Modern.az

İlham Əliyevin Şuşadan mesajları, Azərbaycanın informasiya diplomatiyası

Analitika

Bu gün, 10:50

Bu gün Şuşa növbəti dəfə dünyanın informasiya xəritəsində əsas mərkəzlərdən birinə çevrilib. IV Şuşa Qlobal Media Forumu böyük beynəlxalq media tədbiri olmaqla yanaşı, Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqların təqdim olunduğu mühüm siyasi platformadır. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda təşkil olunan forum göstərir ki, Azərbaycan postmünaqişə dövründə beynəlxalq informasiya gündəminin də əsas aktorlarından birinə çevrilib.

Dünyanın müxtəlif qitələrindən - Amerikadan Afrikaya, Avropadan Asiyaya qədər 160 xarici jurnalist, media rəhbəri, ekspert və analitikin Şuşaya gəlməsi təsadüfi sayıla bilməz. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, strateji kommunikasiya modelinin və informasiya diplomatiyasının real nəticəsidir. Bir vaxtlar Qarabağ haqqında yalnız birtərəfli məlumatlar yayan beynəlxalq media nümayəndələri indi hadisələri yerində müşahidə edir, Azərbaycanın yaratdığı yeni reallıqları öz gözləri ilə görürlər.

Prezident İlham Əliyevin forumun açılışında söylədiyi fikirlər də məhz bu strateji məqsədə xidmət edir. Dövlət başçısı forumun keçirilməsinin əsas ideyasını açıqlayaraq bildirib ki, məqsəd dünyanın müxtəlif guşələrindən gələn media nümayəndələri üçün açıq dialoq mühiti yaratmaq, onları Qarabağ və Şuşadakı reallıqlarla yaxından tanış etməkdir. Prezident vurğulayıb ki, forum qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə, həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılmasına və qonaqların Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinə xidmət edir. Bu yanaşma Azərbaycanın informasiya siyasətinin əsas fəlsəfəsini ortaya qoyur. Rəsmi Bakı artıq həqiqətləri kiməsə izah etməyə çalışmır, onları yerində nümayiş etdirir.

Əslində, Şuşa Forumunun ən böyük üstünlüyü də məhz budur. Xarici jurnalistlər informasiyanı ikinci və ya üçüncü mənbədən deyil, hadisələrin mərkəzindən əldə edirlər. Bu isə uzun illər Qarabağ həqiqətlərinin təhrif olunması siyasətini yürüdənlərə ciddi zərbə vurur.

Forumun ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyevin media nümayəndələri ilə səmimi, açıq və sərbəst formatda keçirdiyi görüş oldu. İllərdir bu görüşlər Şuşa Forumunun əsas ənənəsinə çevrilib. Dövlət başçısı dünyanın nüfuzlu media qurumlarının nümayəndələrinin bütün suallarını açıq şəkildə cavablandırır, regionda baş verən proseslər barədə birbaşa məlumat verir. Bu format həm şəffaflığın, həm də açıq siyasi dialoqun göstəricisidir. Xarici jurnalistlərin də etiraf etdiyi kimi, belə formatda ünsiyyət beynəlxalq tədbirlərdə nadir hallarda müşahidə olunur.

Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən istiqamətlərdən biri yenə də sülh məsələsi oldu. Dövlət başçısı Azərbaycanın siyasətinin hər zaman əməkdaşlığa, qarşılıqlı etimada və regional sabitliyə xidmət etdiyini xüsusi vurğuladı. Onun sözlərinə görə, Azərbaycan həm özünü narahat edən məsələləri açıq şəkildə gündəmə gətirir, həm də qonşuların narahatlıqlarının aradan qaldırılması istiqamətində konstruktiv mövqe nümayiş etdirir. Bu məqam rəsmi Bakının sülh gündəliyinə necə həssas yanaşdığını bir daha göstərir.

Prezident forum çərçivəsində yaradılan dialoq mühitini də xüsusi qiymətləndirərək bildirdi ki, Şuşada formalaşan atmosfer müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri arasında qarşılıqlı etimadın yaranmasına xidmət edir. Dövlət başçısının “dialoqumuz davam edir” mesajı əslində Azərbaycanın sülh siyasətinin davamlı xarakter daşıdığını göstərən mühüm siyasi mesaj idi.

İlham Əliyevin çıxışında beynəlxalq təşkilatlarla münasibətlər də geniş yer aldı. Xüsusilə Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlar sərt şəkildə tənqid olundu. Prezident xatırlatdı ki, Azərbaycan 2023-cü ildə öz suveren hüququndan istifadə edərək qanunsuz silahlı birləşmələrin nəzarətində qalan ərazilərini tam bərpa etdi. Buna baxmayaraq, bəzi beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdilər. Dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Azərbaycan artıq Avropa Şurasından tam çıxmaq variantını da nəzərdən keçirir. Bu bəyanat Azərbaycanın xarici siyasətində milli maraqların hər şeydən üstün tutulduğunu göstərən mühüm siyasi siqnaldır.

Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərə də toxunaraq qeyd etdi ki, keçmiş dövrdə, xüsusilə Josep Borrelin rəhbərliyi zamanı münasibətlər demək olar ki, böhran həddinə çatmışdı. Dövlət başçısının sözlərinə görə, həmin dövrdə Avropa Komissiyasında anti-Azərbaycan mövqeyi formalaşmışdı. Lakin hazırda münasibətlərin normallaşması istiqamətində yeni imkanlar yaranır və Azərbaycan qarşılıqlı hörmət prinsipi əsasında əməkdaşlığı dəstəkləyir. Bu yanaşma rəsmi Bakının qarşıdurmadan deyil, dialoqdan və praqmatik əməkdaşlıqdan yana olduğunu göstərir.

Prezident çıxışında informasiya manipulyasiyalarına da toxundu. O, bəzi beynəlxalq şəxslərin və dairələrin sifarişli kampaniyalarda iştirak etdiyini, maliyyə maraqları naminə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdiyini qeyd etdi. Bu fikirlər informasiya müharibəsinin hələ də davam etdiyini göstərir. Məhz buna görə də Şuşa Media Forumu kimi platformaların əhəmiyyəti daha da artır. Çünki burada həqiqətlər birbaşa beynəlxalq auditoriyaya çatdırılır.

Forumda diqqət çəkən digər istiqamət Azərbaycanın nəqliyyat və logistika siyasəti oldu. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan son on ildən artıq müddətdə beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində ardıcıl fəaliyyət göstərib. Dövlət başçısı vurğuladı ki, ölkənin coğrafi mövqeyinin əhəmiyyəti son illərdə daha da artıb və Azərbaycan bu üstünlüyü regional əməkdaşlıq platformasına çevirməyə nail olub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı, Orta Dəhlizin genişləndirilməsi, yeni logistika layihələrinin həyata keçirilməsi Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirib.

Prezidentin çıxışında Türkiyə-Azərbaycan münasibətləri də xüsusi yer aldı. İlham Əliyev vurğuladı ki, dünyada bir-birinə bu qədər yaxın olan ikinci dövlət nümunəsi tapmaq çətindir. Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əməkdaşlıq iki qardaş ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirib. “Biz birgə daha güclüyük” mesajı təkcə iki ölkə arasında münasibətlərin deyil, bütövlükdə Türk dünyasının inteqrasiya proseslərinin də siyasi manifesti kimi qiymətləndirilə bilər.

Əslində, bütün bu mesajlar vahid strateji xətt təşkil edir. Prezident İlham Əliyev bir tərəfdən sülh gündəliyini ön plana çıxarır, digər tərəfdən Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu balanslaşdırılmış siyasət son illərdə Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.

Bir zamanlar ölkəmizə qarşı qərəzli yanaşan media qurumlarının bu gün Şuşada Azərbaycan Prezidentinin çıxışını dinləməsi, Qarabağda aparılan bərpa işlərini izləməsi və regionun yeni inkişaf modelini dünya ictimaiyyətinə çatdırması məhz İlham Əliyevin yaratdığı yeni geosiyasi reallığın nəticəsidir.

Şuşa indi tək Zəfərin şəhəri deyil. Şuşa sülh diplomatiyasının, informasiya təhlükəsizliyinin, beynəlxalq media əməkdaşlığının və strateji kommunikasiya modelinin simvoluna çevrilib. IV Şuşa Qlobal Media Forumu bunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi mesajlar göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir, əsas milli maraqların müdafiəsində də prinsipial mövqeyindən geri çəkilməyəcək. Məhz bu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirir, Şuşanı isə qlobal dialoq və həqiqətin təqdim olunduğu nüfuzlu platformaya çevirir.

Sizə yeni x var
Keçid et
Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!