Avropa və ABŞ-ni bürüyən rekord istilər mütəxəssislərin yenidən insan orqanizminin imkanlarının sərhədlərinə diqqət yetirməsinə səbəb olub. Mütəxəssislərin sözlərinə görə, insan orqanizmi yüksək temperaturlara uyğunlaşmaq qabiliyyətinə malik olsa da, bu prosesin müəyyən məhdudiyyətləri var.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Milli Meteorologiya Xidməti (DWD) məlumat yayıb.
Aqsuqburq Universitetinin professoru, Helmholts Ekoloji Tibb İnstitutunun direktoru Klaudia Traydl-Hoffmann qeyd edir ki, bədənin temperaturu tənzimləmə mexanizmləri artıq havanın temperaturu təxminən 23 dərəcəyə çatdıqda aktiv işləməyə başlayır: "Orqanizm bədən temperaturunu azaltmaq üçün qan damarlarını genişləndirir və tərləməni artırır".
Lakin həddindən artıq isti havalarda bu mexanizmlər kifayət etməyə bilər. Bədən temperaturu təxminən 42 dərəcəyə yüksəldikdə hüceyrələrdə ciddi zədələnmələr başlayır, çoxorqan çatışmazlığı inkişaf edir və təcili tibbi yardım göstərilməzsə, ölüm riski yarana bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, güclü istilər xüsusilə uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər və açıq havada işləyənlər üçün daha təhlükəlidir. Bundan əlavə, isti hava ağciyərlərdə iltihabi prosesləri gücləndirə və infeksiya riskini artıra bilər.