İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin aprel ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri açıqlayıb.
Agentlikdən Modern.az-a verilən məlumata görə, aprel ayında dövlət tibb müəssisələrinə 849 726 şəxs 1 571 809 dəfə müraciət edib.
Rəsmi məlumata görə, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 448 090 olub:
"Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 30 %-ni uşaqlar, 70 %-ni böyüklər təşkil edib.
Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə mamalıq və ginekologiya ilə bağlı olub".