İnsan özünü illərlə gizlədə bilir. Bir hadisəyə verdiyi ilk reaksiya isə onu bir anda ələ verir. Birinin uğuruna sevinəndə, başqasının dərdinə münasibət bildirəndə, əlindəki imkandan istifadə edəndə insan əslində bilmədən özü haqqında danışır. Bir cümlə uzun tərcümeyi-haldan daha çox həqiqət söyləyir. Biz dünyaya baxarkən daha çox özümüzü göstərmiş oluruq. Nəyə diqqət yetirdiyimiz, nəyi görməzliyə vurduğumuz, kimə haqq qazandırdığımız daxilimizdəki ölçüləri üzə çıxarır. Adamın kimliyini bilmək üçün bəzən onun haqqında deyilənləri dinləmək lazım gəlmir. Onun başqaları haqqında dediklərini eşitmək kifayətdir.
Hər insanın dünyaya açılan bir pəncərəsi var. Həmin yerdən görünən mənzərə tərbiyəmizi, arzularımız müəyyənləşdirir. Beləcə, insan öz baxışını yaradır, bir müddət sonra həmin baxışın içində yaşamağa başlayır. Ən dəhşətli olan bunu hiss etməməkdir.
Uzağa getmək insanın öz evini daha aydın görməsi üçün lazımdır. Məsafə düşüncə ilə vərdişin arasını nüəyyənləşdirir. Başqa həyatlarla qarşılaşanda anlayırsan ki, dəyişməz bildiyin qaydalar adi alışqanlıq imiş. Böyük hesab etdiyin bir narahatlıq kiçilə, adi saydığın bir varlıq qiymətə minə bilər. Bunun üçün təyyarəyə minmək lazım olmur. Bir insanı səbirlə dinləmək də səfərdir. Özünə bənzəməyən birinin həyatını anlamağa çalışmaq insanı min kilometrlik yoldan daha uzağa aparır. Nə yazıq ki, dünyanı gəzib əvvəlki düşüncəsindən bir addım kənara çıxmayan adam da var, özündən ayrılmadan böyük düşüncə sahibi olan da... Deməli, məsələ gördüklərinin səndə nəyi dəyişməsindədir.

Eyni evdə yaşayan insanlar eyni həyata baxsalar da, eyni mənzərəni görmürlər. Ata sabahın təhlükəsini düşünür. Ana ailənin dağılmamasını istəyir. Övlad öz yolunu tapmağa çalışır. Valideynin risk saydığı addım gənc üçün həyatının ilk böyük imkanı ola bilər. Burada mübahisə sevgisizlikdən yaranmır. İnsanlar bir-birini sevir, amma bir-birinin qorxusunu və arzusunu anlaya bilmirlər.
Valideyn övladını qorumaq istəyərkən onun gələcəyini öz keçmişinin ölçüsünə salır. Övlad azadlığını müdafiə edərkən valideynin narahatlığının arxasındakı təcrübəni eşitmir. Evdə hər kəs danışır, amma heç kəs öz yerini dəyişib dinləmir.
Ailə bir damın altında yaşamaqla bütövləşmir. Bir-birinin içində nə baş verdiyini anlamaqla böyüyür. Doğmalıq da “sənə nə lazımdır, mən bilirəm” deməkdən imtina edib “sən bunu niyə istəyirsən?” soruşmaqdan başlayır.
İnsan öz düşüncəsi boydadır. Vəzifə onun imkanlarını böyüdə, pul rahatlığını artıra bilər. Bunların heç biri daxilindəki ölçünü avtomatik genişləndirmir. Kiçik düşüncə böyük kürsüdə də kiçik qalır.
İnsanın mahiyyəti xüsusilə üstünlük qazandığı anda görünür. Haqlı olanda qarşısındakını alçaldırmı? Gücü çatanda əzir, yoxsa qoruyur? Heç kimin ona etiraz edə bilmədiyi yerdə özünə hədd qoyurmu? Çətinlik insanı tanıdır. Güc isə ona kimliyini həyata keçirmək imkanı verir. Adamın mərhəmətindən danışması ilə mərhəmətli olması tam fərqli şeylərdir.

Cəmiyyət də fərdlərin baxışlarından yaranır. Jurnalist hadisədə xəbər görür, alim səbəb axtarır, siyasətçi nəticəni hesablayır. Adi vətəndaş isə düşünür ki, bu qərar onun sabahına necə təsir edəcək? Bu fərqlər cəmiyyətin düşüncə sərvətidir. Problem hər hansı baxışın özünü yeganə həqiqət elan etdiyi yerdə başlayır.
Bir insan öz təcrübəsini bütün insanların həyatı hesab edəndə başqalarının ağrısını yanlış qiymətləndirir. “Mən bacardım, hamı bacarmalıdır” deyir. Amma hamının eyni yerdən başlamadığını, eyni yükü daşımadığını unudur. Öz imkanını başqasının borcuna çevirmək asandır. Onun şəraitini anlamaq isə düşüncə tələb edir. Hər birimizin daxilində ayrıca bir dünya var. Kiminsə dünyasında qorxu, ümid, inciklik daha çox yer tutur. Daim aldadılmaqdan qorxan adam səmimiyyətdə də şübhə axtarır. İçində yığılmış qəzəbi daşıyan insan hər sözü təhqir kimi eşidir. Ümidini qoruyan isə çətinliyin içində çıxış yolu görür. Biz bəzən qarşımızdakı adamla danışanda keçmişimizdə bizə ağrı vermiş biri ilə mübahisə edirik. Bu səbəbdən özünü tanımaq “mən niyə belə görürəm?” sualını da verməkdir.
Hər insanın pəncərə nəyisə göstərir, amma hər şeyi göstərmir. Düşüncənin ən təhlükəli həddi görünməyəni yox hesab etməkdir. “Mən görməmişəm, deməli, olmayıb”. “Mən yaşamamışam, deməli, şişirdirlər”. “Mən anlamıram, deməli, mənasızdır”. Belə yanaşmalar insanı əmin edir, amma dünyasını daraldır. Bilmədiyini qəbul etmək ağlın məğlubiyyəti sayılmır.

Ölkələrin də baxışı var, onu tarix, yaddaş, coğrafiya və yaşadıqları sınaqlar formalaşdırır. Azərbaycanın dünyaya münasibətində dövlətçilik arzusu, Cümhuriyyət irsi, Rəsulzadənin adı, Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu, İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün bərpası və Türk dünyasına bağlılıq mühüm yer tutur. Bu yaddaşda Qarabağ azad edilmiş doğma yurd olamqla yanaşı itirilmiş ev, yarımçıq qalmış uşaqlıq, qayıdış gözləyən insan ömrüdür. Xocalı isə insan ağrısıdır. Ona görə Azərbaycan gələcəyə baxanda keçmişini də görür. Burada əsas məsələ yaddaşın gələcəyə necə daşınmasıdır. Keçmişin ağrısı bizi daha ayıq, daha ədalətli, daha məsuliyyətli edirsə, yaddaş qurucu gücə çevrilir. Bütün sabahları həmin ağrının içində təsəvvür ediriksə, qazandığımız imkanları da daraldırıq. Qayıdış evə çatmaqla tamamlanmır. İnsan həmin evdə gələcəyinə inananda tamamlanır.
Türkiyənin baxışında imperiya yaddaşı, Cümhuriyyətin qurucu iradəsi, Atatürkün mirası və regional məsuliyyətlər birləşir.
Amerika, Çin, Rusiya, Yaponiya və Avropa ölkələri isə hadisələri öz tarixi təcrübələri və maraqları ilə qiymətləndirirlər.
Eyni hadisənin müxtəlif ölkələrin mediasında fərqli başlıqlarla təqdim olunması həmin başlıqların arxasında nəyin təhlükə, nəyin imkan sayıldığı dayanır. Dünyanı anlamaq üçün xəbəri oxumaqla yanaşı, onu yazanın harada dayandığını da görmək lazımdır.
İnanca münasibətdə də insanın daxili ölçüsü üzə çıxır. Kimsə dində mərhəmət, kimsə hökm etmək imkanı tapır. Biri inancı ilə öz nəfsinə hədd qoyur, digəri onun adı ilə başqasının həyatına müdaxilə edir. İnsan müqəddəs saydığı dəyərləri bəzən öz qorxularının dili ilə təqdim edir. Nəticədə din haqqında danışır, amma əslində öz dözümsüzlüyünü ifadə edir.
İnanc insanı vicdanı qarşısında daha məsuliyyətli edəndə mənəvi dayağa çevrilir. Başqasını mühakimə etməyə tələsdirəndə isə adam öz daxilinə baxmaq imkanını itirir.

Liderin baxışı daha böyük məsuliyyət daşıyır. Onun qərarından milyonlarla insanın həyatı təsirlənir. Adi adamın səhv qənaəti bir münasibəti poza bilər. Dövlət rəhbərinin yanlış qiymətləndirməsi bütöv bir nəslin imkanlarını dəyişə bilər. Dar baxışla geniş dövlət idarə etmək mümkünsüzdür.
Atatürkün tarixi miqyası yeni dövlətin gələcəyini təsəvvür etmək və həmin gələcək üçün dəyişiklik iradəsi göstərməkdə idi. Ərdoğanın pəncərəsindən Türkiyənin bugünkü geosiyasi reallıqları, region və dünya ilə münasibətlər görünür. Amma bu reallıqlarda bir az da dünyaya yalnız Türkiyədən baxmaq elementi açıq hiss olunur.
Heydər Əliyevin dövlətçilik yanaşmasında davamlılıq və Azərbaycanın uzunmüddətli mövcudluğu əsas yer tuturdu. İlham Əliyevin siyasi xəttində ərazi bütövlüyünün bərpası ilə Azərbaycanın gələcək təhlükəsizliyi və regional mövqeyi bir bütöv təşkil edir.
İlham Əliyev dünyaya, hadisələrə Azərbaycandan, Türkiyədən, Türk dünyasından, Avropadan, Amerikadan, dünyanın hər yerindən baxa bilir. Ona görə də Türk dünyasında İlham Əliyev lider kimi qəbul edilir.
İndi lider mövzusunda Azərbaycan bəxti gətirmiş ölkədir. Məhz buna görə indi Azərbaycan dünyanın hər yerində qəbul edilir, bəyənlir, tərəf müqabili kimi dəyəndirlə bilir. Lider həm də öz cəmiyyətinin formalaşmasında böyük rol oynayır. Bu baxımdan da Azərbaycan cəmiyyəti hər an axtarışdadır, öz liderinin yaratdığı reallıqlara uyğunlaşmağa can atır. Bu üstünlük illər sonra özünü daha çox göstərəcək.
Lideri tanıdan təhlükəni vaxtında hiss etməsi, fürsəti dəyərləndirməsi, verdiyi sözə necə sahib çıxması da onun siyasi mahiyyətini göstərir. Dövlət adamı bu günün qərarını verərkən həmin qərarın içində yaşayacaq insanları düşünməlidir. Çünki onların çoxu hələ doğulmayıb. Gələcəyi görmək iddiası bu gün yaşayan insanı görməyə mane olmamalıdır. Dövlətin böyük mənzərəsində bir ailənin qayğısı, bir gəncin ümidi, bir qocanın ehtiyacı da yer almalıdır. Ən geniş baxış uzaqdakı üfüqlə yaxındakı insanı birlikdə görə bilən baxışdır.
Başqasının yerindən baxmaq öz mövqeyindən imtina etmək kimi qəbul edilməməlidir. Bu, mövqeyini daha çox həqiqətin qarşısında sınamaqdır. Bəzən insan illərlə müdafiə etdiyi fikri dəyişəndə özünü itirdiyini düşünür. Halbuki dəyişməyən yalnız fikir olmur, onu qoruyan qürur da ola bilər.

Özünü tanımaq cəsarəti “mən beləyəm” deməklə bitmir. “Bəlkə, başqa cür də görə bilərəm” deməklə davam edir.
Sabah yenə bir xəbər oxuyacağıq. Birinin uğurunu eşidəcək, kiminsə dərdi ilə qarşılaşacaq, bizdən fərqli düşünən bir adama cavab verəcəyik. Hər dəfə dünyanın qarşısında özümüzü bir az da açacağıq. Həmin an bircə saniyə dayanmağa dəyər, mən gördüyümü qiymətləndirirəm, yoxsa içimdəki qorxunu, incikliyi, qüruru ona köçürürəm? Bu sualın cavabı kimliyimizi dəyişə bilər.
Pəncərənizi açıq saxlayın. Bir gün oradan gördüyünüz yeni həqiqət illərlə özünüz haqqında inandığınız köhnə fikirdən daha doğru çıxa bilər.