Oktyabrın 8-də Avropa Parlamentinin İnsan Hüquqları və Azadlıqları məsələsinə dair qəbul etdiyi qətnamə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla, obyektivlikdən uzaqdır, ölkəmizə qarşı davam etdirilən qərəzli siyasi aksiyanın yeni nümunəsidir.
Avropa Parlamentinin suveren Azərbaycanın dövlət orqanlarının səlahiyyətlərinə qarışmağa, məhkəmə, hüquq-mühafizə orqanlarına göstəriş verməyə haqqı yoxdur. Ona fövqəladə hakim rolunda çıxış etmək, cinayətkar ünsürləri, məhkəmənin hökmü ilə cəzalandırılan insanları azadlığa buraxmaq səlahiyyəti verilməmişdir.
Avropa Parlamenti ilk növbədə daxilində baş verən hadisələrə, içində olan rüşvətxorluğa, korrupsiya əməllərinə, deputatlarının riyakarlığına, böhtan xarakterli, dövlətlərin və xalqların mənafeyinə zidd bəyanatlarına nəzər salsa, Avropa İttifaqının üzvü olan ölkələrdə əsas hüquq və azadlıqların pozulmasına , dinc nümayişlərin zorakılıqla dağıdılmasına, hətta məktəbli uşaqların zorakılığa məruz qalmasına, insanların kütləvi halda təqib olunmasına, incidilməsinə, ayaqlar altına atılmasına nəzər salsa daha yaxşı olar.

Avropa Parlamenti Azərbaycan haqqında qərəzli mövqe sərgilədiyi, yersiz tələblər irəli sürdüyü, hətta saksiyalar tətbiq etməyə bəyanatlar səsləndirdiyi bir zamanda Avropa ölkələrində dinc toplaşmaq azadlığı məhdudlaşdırılır, insanlara güc tətbiq edilir, çoxsaylı hüquq pozuntuları baş verir. Çox təəssüflər olsun ki, parlamentin nankor deputatları bunu görmürlər və görmək istəmirlər. Çünki onları ölkələrin və xalqların taleyi deyil, öz mənafeləri, əldə edəcəkləri maliyyə vəsaitləri çox düşündürür.
Avropa Parlamenti Azərbaycanın müstəqil siyasət yürütməsini istəmir, tarixi qələbəsini həzm edə bilmir. Azərbaycan – Ermənistan münasibətlərinin yaxşılaşdırılmasına, sülh müqaviləsinin imzalanmasına, Cənubi Qafqazda təhlükəsizliyin, əminamanlığın yaradılmasına tərəfdar deyil, münaqişəni qızışdırmaqda, qarşıdurma yaratmaqda və bundan təsir mexanizmi, öz mənafeyi naminə istifadə etməkdə maraqlıdır.
Saxta, əsası olmayan qətnamələr, yersiz bəyənatlar, qərəzli çağırışlar bunu deməyə əsas verir və son vaxtlar Avropa Parlamentinin qəbul etdiyi ondan çox şantaj xarakterli sənəd buna sübutdur.
Bu sənədlər Parlamentin özünə hörmətsizliyidir, nifrət qazanması, bəşəri dəyərlərdən uzaqlaşması, Beynəlxalq hüquq normalarından üz çevirməsidir.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri