Türkiyə və İran nümayəndələri iki ölkə arasındakı sərhədlərin təhlükəsizliyinin gücləndirilməsi, qanunsuz miqrasiyaya və narkotik qaçaqmalçılığına qarşı mübarizə məsələlərini müzakirə ediblər.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Sərhəd təhlükəsizliyi məsələlərinə həsr olunan görüş Ağrı valisi Öndər Bozkurtdun sədrliyi ilə keçirilib.
Türkiyə nümayəndə heyətinə Öndər Bozkurtd, İran nümayəndə heyətinə isə Maku bölgəsinin sərhəd mühafizə qüvvələrinin komandanı, polkovnik Mehdi Həbibzadə rəhbərlik edib.
Görüş zamanı tərəflər sərhəd təhlükəsizliyinin gücləndirilməsi, miqrantların sərhədi qanunsuz keçməsinin qarşısının alınması və narkotik qaçaqmalçılığı ilə effektiv mübarizə tədbirlərini müzakirə ediblər.
Bundan əlavə, gömrük prosedurlarının səmərəliliyinin artırılması məsələsinə də toxunulub.
Tərəflər sərhəd təhlükəsizliyi sahəsində Türkiyə ilə İran arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.