Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun bugün rəsmi açılışı olacaq. Açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq. Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Qatar vasitəsilə yükdaşımaları həyata keçiriləcək. Lakin bir müddət əvvəl Bakı-Tbilisi-Bakı qatarı vasitəsilə sərnişindaşımaların başlaması, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə də sərnişindaşımaların nəzərdə tutulub-tutulmadığını gündəmə gətirir.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov bildirib ki, Bakı-Tbilis-Qars dəmir yolunun fəaliyyətə başlaması Orta Dəhlizin yükdaşıma qabiliyyətinin artmasına töhfə verəcək:
“Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı həyata keçirilir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Bu dəmir yolunun genişləndirilməsindən sonra yolun yükdaşıma gücü 1 milyon tondan 5 milyon tona yüksələcək. Bu da Orta Dəhlizin yük keçirmə gücünün artırılmasına töhfə verəcək”.

Parlamnetari vurğulayıb ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə sərnişinlərin də daşınması həyata keçiriləcək:
“Hazırkı vəziyyətdə isə bu yol əsasən yük daşımaları üçün nəzərdə tutulur. Sərnişinlərin dəmir yolu vasitəsilə hərəkəti nəticəsində Bakıdan Qarsa, oradan da İstanbula təxminən iki sutka ərzində səyahət etmək mümkün olacaq. Bu, həm də ölkələrarası turizm potensialının inkişafına mühüm töhfə olacaq”.
İqtisadçı ekspert Xalid Kərimli isə vurğulayıb ki, ümumiyyətlə, dəmir yolu vasitəsilə sərnişin daşınmanın əhəmiyyəti böyükdür:
“Ümumiyyətlə, bütün məhdudiyyətlər aradan qalxmalıdır. İqtisadiyyat məhdudiyyət sevmir. O baxımdan dəmir yolu xətti ilə sərnişin daşınmasının önəmi böyükdür. Hətta mən düşünürəm ki, bununla məhdudlaşmamalı, avtobus və piyada keçidləri də bərpa olunmalıdır. Məhdudiyyətlərin aradan qaldırılması insanlar üçün seçim yaradır. Bu seçim qərarvermədə daha çox imkanların mövcudluğu ilə nəticələnir və insanlar öz maraqlarına uyğun variantların seçilməsi üzərində dayanırlar. Bu da rəqabəti gücləndirir. Nəticədə,bu, vətəndaş üçün daha keyfiyyətli və uyğun qiymətlərin formalaşmasına gətirib çıxarır”.

Ekspertin fikrincə, hazırda avtobus və avtomobil ilə gediş-gəlişin açılması da müsbət addım olardı.
“Bu təkcə dəmir yolunda deyil, hava yollarında da baş tutur. Dəmir yolu da, hava yolları da dövlətindir. Yaxşı olardı ki, avtobus və avtomobil yolları da açılaydı ki, vətəndaş özünə uyğun, əlverişli variantı seçsin. Bu şərait həm də ölkəyə turistlərin gəlişinə müsbət təsir göstərərdi”.