Modern.az

Ombudsmandan bank əmanətləri ilə bağlı sensasion təklif

Ombudsmandan bank əmanətləri ilə bağlı sensasion təklif

Aktual

Bu gün, 12:06

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən bank lisenziyasının ləğvi və ya bankın müflis elan olunması hallarında əmanətlərin qaytarılması mexanizmi hüquqi baxımdan təhlil edilib.

Modern.az xəbər verir ki, təhlildə qeyd olunub ki, Azərbaycanda əmanətlərin qorunması sistemi “Əmanətlərin sığortalanması haqqında” və “Banklar haqqında” qanunlarla tənzimlənir, əsas institusional mexanizm isə Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həyata keçirilir.

Vurğulanıb ki, hazırkı model əsasən fiziki şəxslərin müdafiəsinə yönəlib və hüquqi şəxslərin əmanətləri sığorta mexanizmindən kənarda qalır. Ombudsman Aparatının hüquqi qiymətləndirməsinə görə, bu yanaşma Konstitusiyanın bərabərlik hüququnu müəyyən edən 25-ci maddəsi, Mülki Məcəllədə təsbit edilən mülki hüquq subyektlərinin bərabərliyi prinsipi və mülkiyyət hüququnun müdafiəsi baxımından suallar yaradır.

Təhlilə əsasən, hüquqi şəxslər bank ləğv edilərkən adi kreditor kimi çıxış edir və onların tələbləri növbəlilik prinsipi əsasında təmin olunur. Praktikada isə bank aktivlərinin kifayət etməməsi səbəbindən hüquqi şəxslərin vəsaitlərinin tam qaytarılması əksər hallarda mümkün olmur.

Sənəddə fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesabları üzrə tətbiq olunan 20 min manatlıq kompensasiya limitinin də bərabərlik prinsipi kontekstində əlavə müzakirələr doğurduğu bildirilib.

Beynəlxalq təcrübə də nəzərdən keçirilib və hüquqi təhlilin nəticəsi olaraq bir sıra qanunvericilik təşəbbüsləri təklif olunub.

Təkliflər bunlardır:

- əmanətlərin sığortalanması mexanizminin müəyyən meyarlar əsasında hüquqi şəxslərə də şamil edilməsi

- sahibkarlıq fəaliyyəti ilə bağlı fiziki şəxslərin hesabları üzrə 20 min manatlıq kompensasiya limitinin ləğv edilərək ümumi 100 min manatlıq limitlə eyniləşdirilməsi

- bank sistemində bütün mülki dövriyyə iştirakçıları üçün daha balanslı müdafiə mexanizminin yaradılması

- milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması.

Ombudsman Aparatı hesab edir ki, bank sisteminə ictimai etimadın gücləndirilməsi, sahibkarlıq subyektlərinin maliyyə təhlükəsizliyinin təmin edilməsi və mülkiyyət hüququnun daha effektiv qorunması üçün bu istiqamətdə islahatların aparılması vacibdir.

Qeyd olunub ki, aparılan hüquqi təhlil müvafiq dövlət orqanına təqdim edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV