Modern.az

Kainatın dərki və ya aləmə fərqli baxış...

Kainatın dərki və ya aləmə fərqli baxış...

Aktual

19 May 2022, 15:24

Görkəmli alim, mexanik-filosof, professor Əhəd Canəhmədovun hikmət dünyası...

 

Ətraf  aləmin dərk edilməsi, kainatın sirrlərinin mənimsənilməsi həmişə bəşər övladını ən çox düşündürən suallardan biri, bəlkə də birincisi olub. Yaranışın sirri, dünyanın yaranışı alimlərin, hikmət sahibi olan mütəffəkirlərin, filosofların, seçilən insanların ən çox araşdırdığı mövzulardır... dünyanın dərki idraki proses olduğundan, araşdırılan eyni suallara müxtəlif cavablarla aydınlıq gətirilib...Və ən maraqlısı da bu olub ki, hər bir alim, filosof, yazıçı, şair öz nəticələrində tamamilə həqiqət olan həqiqətə çatıb... lakin nəticələr müxtəlif olduğu kimi, həqiqətlər də müxtəlifdir... əksikliklərin vəhdəti həmişə eyni predmetlər arasında olur məyər? Və ya müəyyən  məkan və zaman çərçivəsində baş verən hadisələr hər bir məkan və zaman üçün mütləq hesab edilə bilərmi?! Sirli aləmlərin dərinliyinə baş vurmaq qabiliyyəti olanların gəldiyi nəticələrlə tanış olduqca bir mütləq həqiqəti anlayırsan ki, kainatın sirrlərini sona qədər öyrənmək bəşər övladının imkanları xaricindədir. Ən azı bu günümüzün ən real həqiqəti budur. Müdriklərin hikmətli nəzəriyyələri, kəlamları  bu ali həqiqətlərə gedən yollarda ən yaxşı bələdçi ola bilər... Bir həqiqət də var ki, hər dövrün öz mütəffəkiri, öz filosofu, Ulu Tanrının ona verdiyi xüsusi istedad və bacarıq sayəsində kainat sirlərinə yiyələnmək üçün düşünür, axtarır, nail olur, heyrətamiz nəticələr əldə edir... Tədqiqatları ilə sözün həqiqi mənasında əsl hikmət çeşməsi kimi çağlayan, kainatın sirlərinə özünəməxsus həqiqətlərilə nur səpən, onları hamı üçün qaranlıqdan işıqlığa çıxaran mexanik-filosof, professor Əhəd Canəhmədovun son illərdə apardığı tədqiqatların nəticələri olan kitabları, fundamental əsərləri dediklərimizin sübutudur.

Əsərlərindən öncə sizə müasir dünya elmində Azərbaycanımızı ləyaqətlə təmsil edən, nüfuzlu elm xadimi, dəyərli alimimiz  Əhəd Canəhmədov haqqında məlumat vermək, bu müdrik filosof haqqında bildiklərimi, eşitdiklərimi danışmaqdır. Bu həmin professor Canəhmədovdur ki, onu elm dünyasına dünya şöhrətli alim, akademik, SSRİ və Rusiya Federasiyası Dövlət mükafatları laureatı, Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti  Boris Qusev belə təqdim edib: “Əgər  XX əsrin əvvəlində Qərbdə Anri Berqson “Yaradıcılıq təkamülü”nü yaradıbsa, XXI əsrin əvvəlində Şərqdə Əhəd Canəhmədov “Mühəndislik fəlsəfəsi”ni  yaratdı.”  Qeyd etmək istərdim ki, fransız filosofu Anri Berqson “Yaradıcılıq təkamülü” əsərinə görə 1927-ci ildə Nobel mükafatına layiq görülüb.

 

“Mühəndislik fəlsəfəsi”  üzrə tədqiqatlarını yorulmadan davam etdirən Əhəd müəllim öz fəlsəfəsini daim müdrik düşüncələrinin nuru ilə işıqlandırmaqdadır. Ən böyük fəlsəfə yaradılanların sirrindədir...  Kainat isə özü boyda sirlərlə doludur... Kainat  sonsuz olduğu kimi onu sirlərini öyrənmək də hər gün zəhmət çəkməyi tələb edir. Əhəd müəllim öz hikmət dünyasının gözüylə aləmlərin sirrini açdıqca dünya elmi qarşısında da yeni səhifələr açılır...  “Mühədislik fəlsəfəsi” canlı varlıq kimi həyatına davam etdikcə böyüyür, kamilləşir, müdrikləşir və nəhayətdə yeni-yeni zirvələr fəth edir... Beləliklə, Əhəd Canəhmədovun  əməyi sayəsində üzü işıqlanan sirlərin mahiyyəti, işıq üzü görən hikmət xəzinəsi olan yeni kitablarda  açılır...  Və bu müdriklik fəlsəfəsinin davamını “Kainatın dərki” («Познание  окружающего мира» (трактат)  Apostrof- A; Баку -2021- 356 с.)  adlı yeni elmi-kütləvi traktatında Əhəd müəllim arifanə qələmə alıb...

 

 

“Kainatın dərki” yenə də dünya şöhrətli alim, akademik Boris Qusevin ön sözü ilə başlanır... yenə də Əhəd müəllimin şərəfli əməyi yüksək qiymətləndirilir, yeni əsərin, hikmət elminin davamının əhəmiyyəti haqqında danışılır... Müəllif  isə əsərə dəyərli bir müdrik fikirlə başlayır: “ Mən asanlıqla milyonlar qazanmağı bacarardım, lakin mən daha vacib olan   milyonlarla insanı maarifləndirməyi üstün tutdum...”  bəli, Əhəd müəllim yenə milyonları əldə etdi..., savad verdiyi, elmindən bəhrələnən milyonlarla insanı qazandı... Zatən elə məqsədi də budur görkəmli alimimizin... “Kainatın dərki”ndə müəllif  ənənəsinə sadiq qalaraq yaşadığımız dünyanın fiziki quruluşu haqqında fikirlərini əyani və anlaşılan dildə ortaya qoyur, ətraf aləmin məhz mühəndislik fəlsəfəsi nöqtəyi-nəzərindən dərki sahəsində qazandığı uğurlu nəticələri sadə dildə oxuculara çatdırır. Kitabda təbiət elmləri sahəsində biliklərin gündəlik həyatımıza necə tətbiq olunmasından bəhs edərək  Əhəd Canəhmədov dünyamızda həyatın mənşəyini və inkişaf tarixini, eləcə də mineralların yaranma mərhələlərini bir-biri ilə uzlaşdırır...

Mineralların təkamül nəzəriyyəsinə, eləcə də bu sıradan olan digər tədqiqatlara əsaslanan alim Planetimizdə, həyatımızda baş verə biləcək dəyişiklikləri proqnozlaşdıraraq gələcəyə baxır, qanunauyğunluqları müəyyən edir...  “Kainatın dərki”ndə indiyə kimi cavabsız qalan bir çox suallara aydınlıq gətirilir:

 

Biz insanlar böyük bir həyat ağacında necə kiçik, lakin sadəcə çiçək açan bir budaq olmağımızı bacara bildikmi?

 

Gələcəyimizi hansı mübarizə gözləyir?

 

Kainatın dərk olunmasında, həyatın məqsəd və mənasında informasiyanın rolu nədir ? və s. cavab axtarılır. Traktat 12 fəsildən ibarətdir. Fəsillərdə qoyulan suallara verilən cavablar Mühəndislik fəlsəfəsinin kamil, bütöv, dərin məzmunlu, tamamilə yeni bir hikmət xəzinəsi olduğunu anlayırsan.

 

I fəsil: Yerin daşa həkk olunmuş  tarixi...

II fəsil: Yerdə həyatın mənşəyi və onun gələcək dəyişiklikləri...

III fəsil: Bəşəriyyətin mövcudluğunun sirləri...

IV fəsil: Minerallar aləminin təkamülü...

V fəsil: Qədim həyatın sirləri...

VI fəsil: İnsanın mövcudluğunun mənası....

VII fəsil: Orta əsrlərdə türkdilli dünyada təbiətşünaslıq...

VIII fəsil: Keçmiş gələcəkdən fərqlənir...

IX fəsil: Xaos və nizam...

X fəsil: Dünyagörüşün yeni paradiqmaları...

XI fəsil: Zərif dünyanın mövcudluğu...

XII fəsil: Dünyanın dərki üçün informasiya...

 

Bunlardan əlavə, kitaba epiloq və bir neçə yarımbaşlıqlar altında məlumatlar daxil edilib. “KİV-in güzgüsündə” adlı bölmədə Əhəd müəllimin mətbuatda çıxışları və müsahibələri yer alıb. Bu müsahibələrin ikisi mənimlə olub. Mən o müsahibələri müasirimiz olan hikmət sahibi, nurlu şəxsiyyətlə əvəzsiz görüş, unudulmaz saatlar və ən maraqlı və qeyri-adi söhbət hesab edirəm... Bu söhbət mənim üçün müsahibə yox, hikmət dünyasına səyahət idi. Yadımdadır, mən həmin yazıları yekunlaşdırmaqda çətinlik çəkirdim... elə  müdrik cavablar eşitmişdim ki, onların heç birinin yazıdan kənarda qalmasını istəmirdim... Eyniylə “Kainatın dərki” haqqında yazımı qələmə alanda da eyni hissləri yaşayıram... Amma kitabın sanbalını olduğu kimi bir yazıda çatdırmaq olduqca çətindir... Əsər hikmət xəzinəsi olmaqla yanaşı, olduqca maraqlı, dünyanın dərki üçün əvəzsiz vasitədir... Düşünürəm ki, o hər kəsin stolüstü kitabı olmalıdır...  “Kainatın dərki”nin ümumi mənzərəsini yaratmaq üçün düşünürəm ki, hər fəsil üzrə qısa fikir bildirmək yetərli olmasa da, ümumi informasiya  baxımından faydalı olar.

Yerin  daşa  həkk  olunmuş  tarixi... ilk fəsil Əhəd müəllimin bu müdrik kəlamı ilə başlanır : “Hər ölkənin nüfuzu onun təhsil sisteminin yüksək səviyyəsi, vətəndaşlarının intellektual bacarığı və alimlərinin nailiyyətləri ilə ölçülür.”  Yeni təhlillər, heyrətamiz nəticələr elə ilk fəsildən oxucunun diqqətinə hakim kəsilir, onu ovsunlayır... Hər fəsildə qoyulan məsələlər elmi  nəticələr əsasında təhlil edilir, müqayisələr, paralellər aparılır, bir daha araşdırılır və mühəndislik fəlsəfəsinin gözü ilə nəzərdən keçirilir. Ümumiyyətlə, hər fəsildə araşdırılan suallara indiyə kimi istər Qərb, istər Şərq, istər keçmiş, istərsə də müasir dünya alimlərinin tədqiqatları, aldıqları nəticələr təhlil edilərək qiymət verilir... Mühəndislik fəlsəfəsinin Yerdə həyatın davamına və onun gələcək dəyişikliklərinə, bəşəriyyətin mövcudluğunun sirlərinə, minerallar aləminin təkamülünə, qədim həyatın sirlərinə, insanın mövcud olmasının mənasına, orta əsrlərdə türkdilli dünyada təbiətşünaslığa, keçmişin gələcəkdən fərqlənməsinə, xaos və nizama, dünyagörüşün yeni paradiqmalarına, zərif dünyanın mövcudatına və ən nəhayət dünyanı tanımaq üçün informasiyaya  gətirdiyi aydınlıq “Kainatın dərki”nin hikmət incilərini təşkil edir. Professor Əhəd Canəhmədovun geniş əhatəli oxucular üçün kosmologiya elminə bəxş etdiyi töhvələr onu misilsiz uğurların müəllifi kimi dünyaya tanıdıb... Qürurla qeyd etmək istərdik ki, bu gün dəyərli elm xadimimizi bütün dünyada oxuyurlar... Ona görə də “Kainatın dərki”nin ilk variantı nisbətən daha böyük oxucu dairəsinin əhatə etsin deyə, rus dilində işıq üzü görüb. Çox güman ki, anadilli auditoriya da qısa bir zamanda Azərbaycan dilində bu fundamental traktatı oxumaq imkanı əldə edəcək.

 

Eldar İskəndərzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

telejurnalist, Prezident təqaüdçüsü

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı