Modern.az

124 nəfər Azərbaycan dilini C1 səviyyəsində bilir

124 nəfər Azərbaycan dilini C1 səviyyəsində bilir

Aktual

Bu gün, 11:38

Azərbaycan dili üzrə beynəlxalq standartlara uyğun sertifikasiya imtahanının sınaq mərhələsində iştirak edən 785 nəfərin nəticələri açıqlanıb və əldə olunan göstəricilər əsasında platformanın təkmilləşdirilməsi davam etdirilir.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan dili üzrə bilik və bacarıqlarını beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün tətbiqi planlaşdırılan Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının sınaq prosesi ilə bağlı nəticələr ictimaiyyətə təqdim olunub.

Bildirilib ki, sınaq prosesinin əsas məqsədi imtahanda istifadə olunan test tapşırıqlarının və mövcud qiymətləndirmə mexanizminin effektivliyini yoxlamaq, eyni zamanda elektron platformanın işləkliyini təhlil etmək olub.

Onlayn platformanın ictimaiyyətə təqdim edilməsindən sonra 999 nəfər qeydiyyatdan keçib. Onlardan 785 nəfər – 491 qadın və 294 kişi sınaq imtahanında iştirak edib.

Toplanan statistik məlumatlara əsasən, iştirakçılar müxtəlif təhsil səviyyəsi, peşə sahəsi və etnik mənsubiyyəti təmsil ediblər. Ali təhsilli şəxslər arasında bakalavriat səviyyəsində 158 nəfər, magistratura üzrə 162 nəfər, doktorantura səviyyəsində isə 82 nəfər üstünlük təşkil edib.

İştirakçıların Azərbaycan dili üzrə qrammatik və leksik bilikləri, eləcə də dinləmə, oxu, danışma və yazı bacarıqları CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) standartlarına uyğun qiymətləndirilib.

Sınaq imtahanının nəticələrinə görə, iştirakçılardan 124 nəfər C1, 256 nəfər B2, 132 nəfər B1, 106 nəfər A2, 54 nəfər isə A1 səviyyəsində nəticə göstərib. Bundan başqa, 113 nəfər 0-15 bal aralığında nəticə əldə edib.

Qeyd olunub ki, sınaq imtahanının nəticələri iştirakçılara təqdim olunub və əldə edilən göstəricilər əsasında platforma həm məzmun, həm də texniki baxımdan təkmilləşdirilir.

Məlumata görə, imtahan modeli CEFR standartlarına əsaslanır və Azərbaycan dili üzrə A1, A2, B1, B2, C1 və C2 səviyyələrini əhatə edir. Hər səviyyə üzrə dinləmə, oxu, danışma və yazı bacarıqları qiymətləndiriləcək və real imtahanlar elektron platforma üzərindən keçiriləcək.

İmtahan modeli Azərbaycan dilini xarici dil kimi öyrənənlər, Azərbaycanda işləmək və ya təhsil almaq istəyən xarici vətəndaşlar, həmçinin dil səviyyəsini rəsmi təsdiqləmək istəyən şəxslər üçün nəzərdə tutulub. İmtahan nəticələrinə uyğun olaraq iştirakçılara beynəlxalq standartlara əsaslanan sertifikat təqdim ediləcək.

Hazırda Azərbaycan Dili Sertifikasiya İmtahanının keçirilməsi ilə bağlı hazırlıq işlərinin davam etdiyi, hüquqi məsələlər üzrə aidiyyəti dövlət qurumları ilə razılaşdırmalar aparıldığı bildirilib. Yekun qərarlardan sonra imtahan modelinin tətbiqi ilə bağlı əlavə məlumat veriləcək.
 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi