Hiss edirəm ki, başlıq kimdəsə ikrah, kimdəsə təbəssüm yaradacaq. Kimdəsə isə “Siçan adam necə olur?” marağını oyadacaq. Başlığa görə yazını oxumayanlar da olacaq. Hər halda, tülkü adam, arı adam, it adam, eşşək adam, canavar adam kimi ifadələri zamanla hər birimiz eşitmişik. Siçan adam ifadəsini də eşitmişik. Siçan adamı daha yaxşı tanımaq istəyirsənsə, yazını mütləq oxu.
Adam bir səhər yuxudan durub qəfil siçan olmur ki...
Zamanla öz əli ilə özünü siçan adama çevirir.
Məncə, siçanı hamı tanıyır. Bu məxluq hər kəsdə fərqli assosiasiya yaradır. Uşaqlarda bir cür, böyüklərdə başqa cür... Yəqin fikir vermisiniz, siçanın yerişi belə oğru yerişidir. Fürsət axtarır, başqasının yuvasına girir, nə gördüsə, götürüb qaçır. Elə bilir ki, heç kim görmədi. Amma nə qədər oğurlayırsa, oğurlasın, bütün ömrünü gizlənməyə sərf edir. Bir gözü yeməkdə, bir ayağı qaçaraqda olur. Bir tərəfdən qazandığını düşünür, o biri tərəfdən ələ keçəcəyindən dəli kimi qorxur.
İnsanlar arasında da siçan kimi yaşayanlar az deyil. Bu mənada cəmiyyətin bütün təbəqələrində siçan adamlara rast gələ bilərsiniz. İfadəyə görə üzürlü sayın, nə yazıq ki, siçan müəllim, siçan həkim, siçan jurnalist, siçan yazıçı, siçan nazir, siçan deputat, siçan icra başçısı və başqaları var...
Siçan adamlar etimadı fürsət bilirlər. Başqasının haqqına girməyi bacarıq sayırlar. Oğurluqla, hiylə ilə qazandıqlarını uğur hesab edirlər. Belələri cəmiyyətdə “bacarana can qurban” düşüncəsini formalaşdırırlar. Bilmirlər ki, o “bacaran” başa bir gün mütləq daş düçəcək.

Siçan adamın əsas xüsusiyyəti pul, vəzifə və maraq qarşısında öz insanlığını asanlıqla satmasıdır. Belə adamın hər şeyi ola bilər. Amma onlar heç vaxt rahat ola bilmirlər. İnsanların üzünə rahat baxa bilmirlər. Gözlərini qaçırır, söhbətdən yayınır, özlərini olduqlarından böyük göstərməyə çalışırlar. Həqiqəti gizlədə bilərlər, amma həqiqətin daxilən yaratdığı qorxudan qaçmaq mümkün deyil.
Oğurluq insanın xarakterini əlindən alır. İnsan bir dəfə başqasının haqqını tapdalayanda özünün bir hissəsini itirir. Bu əməlini təkrarladıqca həmin itki böyüyür. Gün gəlir, o, özünü qorumaq üçün həqiqəti gizlədir, gizlətdiyini qorumaq üçün yalan danışır. Yalanını yaşatmaq üçün daha bir səhvə yol verir. Beləcə, səhv həyat tərzinə, həyat tərzi isə xarakterə çevrilir. Oğurluqla böyüyən sərvət qorxuları böyüdür.
Siçan adam yanlış hərəkət etdiyini düşünmür. Özünü hamıdan ağıllı hesab edir. Dürüst insanı bacarıqsız, prinsiplərindən dönməyəni isə zamanla ayaqlaşa bilməyən adam sayır.
Beləliklə, onun dünyasında yaxşı ilə pisin yeri dəyişir. Oğurluq fərasətə, satqınlıq ağıllı seçimə çevrilir.
Siçan adamı tanımaq üçün həmişə ayrıca sübuta ehtiyac olmur. Onun həqiqət qarşısında necə davrandığı çox şeyi göstərir. Həqiqət yaxınlaşanda narahat olur. Hesabat tələb ediləndə bəhanə axtarır. Sual veriləndə mövzunu dəyişir.

Belə adamın həyatında ən böyük hadisə ifşa olunmaqdan qorunmaqdır. O, bir işi düzgün yerinə yetirməyə sərf edəcəyi enerjini izini itirməyə yönəldir. Bir kollektivə fayda vermək əvəzinə, həmin kollektivin içində özünü necə sığortalayacağını düşünür. Nəticədə onun ətrafında şübhə və bəhanələr yaranır.
O, hər ciddi söhbətdə özündən danışıldığını düşünür. Əslində, siçan adam öz əməllərinin içində məhbusdur.
Siçan adamların arasında kifayət qədər imkanlı, vəzifəli insanlar ola bilər. Vallah, maddi imkan insanın mənəvi azadlığını təmin etmir. Qazancı başqasının haqqı üzərində qurulubsa, həmin sərvət daimi qorxu mənbəyinə çevrilir.
Belə adamın maddi köləliyi də elə burada başlayır. Pula sahib olduğunu düşünür, əslində isə pulunu itirmək qorxusu onun həyatına sahib olur. Siçan adam mənəvi kölədir. Mənəvi köləlikdə isə insan öz içindəki qapının açarını itirir.
Siçan adam hər gün özünü qorumaq üçün bir az da özündən uzaqlaşır. Axırda özünü qorumaq üçün yaratdığı obrazın əsirinə çevrilir. Bir vaxtlar mənfəət üçün satdığı prinsip sonralar onun boynuna keçirilmiş dəyirman daşı olur.
Sirr deyil ki, dövlət qurumlarında da, özəl sektorda da belələri işə fürsət axtarmaq üçün gəlirlər. Onlar üçün iş yeri şəxsi maraqlarını təmin edəcəkləri bir yuvadır. Bu düşüncə idarəetməni içəridən yeyir. Siçan adam etimadın divarını gəmirir. Onun olduğu yerdə dürüst işçi öz əməyinin qiymətindən şübhələnməyə başlayır. Bacarıqlı insan görür ki, nəticə yaratmaqdan çox, özünü sığortalamaqla məşğul olanlar irəli gedir. Kollektivdə sağlam rəqabətin yerini ehtiyatlılıq, əməkdaşlığın yerini isə gizli mübarizə tutur. Beləliklə, bir müddət sonra yaxşı işçi də yorulur, rəhbər də şübhələnir, sistem də öz məqsədindən uzaqlaşır.

Siçan adam həmişə səksəkədə olur. Dünyaya öz xarakterinin pəncərəsindən baxır. Başqasının haqqını yeyən adam hər kəsin onun kimi davrana biləcəyindən şübhələnir. Etimadı satan insan heç kimə tam inanmır. Xəyanət edən adam başqasının da fürsət gözlədiyini düşünür. Beləcə, öz içindəki çirkabı dünyanın üstünə köçürür.
O, dostluqda mənfəət axtarır, adi söhbətdə özünə təhlükə görür. Bir insanın ona yaxşılıq etməsinə belə şübhə ilə yanaşır. Yaxşılığın qarşılıqsız ola biləcəyinə inanmır. Həyatını gizlənməyə sərf edən adam bir gün anlayır ki, gizləndiyi yer onun dünyasının ölçüsünə çevrilib.
İnsan yaşamaq üçün dünyaya gəlir. Hər səsdən diksinmək yaşamaq deyil. İnsan qurmaq, yaratmaq, sevmək, öyrənmək, fayda vermək üçün yaşayır. Öz ömrünü daim ifşa olunmaq qorxusuna bağlayan adam isə həyatın özünü əldən verir. Öz siçanlığının kölgəsində eşələnir.
Bu yazını oxuyan hər kəs özündən soruşsun, mən başqasının həyatını asanlaşdıran insanam, yoxsa onun haqqını öz rahatlığıma dəyişən? Qazancımın arxasında zəhmət dayanır, yoxsa başqasının itkisi? Bu sualların cavabını başqalarından gizlətmək olar, amma özündən gizlətmək mümkün deyil.
Siçan adam bir müddət gizlənə, özünü böyük göstərə bilər. Amma nə etsə də, insanın xarakteri onun qurduğu görüntüdən daha uzun yaşayır.
İnsan başqasının haqqını yeyərkən kiçilir. Ən böyük itkisi itirdiyi insanlıqdır.