alıb.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar