Modern.az

İlham Əliyevlə qürur duyuruq

İlham Əliyevlə qürur duyuruq

Aktual

15 Noyabr 2021, 18:48

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşündə Prezident cənab İlham Əliyevin Qarabağın işğaldan azad edilməsi işində göstərdiyi səylərə və türk birliyinin daha da gücləndirilməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi hər birimizə böyük fərəh hissi yaşatdı. Bu gün hər bir Azərbaycan vətəndaşı öz Prezidenti cənab İlham Əliyevlə qürur duyur. Cənab İlham Əliyevin "Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır" söyləməsi ölkə başçısının öz xalqını necə uca tutmasını və sevdiyini nümayiş etdirmiş oldu. Danılmaz faktdır ki, dünya liderləri cənab İlham Əliyevi güclü siyasətçi və diplomat, müdrik və qətiyyətli ölkə başçısı kimi qəbul edirlər.

 

Çıxışında cənab İlham Əliyev Vətən Müharibəsinin ilk saatlarından Türkiyənin Azərbaycanın yanında olduğunu, mənəvi və siyasi dəstək göstərdiyini xüsusi vurğuladı. Qardaş dövlətin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan bu savaşda tək deyil, Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır" deməsi müharibə zamanı bizə əlavə güc verdi. Bu gün Türkdilli dövlətlər bir-birilə daha çox həmrəylik nümayiş etdirir. Türkdilli dövlətlər arasında Türkiyə son illər istər iqtisadi, istərsə də siyasi və hərbi cəhətdən bütün dünyada söz sahibinə çevrilmişdir. Türkiyə bu gün dünya siyasətinə önəmli təsir edə biləcək bir dövlətdir. Qardaş Türkiyənin güclü dövlətə çevrilməsi digər Türkdilli dövlətlərin də güclənməsinə böyük təkan verir.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qurumun adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması haqqında qərar qəbul edildi. Türk Dövlətləri Təşkilatı yaxın vaxtlarda dünyada güclü və siyasi proseslərə təsir edə biləcək bir quruma çevriləcək. Çünki Təşkilata üzv dövlətlərin xalqları eyni kökə malikdir və bu dövlətlər digər qurumların işində bir birlərini dəstəkləyir. Əvvəllər 4 üzv dövlətdən ibarət olan qurumun üzvlərinin sayı bu gün 7 -yə çatmışdır.

 

Çıxışında cənab İlham Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduğunu və 44 gün ərzində torpaqlarımızın azad edildiyini də vurğuladı. Azərbaycan dövləti və xalqı BMT TŞ-nın 1993 cü ildə qəbul etdiyi və kağız üzərində qalmış qətnamələrini özü yerinə yetirdi. Ölkə başçısı bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük bərpa və yenidənqurma işləri haqqında iştirakçıları məlumatlandırdı. Işğaldan azad edilmiş ərazilərimizin bərpasında Türk şirkətləri yaxından iştirak edir və şəhər və kəndlərimizin yenidən qurulmasında bu şirkətlərin əvəzsiz xidmətləri danılmazdır.

 

Müharibənin bitməsi ilə regionda yeni reallıqlar yaranmışdır. Bu reallıqlardan ən başlıcası Zəngəzur dəhlizinin açılması olacaqdır. Bu dəhliz açıldıqdan sonra Türk dövlətləri və digər region dövlətləri birləşəcək. Bu eləcə də Avropa ilə Asiyanı birləşdirəcək bir dəhliz olacaq.

 

Cənab İlham Əliyev çıxışında Ermənistana Azərbaycan və Türkiyəyə qarşı torpaq iddialarından əl çəkməyə, əks halda bu ölkənin aqibətinin yaxşı olmayacağı barədə ermənilərə bir mesaj vermiş oldu.

 

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?