Bu gün Kiyevdə müstəqil Ukrayna Respublikasının birinci prezidenti Leonid Kravçukla vida mərasimi keçirlir.
Modern.az "Ukrayinska Pravda"ya istinadən xəbər verir ki, mərasim yerli vaxtla saat 11.00-da paytaxtın mərkəzində, Avropa Meydanında yerləşən “Ukrayna Evi”ndə keçirilir.
Mərkəzi girişdə Ukraynanın ilk prezidentinin cənazəsini Kiyevin meri Vitali Kliçko, mədəniyyət naziri Aleksandr Tkaçenko, Ukrayna Sosialist Partiyasının keçmiş rəhbəri Aleksandr Moroz və Surkis qardaşları (iş adamları İqor və Qriqori Surkis) qarşılayıblar.
L.Kravçuk Baykove qəbiristanlığında dəfn olunacaq, məzarı Kiyevin keçmiş meri Aleksandr Omelçenkonun məzarının yanında olacaq.
Qeyd edək ki, mərhum prezident 7 gün öncə - mayın onunda vəfat edib.
Kravçuk Ukraynanın ilk prezidenti olub. 1991-ci ildə iqtidara gələn L.Kravçuk Ukrayna prezidentləri arasında ən qısa müddətə ölkəyə rəhbərlik edib, cəmi 32 ay. 1993-cü ildə Ukrayna tarixində ən böyük mədən tətili 1994-cü ilin yayında növbədənkənar prezident seçkilərinə səbəb olub. Prezidentlik dövründə Kravçuk 1992-1993-cü illərdə hiperinflyasiya və Ukraynanın müstəqilliyinin ilk illərindəki iqtisadi böhranla yadda qalıb.
Prezidentliyindən sonra Kravçuk bir neçə dəfə Ukrayna Ali Radasına deputat seçilib, lakin 2006-cı ildə partiyasının parlamentə daxil olmaq üçün kifayət qədər səs toplaya bilməməsindən sonra Ukraynanın birinci prezidenti yenidən namizədliyini irəli sürməmək qərarına gəlib. 2020-ci ilin iyulunda Kravçuk Donbasdakı vəziyyəti həll etmək üçün üçtərəfli təmas qrupunda Ukrayna nümayəndə heyətinin rəhbəri olmuşdu.