Mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Avropa İttifaqının təşəbbüsü ilə keçirilən bu üçüncü görüşdə də Prezident cənab İlham Əliyev siyasi masa arxasında bir daha Ermənistan üzərində böyük qələbə qazandı.
Azərbaycanın qələbəsini şərtləndirən bir sıra amillər mövcuddur: İlk olaraq cənab İlham Əliyevin güclü, qətiyyətli siyasətçi və dövlət başçısı olması, eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfinin 5 bənddən ibarət təqdim etdiyi prinsiplərin beynəlxalq hüquqa söykənməsi.
Görüşdə 2020-ci ilin noyabrın 10-da imzalanmış Bəyannamənin bəndlərindən irəli gələn öhdəliklər və Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsipdən ibarət təkliflər geniş müzakirə olunub. Bununla yanaşı humanitar məsələlər, ərazilərin minalardan təmizlənməsi, müharibə zamanı əsir düşmüş insanların qaytarılması, o cümlədən itkin düşmüş insanların taleləri haqqında məsələlər müzakirə edilib.
Ölkə başçımız cənab İlham Əliyev hər zaman beynəlxalq təşkilatlara minalanmış ərazilərin xəritələrinin təqdim etməməsi səbəbindən Ermənistana təsir göstərmələri üçün müraciət edib. Humanitar məsələlərin yerinə yetirilməsinə gəldikdə isə müharibə bitdikdən sonra Azərbaycan tərəfi müharibə zamanı əsir düşmüş erməni hərbçilərinin hamısını Ermənistan tərəfinə təhvil verib. Lakin I Qarabağ Müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların taleyi barədə Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfindən məlumat istəsə də qarşı tərəf bu haqda heç bir məlumat verməyib.
Cənab İlham Əliyev Şarl Mişellə ikitərəfli görüş zamanı Azərbaycan dövləti öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bir daha Avropa İttifaqının rəsmisinin diqqətinə çatdırdı. Cənab Şarl Mişel Cənubi Qafqazda, xüsusən Azərbaycan-Ermənistan münasibətlərində sülhün bərqərar olmasında göstərdiyi səylərə görə ölkə başçımıza minnətdarlığını dilə gətirdi.
Üçtərəfli görüşdə bir çox digər məsələlərin də həllində razılığa gəlindi. Sərhəd məsələsi ilə əlaqədar yaxın günlərdə yaradılacaq komissiyaların dövlətlərin sərhədlərində birinci birgə iclasının keçirilməsi nəzərdə tutuldu. İclasda ilk dəfə sərhədlərin delimitasiyası məsələsinə baxılacaq. Görüşdə nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif ərazilərinə, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarının həyata keçirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi barədə razılığa gəlindi. Beynəlxalq daşımalarda təhlükəsizliyin təmin edilməsi, gömrük rüsumlarının tətbiqi barədə də hər iki ölkə razılığa gəldi. Bu məsələlərin icrası üçün baş nazirlərin müavinlərinin görüşünün keçirilməsi nəzərdə tutulub.
Gələcəkdə bağlanacaq sülh sazişinə gəlincə, Prezident cənab İlham Əliyev və Nikol Paşinyan müzakirələrin davam etdirilməsi barədə də razılığa gəldilər. Bu məqsədlə hər iki dövlətin xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin bu prosesləri davam etdirmələri qərara alındı.
Qarabağda yaşayan etnik ermənilərin təhlükəsizlik məsələsi də görüşdə müzakirə olundu. Prezident İlham Əliyev Vətən Müharibəsi zamanı və postmüharibə dövründə verdiyi açıqlamalarda hər zaman qeyd etmişdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri ilə yanaşı burada yaşayan ermənilərin də hüquqları Azərbaycanın qanunları ilə qorunacaq və gələcəkdə də Azərbaycan ərazisində onların təhlükəsiz yaşamalarına Azərbaycan dövləti zəmanət verir.
Avropa İttifaqı Şurası Prezidenti cənab Şarl Mişel keçirilmiş üçtərəfli görüşün yekunları barədə mətbuata açıqlama verdi. Cənab Şarl Mişelin açıqlamasında Dağlıq Qarabağ ifadəsinin deyil, Azərbaycanın Qarabağ bölgəsi ifadəsini işlətməsi ermənilərə ağır zərbə vurmuş oldu. Açıqlamasında Şarl Mişelin Qarabağın statusu barədə fikir söyləməməsi, həmçinin Ermənistanın böyük cəhdlə münasibətlərin normallaşmasına Minsk qrupunun iştirakı barədə heç bir fikir bildirməməsi də Ermənistanın bu görüşdə də acı məğlubiyyətə uğraması ilə nəticələndi. Görüşün yekun nəticəsi olaraq bir daha şahidi olduq ki, Avropa İttifaqı Prezident cənab İlham Əliyevin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor