"İƏT PA-nın konfransının yüksək şəraitdə təşkilatçılığını həyata keçirən spiker Sahibə Qafarovaya təşəkkürümü bildirirəm".
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Milli Məclisdə keçirilən üçüncü ümumi konfransında deyib.
TBMM sədri qeyd edib ki, koronavirus pandemiyası dünyada ciddi problemlərə səbəb olub:
"Həmrəylik və koordinasiya prioritet məsələyə çevrilib. Bu proses parlamentlər və parlament diplomatiyasının böyük əhəmiyyət kəsb etdiyini dünyaya çatdırıb. Türkiyə olaraq pandemiya əleyhinə mübarizədə çoxtərəfli fəaliyyətin tərəfdarıyıq.
BMT-nin G-20 və digər platformalarda fəaliyyətinə əhəmiyyət vermişik. Ümidsizliyin ardından ümid gəlir.
Pandemiyanın mənfi təsirləri davam edir. 500 milyon insan yoluxub, 6 milyon 300 min şəxs ölüb. Buna qarşı mübarizə sonrakı prosesdə hamımız üçün prioritet məsələ olmalıdır".