Rusiya və Azərbaycan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam reallaşdırmağa doğru irəliləyir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
Lavrov bildirib ki, iki ölkə arasında müxtəlif səviyyələrdə, o cümlədən dövlət başçıları arasında davamlı təmaslar Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin potensialının tam şəkildə reallaşdırılmasına imkan yaradır.
Rusiya XİN başçısı qeyd edib ki, iki ölkənin xarici işlər nazirlikləri arasında dialoq Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında, eləcə də hökumətlər, nazirliklər və digər dövlət qurumları, həmçinin parlamentlər səviyyəsində müntəzəm təmasları daha da möhkəmləndirir.
“Bütün bunlar onu göstərir ki, vaxtaşırı müəyyən çətinliklər yaransa da - həyatda bu, qaçılmazdır – biz 2022-ci il fevralın 22-də imzalanmış Moskva Bəyannaməsinin potensialını tam şəkildə reallaşdırmağa doğru irəliləyirik”, – deyə Lavrov bildirib.
O, Bəyannamənin imzalandığı tarixə də diqqət çəkib: “Yeri gəlmişkən, tarix də maraqlıdır – 22.02.2022”.
Lavrov Rusiyanın Azərbaycan nümayəndə heyətini Moskvada qəbul etməkdən və iki ölkənin xarici işlər nazirləri səviyyəsində dialoqu davam etdirməkdən məmnun olduğunu bildirib.