Modern.az

Moskva Talibanı masaya gətirdi - Əfqanıstanda böyük oyun başlayır

Dünya

Bu gün, 09:31

Əfqanıstanın taleyi yüz ildir ki, xaricdə həll olunur. Bir imperiya gəlir, xəritəni öz maraqlarına görə yenidən çəkir, yorulub gedir. Ardınca başqası gəlir. Əfqanlar isə hər dəfə oyuna qoyulan mərc olublar.

Bu həftə mənzərədə fərqli bir detal var. Oktyabrın 5-də Moskvada Əfqanıstan üzrə "Moskva formatı" məsləhətləşmələrinin səkkizinci raundu keçirildi. Associated Press-in məlumatına görə, hakimiyyətdəki Taliban hökumətinin nümayəndə heyəti Çin, Hindistan, İran, Pakistan və digər ölkələrin təmsilçiləri ilə eyni masada görüşdü. Əfqanıstan uzun illərdən sonra ilk dəfə oyunun tərəfi kimi göründü. 

Bu görüşü anlamaq üçün Moskvadan çox-çox geriyə, 1919-cu ilə baxmaq lazımdır. 

Moskva masası: kim nə dedi, nə baş vermədi?

Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın xarici işlər naziri Əmir Xan Müttəqini qarşılayarkən onu "Əfqanıstanın NATO kontingentindən azad olunmasının beşinci ildönümü" münasibətilə təbrik edib. AP-nin yazdığına görə Lavrov həmçinin tarixi təcrübənin xarici hərbi mövcudluğun sabitliyi pozduğunu və münaqişəni gücləndirdiyini göstərdiyini bildirib. Anewz isə Lavrovun NATO hərbi infrastrukturunun Əfqanıstan və qonşu ölkələrdə yenidən yerləşdirilməsini qəbul etmədiyini qeyd edir. 
Müttəqi isə Əfqanıstanın regionda rəqabət meydanı yox, bağlantı mərkəzi olmaq istədiyini söyləyib. Bunu yerli mənbələr də yazıb. O, TAPI qaz kəməri, CASA-1000 elektrik xətti və Trans-Əfqanıstan dəmir yolu layihələrini xatırladıb. Eyni zamanda Pakistanın hücumlarını tənqid edib.

Ən vacib nəticə isə görüşün sonunda üzə çıxıb. Əfqan Kabul Now portalının məlumatına görə, səkkizinci raund Taliban və Pakistan nümayəndə heyətləri arasında mətn üzərində fikir ayrılığı səbəbindən birgə bəyanat qəbul edilmədən başa çatıb. Bunu Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi bildirib. Pakistan tərəfi Əfqanıstan ərazisindən TTP, Bəlucistan Azadlıq Ordusu, Şərqi Türküstan İslam Hərəkatı, İŞİD-Xorasan və Əl-Qaidə kimi qrupların cəzasız fəaliyyət göstərdiyini irəli sürüb. Eyni mənbəyə görə, iştirakçılar hər iki tərəfi hərbi hərəkətlərdən çəkinməyə çağırıb və həll tapmağa kömək etməyə hazır olduqlarını bildiriblər. 

Görünən odur ki, Moskva masanı qursa da, tərəfləri bir mətn ətrafında birləşdirə bilmədi. Bu, görüşün həm gücünü, həm də hüdudlarını göstərir. 


Bir görüşü dünya medyası necə oxuyur?

Eyni hadisə müxtəlif mediada fərqli çalarlarla təqdim olundu. Qərb agentlikləri (AP, CBS News) Rusiyanın tanıma xəttinə və Talibanın legitimləşməsinə diqqət yetirir. CBS və AP 2025-ci il iyulunda Rusiyanın 2021-ci ildən bəri Taliban hökumətini rəsmən tanıyan ilk ölkə olduğunu xatırladır. Çin isə bu addımı alqışlayıb. 

Al-Jazeera və Reuters daha çox Kabul-İslamabad müharibəsinə fokuslanır. Al-Jazeera 2026-cı ilin fevralında Pakistanın Kabulu bombaladığını və müdafiə naziri Xacə Asifin "açıq müharibə" elan etdiyini yazıb. 

Əfqan mediası (Kabul Now, Tolo News, Amu TV) birgə bəyanatın alınmamasını və Pakistanla gərginliyi önə çıxarıb.

Rusiyanın müstəqil mediası (Meduza) isə Talibanın beş illik hakimiyyətini yoxsulluq, işsizlik və qadın hüquqlarının itirilməsi fonunda göstərib. Eyni zamanda "narkotik və təhlükəsizlik" üzrə nailiyyətlər olduğunu yazır. Rusiya dövlət mediası (Sputnik) daha çox iqtisadi layihələrdən, o cümlədən Trans-Əfqanıstan dəmir yolundan söz açıb.

İran mediası (Kayhan) görüşü Kabul-İslamabad gərginliyi və regional təşkilat formatı kontekstində işləyib. Eyni mənbə Əfqanıstanın 2025-ci ilin oktyabrında yeddinci görüşdə ilk dəfə rəsmi üzv kimi iştirak etdiyini xatırladıb.

Dünya mediasının eyni prosesi bu qədər fərqli şəkildə təqdim etməsi bir daha onu göstərir ki, hər media öz ölkəsinin Əfqanıstanda öz maraqları var. Moskva üçün təhlükəsizlik tərəfdaşı, Qərb üçün insan hüquqları problemi, Pakistan üçün təhdid mənbəyi, Orta Asiya üçün tranzit imkanı əsas hədəfdir.

Bir əsrin xronologiyası: 1919–2026

İl

Hadisə

Mənası

1919

Üçüncü İngiltərə-Əfqan müharibəsindən sonra xarici siyasət müstəqilliyi

Britaniya təsirinin sonu. Şah Amanullah islahatlara başlayır

1929

Amanullah devrilir

Sürətli modernləşməyə kənd və din xadimlərinin ilk böyük reaksiyası

1933–1973

Zahir Şah dövrü

Nisbi sabitlik. 1964 Konstitusiyası, qadınlara səsvermə hüququ

1973

Məhəmməd Daud xanın çevrilişi

Monarxiya ləğv olunur

1978

Səvr inqilabı

Kommunist PDPA hakimiyyəti ələ keçirir. Sərt islahatlar kənddə üsyan doğurur

1979

Sovet qoşunlarının daxil olması

On illik müharibənin başlanğıcı

1989

Sovet qoşunları çıxır

Ölkə dağılmış vəziyyətdə qalır

1992

Nəcibullah rejimi çökür

Mücahid qruplar arasında vətəndaş müharibəsi

1996

Taliban Kabilə daxil olur

Birinci "İslam Əmirliyi", beynəlxalq tanınma çox məhdud

2001

ABŞ və müttəfiqlərinin müdaxiləsi

11 sentyabrdan sonra Taliban hakimiyyətdən uzaqlaşdırılır

2020

Doha sazişi

ABŞ-Taliban razılaşması

2021 (15 avqust)

Taliban yenidən Kabildə

20 illik müharibə başa çatır

2025 (iyul)

Rusiya Talibanı tanıyır

Beynəlxalq təcridin ilk çatı

2026

Pakistanla silahlı müharibə, Moskva formatı

Yeni regional düzənin axtarışı


Rusiyanın bu tarixdəki yeri ironikdir. AP xatırladır ki, keçmiş Sovet İttifaqı Əfqanıstanda 10 illik müharibə aparıb və 1989-da qoşunlarını çıxarıb. Bu gün həmin Moskva Talibanı ilk tanıyan dövlətdir. 
 

"1970-ci illərdə az qala Avropa idi" mifi

Həmin illərdə Kabilin küçələrində müasir geyimli qadınlar, universitet auditoriyaları, kinoteatrlar var idi.
Ancaq Kabil ölkənin bir adası idi. Əhalinin böyük hissəsi kənddə, qəbilə və dini icma quruluşunda yaşayırdı. Modernləşmə paytaxtdan yuxarıdan başladı, kəndə eyni sürətlə çatmadı. Şəhər ilə kənd arasındakı bu fərqlilik 1978-ci ildə partladı. Kommunist hökumətin kəndə yad olan torpaq və təhsil islahatları, sərt sekulyarlaşma siyasəti qəbilə, din xadimlərinin üsyanını doğurdu. Sovet müdaxiləsi isə bu daxili qarşıdurmanı beynəlxalq proksi müharibəyə çevirdi.

Onu da bilmək lazımdır ki, Əfqanıstanda uğursuzluq təkcə xarici qüvvələrin təqsiri deyil. Cəmiyyətin dərin qatlarından keçməyən, yuxarıdan tətbiq edilən islahat da geri təpki yaradır. 1920-ci illərdən bu günədək bu naxış təkrarlanır.

Bu məqamda əfqanların sayı ciddi maraq doğurur. Rəsmi mənbələrdə 1979-cu ildən bu yana Əfqanıstanda əhalinin ümumi siyahıya alınmaması təsdiqlənir. Eyni zamanda müharibələr əfqanları dünyada ən teez yaşlanan, ən az həyat yaşayn xalq statusuna gətirib. 

Əfqan bu gün necə yaşayır?


Əfqan cəmiyyəti etnik və qəbilə mozaikasıdır, burada puştunlar, tacıklar, hazaralar, özbəklər, türkmənlər və başqa millətlərin nümayəndələri yaşayır. Rəsmi siyahı olmadığından paylar təxminidir. Yerli icma və şura (cirqa) bir çox bölgədə rəsmi dövlətdən daha güclü sosial nizamdır.

Məlumatlara görə, Talibana təzyiq cəhdləri beynəlxalq humanitar yardımın 4 milyard dollardan 1 milyard dollara düşməsi ilə nəticələnib. Human Rights Watch isə yazır ki, 2025-ci ildə ABŞ yardımı kəskin ixtisar etdi və bu, ölkədə 3 milyondan çox kəskin qida çatışmazlığı yaşayan uşağın yardıma ehtiyacı olduğu böhranı gücləndirdi. Tulane Universitetinin Newcomb İnstitutunun 2026-cı il yanvar hesabatı isə əhalinin 85 faizdən çoxunun yoxsulluq içində yaşadığını bildirir.

Crisis Group-un hesabatına görə işləyən əfqanların 49 faizi kənd təsərrüfatında çalışır. Qadınlarda bu pay 70 faizdir. Talibanın 2022-ci ildə elan etdiyi narkotik qadağası xaşxaş əkininə bağlı kənd gəlirlərini sarsıdıb. Alternativ iş yerləri isə yaradılmayıb. Qadınlar bu mənzərənin ən ağır tərəfidir.

BTI 2026 hesabatına görə Əfqanıstan qızlara və qadınlara orta və ali təhsilin tamamilə qadağan olunduğu yeganə ölkə olaraq qalır. 

BMT-nin məlumatına görə isə 2026-cı ildə təxminən 2,4 milyon qız orta təhsildən kənarda qalıb. İş o yerə çatıb ki. 2024-cü ilin avqustundan qadınların küçədə uca səslə danışması da qadağan edilib. 

BMT Qadınlar Qurumu 18-29 yaşlı gənc qadınların təxminən 80 faizinin nə təhsildə, nə işdə, nə də peşə hazırlığında olduğunu bildirir. 

BMT İnsan Hüquqları Şurası bu həftə Talibanı qadınların hüquqlarını pozan bütün siyasətləri ləğv etməyə çağırıb, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri isə Talibanın iki nazirini gender əsaslı təqibdə ittiham edib.  


Əfqanıstanda nə üçün heç bir güc qala bilmir?

Əfqanıstan Mərkəzi Asiya, Cənubi Asiya və İran platosunun qovşağındadır. XIX əsrdə Rusiya və Britaniya "Böyük Oyun" oynadı. XX əsrdə Sovet İttifaqı və ABŞ eyni sahədə toqquşdu.

Britaniya, Sovet və Amerika təcrübələri fərqli idi. Onları birləşdirən isə dağlıq relyef və ya "döyüşkən xalq" deyil, legitimlik çatışmazlığı idi. Hər üç tərəf güclü dövlət qurmağa çalışdı, amma yerli cəmiyyətin etibar etdiyi quruluşu formalaşdıra bilmədi.

Bu gün isə dövlətlər Əfqanıstanı işğal etmir, onunla əməkdaşlıq edərək öz təsir zonalarını qururlar. Taliban bunu yaxşı anlayır və ən güclü kartı təbii sərvətlərdir. Asia Times yazır ki, Əfqanıstanın mədən yataqları coğrafi baxımdan səpələnib və bir çoxu Ali lider Axundzadənin idarəetməni mərkəzləşdirdiyi Qəndəhardan uzaqdadır. JFeed isə bildirir ki, Taliban ABŞ-a litium və nadir torpaq elementlərinə çıxış təklif edir, lakin sanksiyalar, dondurulmuş aktivlər və qadın hüquqları məsələsi bu yolda maneədir. 

Təbii sərvətlər, zənginlik, yoxsa lənət?

Bir neçə xarici mənbənin göstərdiyinə görə ABŞ Geoloji Xidmətinin hesablamalarında Əfqanıstanın mineral ehtiyatlarının potensial dəyəri 1 trilyon dolları aşır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər