Modern.az

Rusiya zəiflədi, Avropada böhrandı, Ukrayna dağıldı - bəs, qazanan...

Rusiya zəiflədi, Avropada böhrandı, Ukrayna dağıldı - bəs, qazanan...

Analitika

Bu gün, 09:40

Rusiya-Ukrayna müharibəsi dünya gündəminin əsas mövzusu olaraq qalmaqdadır. Ukraynada müharibə bitərsə, bu, dünyanın problemlərinin bitməsi demək olmayacaq. Əksinə, atəşkəsdən sonra ərazi, təhlükəsizlik, qaçqınların qayıdışı, dövlət borcu, bərpa xərcləri, seçkilər və yeni beynəlxalq münasibətlər uğrunda uzun mübarizə başlayacaq.

2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı müdaxiləsi ilə yeni mərhələyə keçən müharibə artıq iki ölkənin cəbhə xəttindən çox-çox kənara çıxıb. Bu savaş Avropanın təhlükəsizlik sistemini, NATO-nun gələcəyini sınağa çəkir. Paralel olaraq ABŞ-Avropa münasibətlərini, enerji bazarlarını, ərzaq ixracını və beynəlxalq hüququn işləkliyini tes edir.


İran, ABŞ və İsrail arasındakı qarşıdurmalar dünya gündəminə güclü təsir göstərsə də, Ukrayna müharibəsini arxa plana ata bilmədi. Bu müharibənin nəticəsi yalnız Kiyevin və Moskvanın taleyini həll etmir, Vaşinqton, Pekin, Brüssel, Ankara və bizim regionun da strateji hesablarına təsir edəcək.

Müharibə bitməmiş daha bir problem ortaya çıxıb. Müharibə bitəndə hansı dövlət itirmiş, hansı qazanmış olacaq?

Bu günə olan vəziyyət göstərir ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında fikir ayrılıqları getdikcə dərinləşir. Son günlər mübahisənin əsas mövzuları Rusiyaya qarşı sanksiyalar, enerji infrastrukturlarına zərbələr, ABŞ-ın Ukraynaya hərbi və kəşfiyyat dəstəyi, eləcə də müharibəni dayandırmaq üçün seçilən diplomatik üsullardır. Tramp administrasiyasının Rusiya ilə dizel yanacağı tədarükü və sanksiyaların yumşaldılması istiqamətində atdığı addımlar Kiyevdə narazılıq yaradıb. Zelenski bu siyasətin Moskvanın maliyyə imkanlarını gücləndirəcəyini bildirib.

Oktyabrın 18-də Zelenski ABŞ-ın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışdığını açıqlayıb. Eyni zamanda, ABŞ kəşfiyyat məlumatlarının Ukraynaya ötürülməsinin bərpa olunduğu bildirilib. Bu, tərəflər arasında siyasi gərginlik olsa da, diplomatik əlaqələrin kəsilmədiyini göstərir.


Trampın yanaşması müharibəni mümkün qədər tez dayandırmaq, enerji qiymətlərinə təzyiqi azaltmaq və ABŞ-ın bu qarşıdurmaya çəkdiyi xərcləri məhdudlaşdırmaq məqsədləri ilə izah olunur. Lakin Vaşinqtonun sürətli razılaşma istəyi ilə Kiyevin təhlükəsizlik zəmanətləri və ərazi bütövlüyü tələbləri arasında xeyli fərqlər görünür.  Atəşkəs cəbhədəki atəşi dayandıra bilər. Amma gələcək hücumların qarşısını alacaq mexanizm yaradılmasa, o, sadəcə növbəti müharibəyə qədər verilmiş fasiləyə çevrilə bilər.

Vaşinqtonun mövqeyi də vahid və dəyişməz görünmür. ABŞ bir tərəfdən Ukraynaya kəşfiyyat və hərbi imkanlar verir, digər tərəfdən Moskva ilə danışıqlar aparır və sanksiya siyasətini yenidən nəzərdən keçirir. Bu, həm diplomatik təzyiq vasitəsidir, həm də Ukrayna üçün ciddi qeyri-müəyyənlik yaradır.

Avropa isə ABŞ-ın təhlükəsizlik dəstəyindən asılılığını azaltmağa çalışsa da, xüsusilə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli silahlar, peyk rabitəsi və kəşfiyyat imkanlarında Amerika texnologiyasını qısa müddətdə tam əvəz edə bilmir. Kiel İnstitutunun 2026-cı il məlumatları Avropanın Ukraynaya yardım ayırmalarını artırdığını, lakin Avropanın hərbi dəstəyinin də ABŞ istehsalı olan sistemlərdən asılı qaldığını göstərir.

Deməli, Zelenski-Tramp qarşıdurması əslində Ukraynanın müharibədən sonrakı taleyinin hansı təminatlara söykənəcəyi barədə daha böyük mübahisədir.


Zelenskinin siyasi legitimliyi barədə mübahisələr Rusiyanın təbliğatında da, beynəlxalq siyasi müzakirələrdə də yer alır. Onun beşillik prezidentlik müddəti 2024-cü ilin mayında başa çatıb. Lakin Ukraynada tətbiq olunan hərbi vəziyyət dövründə seçkilərin keçirilməsi qanunla qadağandır. Konstitusiyaya görə isə prezident yeni seçilmiş dövlət başçısı vəzifəyə başlayana qədər səlahiyyətlərini icra edir.

Bu hüquqi çərçivə seçkilərin sadəcə siyasi qərarla keçirilməsini mümkünsüz edir. Müharibə şəraitində milyonlarla insan ölkədən kənardadır, milyonlarla insan daxili köçkünə çevrilib, bəzi ərazilər işğal altındadır, cəbhə bölgələrində seçki təhlükəsizliyi və seçicilərin iştirakı ciddi problemdir.

Oktyabrın 12-də Zelenski prezident seçkilərinin keçirilməsi üçün 60 günlük atəşkəs təklif edib. Kreml isə bu təklifi qəbul etməyərək qısamüddətli atəşkəs əvəzinə daha geniş razılaşma istədiyini bildirib.

Müharibənin ən böyük nəticələrindən biri demoqrafik itkilərdir. İnsanlar evləri ilə bərabər işlərini, sosial çevrələrini, uşaqlarının məktəblərini və gələcək planlarını da itiriblər.  BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, 2026-cı ildə Ukraynadan xaricə qaçanların sayı 6,8 milyonu ötüb. Bununla yanaşı, milyonlarla insan ölkə daxilində məcburi köçkün olaraq yaşayır.

Avropa İttifaqının Eurostat qurumunun 12 oktyabr 2026-cı ildə açıqladığı məlumatlara əsasən, avqustun 31-nə Ukraynadan gedən 4,43 milyon nəfər Aİ-də müvəqqəti müdafiə statusuna malik olub. Onların ən çox məskunlaşdığı ölkələr, Almaniya 1 milyon 294 min 555 nəfər, Polşa: 939 min 395 nəfər, Çexiya: 398 min 360 nəfərdir. Bu rəqəmlər Aİ-də müvəqqəti müdafiə statusuna malik insanların sayıdır.


Rəqəmlərin arxasında isə daha ağır məsələ dayanır, bu insanlar müharibə bitəndə qayıdacaqlarmı? Axı qayıdış tək atəşkəsdən asılı olmayacaq. Təhlükəsizlik, mənzil, iş yerləri, məktəblər, tibbi xidmət, elektrik və istilik təchizatı, minalardan təmizləmə və iqtisadi sabitlik insanların qərarına təsir edəcək. Uşaqların bir hissəsi başqa ölkələrdə təhsil alır, ailələrin bir qismi yeni iş tapıb, bəziləri yeni həyat qurub. Müharibə uzandıqca müvəqqəti köçün daimi mühacirətə çevrilməsi riski artır.

Odur ki, Ukraynanın gələcəyinə əhalinin sayı, doğum səviyyəsi, əmək bazarı və yaş strukturu da ölkənin bərpa imkanlarına təsir edəcək. Ukrayna Ədliyyə Nazirliyinin məlumatlarına əsaslanan 2026-cı ilin yanvar hesabatına görə, 2025-ci ildə ölkədə 168 min 780 doğum və 485 min 300 ölüm qeydə alınıb. Ölüm sayı doğum sayından təxminən 2,9 dəfə çox olub. Müqayisə üçün bu rəqəmlərə diqqət edək, 2021-ci ildə 273 min 770 doğum və 714 min 260 ölüm qeydə alınmışdı. Müharibənin ən ağır nəticələrindən biri demoqrafik göstəricilərdi ki, bu da ölkənin gələcəyinə onilliklərlə təsir göstərəcək.

Dünya Bankı, Ukrayna hökuməti, Avropa Komissiyası və BMT-nin 23 fevral 2026-cı ildə açıqladığı beşinci sürətli zərər və bərpa ehtiyacları qiymətləndirməsinə (RDNA5) görə, 2025-ci il dekabrın 31-dək olan vəziyyət əsasında Ukraynanın növbəti on il üçün bərpa və yenidənqurma ehtiyacları təxminən 588 milyard ABŞ dolları qiymətləndirilib. Bu məbləğ 2025-ci il üçün proqnozlaşdırılan nominal ÜDM-in təxminən üç mislidir.  Ən böyük bərpa ehtiyacları nəqliyyat, enerji, mənzil, sənaye və kənd təsərrüfatı sektorlarına aiddir.  Üstəlik, ərazilərin minalardan təmizlənməsi, veteranların reabilitasiyası, psixoloji dəstək, itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi və məcburi köçkünlərin evlə təmin olunması da uzunmüddətli maliyyə tələb edəcək. Buna görə müharibənin sonu Ukrayna üçün iqtisadi yüksəlişin avtomatik başlanğıcı olmayacaq. Siyasi sabitlik, hüquqi təminatlar, korrupsiyaya qarşı nəzarət, investisiyaların qorunması və dövlət idarəçiliyinin səmərəliliyi bərpanın sürətini müəyyən edəcək.

Rusiyanın müharibə iqtisadiyyatına keçməsi dövlət xərclərini, müdafiə sənayesinin rolunu və büdcənin enerji gəlirlərindən asılılığını artırıb. Qərb sanksiyaları texnologiyaya çıxışa, maliyyə əməliyyatlarına və bəzi ixrac kanallarına təsir göstərib. Bununla belə, Rusiyanın iqtisadiyyatının tam çökdüyünü söyləmək mövcud məlumatlarla əsaslandırılmır. 2026-cı ilin iyulunda Reuters Rusiya büdcəsinin kəsirinin əvvəlki plandan 1 trilyon rubldan çox artmasının gözlənildiyini, hərbi xərclərin bu təzyiqdə rol oynadığını yazıb. Oktyabrda isə neft-qaz vergilərindən gəlirlərin əvvəlki ilin eyni dövrünə nisbətən azalması, eyni zamanda qlobal enerji qiymətlərinin gəlirlərə müəyyən dəstək verməsi barədə məlumat verilib. Rusiyanın qarşısında hərbi xərcləri, iqtisadi artımı, inflyasiyanı və sosial tələbləri tarazlaşdırmaq problemi dayanır. Ukrayna isə daha ağır fiziki dağıntı və xarici maliyyələşmədən asılılıqla üzləşir. Ona görə də iki ölkənin itkisini eyni ölçü ilə hesablamaq doğru olmazdı.

Xarici güclərin bu müharibədə mövqeyinə gəlincə, Çinin Ukrayna müharibəsindəki mövqeyini yalnız “Rusiyanın dostu” və ya “sülh tərəfdarı” kimi təsvir etmək yanlış olardı. Pekin üçün məsələ həm Rusiya ilə strateji münasibətləri qorumaq, həm Avropa ilə iqtisadi əlaqələri itirməmək, həm də ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq sistemdə öz mövqeyini gücləndirməkdir.


Çin rəsmi olaraq dialoq və danışıqların vacibliyini vurğulayır. Eyni zamanda, Rusiya ilə ticarət və iqtisadi əməkdaşlığını davam etdirir. Qərb ölkələri isə Çinin Rusiyanın hərbi-sənaye potensialına dolayı və ikili təyinatlı məhsullar vasitəsilə dəstək verdiyindən narahatdır. Pekin bu ittihamların bir qismini rədd edir. ABŞ-ın Çinlə bağlı araşdırma komissiyasının 2026-cı il hesabatında Rusiya-Çin hərbi əməkdaşlığı barədə yeni iddialar da əks olunub. Amma burada bir məqam var, müharibənin uzanması Çinə yalnız üstünlük gətirmir. Qlobal ticarətin pozulması, enerji qiymətlərinin dəyişməsi, Avropa ilə münasibətlərin gərginləşməsi və sanksiya riskləri Pekin üçün də xərc yaradır.

Türkiyə Ukrayna müharibəsində özünəməxsus mövqeyə malikdir. NATO üzvüdür, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Rusiya ilə diplomatik və iqtisadi əlaqələrini saxlayır. Qara dənizdə təhlükəsizlik, taxıl ixracı, enerji və regional ticarət Ankara üçün birbaşa milli maraq məsələləridir. Türkiyənin 2022-ci ildə BMT ilə birlikdə vasitəçilik etdiyi Qara dəniz Taxıl Təşəbbüsü nəticəsində Ukraynadan təxminən 33 milyon ton taxıl və digər ərzaq məhsullarının ixracı mümkün olmuşdu. Rusiya 2023-cü ildə razılaşmadan çıxdı. 2026-cı il avqustun 31-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyini təmin etmək üçün yeni plan üzərində işlədiklərini və Moskva ilə Kiyevlə təmasların davam etdiyini açıqlamışdı. Ankara həm də Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini, enerji və ərzaq daşımalarını, Montre konvensiyasının yaratdığı hüquqi çərçivəni və NATO-Rusiya qarşıdurmasının daha geniş müharibəyə çevrilməməsini nəzərə almalıdır.

Türkiyənin vasitəçilik imkanları onun hər iki tərəflə danışa bilməsindən qaynaqlanır. Ancaq vasitəçilik uğuru ttərəflərin təhlükəsizlik və ərazi məsələlərində hansı kompromislərə hazır olmasından asılıdır. Ankara üçün müharibənin uzanması iqtisadi risklər, Qara dənizdə təhlükəsizlik təhdidləri və enerji bazarlarında qeyri-müəyyənlik deməkdir. Eyni zamanda, sülh danışıqlarında rolunu qoruması Türkiyənin regional diplomatik çəkisini artırmaq imkanı yaradır.

Ukrayna müharibəsi NATO-nun vahid hərbi alyans olduğunu göstərsə də, üzv ölkələrin bütün məsələlərdə eyni mövqedə dayanmadığını da üzə çıxarıb. ABŞ hərbi texnologiya, kəşfiyyat, hava hücumundan müdafiə və silah təchizatında mühüm rol oynayır. Avropa isə maliyyə dəstəyi, hərbi yardım, qaçqınların qəbulu və Ukraynanın uzunmüddətli bərpası baxımından əsas tərəfdaşdır. Kiel İnstitutunun 2026-cı ilin avqustunda açıqladığı məlumatlara görə, Avropa həmin ilin may-iyun aylarında Ukraynaya yardım ayırmalarını artırıb. Bununla belə, maliyyə və humanitar yardım əvvəlki ilin səviyyəsindən aşağı qalıb, Avropanın hərbi dəstəyi isə ABŞ istehsalı olan sistemlərdən asılılığını qoruyub.

Avropanın daxilində də fikir ayrılıqları var. Bəzi hökumətlər Ukraynaya daha geniş hərbi dəstəyi müdafiə edir, digərləri isə büdcə yükü, daxili siyasi təzyiqlər, enerji qiymətləri və eskalasiya risklərinə daha çox diqqət yetirir.


Trampın NATO-nun maliyyələşdirilməsi və ABŞ-ın alyansdakı rolu barədə tənqidi mövqeyi də transatlantik münasibətlərdə qeyri-müəyyənlik yaradır. Bununla belə, siyasi mübahisələr ABŞ-ın NATO-dan faktiki çıxması kimi istəyi olduğunu demir. Alyansın gələcəyi üzv dövlətlərin hüquqi qərarlarından, müdafiə öhdəliklərindən və siyasi razılaşmalarından asılıdır. Ukrayna müharibəsi Avropanı müdafiə xərclərini artırmağa, silah istehsalını genişləndirməyə və ABŞ-dan asılılığını azaltmağa sövq edir. Amma bu proses vaxt, pul və sənaye imkanları tələb edir. Avropanın sınağı təhlükəsizliyini ABŞ-la münasibətlərdəki dəyişikliklərə baxmayaraq nə qədər təmin edə bilməsidir.

Yaxın Şərqdəki münaqişələr enerji qiymətlərinə, hərbi resursların bölüşdürülməsinə və diplomatik diqqətə təsir göstərir. İran, ABŞ və İsrail arasındakı qarşıdurmanın nəticələri Ukrayna müharibəsinə bir az da bağlıdır. Enerji təchizatı, sanksiyalar, silah ehtiyatları və böyük dövlətlərin xarici siyasət prioritetləri bir-birinə bağlanır.

Azərbaycan Ukrayna müharibəsinə öz suverenliyi, ərazi bütövlüyü, humanitar məsuliyyəti və regional sabitlik maraqları prizmasından yanaşır. Azərbaycanın mövqeyinin mühüm tərəfi müharibənin yaratdığı humanitar ehtiyaclara cavab vermək, enerji infrastrukturunun bərpasına kömək etmək və Ukrayna ilə münasibətləri ikitərəfli sənədlər əsasında davam etdirməklə bağlıdır.


Azərbaycan üçün başqa bir məsələ də var. Rusiya ilə münasibətlər, Türkiyə ilə müttəfiqlik, Avropa ilə enerji və nəqliyyat əlaqələri, Ukrayna ilə tərəfdaşlıq eyni geosiyasi mühitin hissələridir. Bakı üçün bu münasibətləri qorumaq əsas prioritet kimi görünür.

Yaxın perspektivdə diplomatik təmasların artması müharibənin mütləq tezliklə bitəcəyi deməyə əsas vermir. Oktyabrda enerji infrastrukturlarına hücumlar davam edib, tərəflər bir-birini atəşkəs təşəbbüslərini pozmaqda ittiham edib, ABŞ-la Ukrayna arasında fikir ayrılıqları dərinləşib. Eyni zamanda, diplomatik əlaqələr davam edir. Bu mənzərə müharibənin nə vaxt bitəcəyini dəqiq deməyə imkan vermir. Atəşkəs, hərbi əməliyyatların azalması və tam sülh sazişi fərqli anlayışlardır.

Müharibə bitəndən sonra da onun nəticələri onilliklərlə qalacaq. Dağıdılmış şəhərlər bərpa oluna bilər, amma itirilmiş həyatları geri qaytarmaq mümkün olmayacaq. Qaçqınların bir hissəsi evinə dönəcək, amma hər ailə qayıtmayacaq. Heç bir halda Ukrayna əvvəlki olmayacaq.

Rusiya üçün də müharibənin nəticələri hərbi xərclər, iqtisadi struktur, beynəlxalq əlaqələr və təhlükəsizlik siyasəti baxımından uzunmüddətli olacaq. Avropa öz müdafiə modelini yenidən nəzərdən keçirəcək, NATO-nun gələcəyi barədə mübahisələr davam edəcək, Çin isə Rusiya, Avropa və ABŞ-la münasibətlərini yeni reallıqlara uyğunlaşdırmağa çalışacaq. Türkiyə Qara dənizdə təhlükəsizlik və vasitəçilik rolunu qorumağa çalışacaq. Azərbaycan isə dəyişən regional şəraitdə öz milli maraqlarını müdafiə etməli olacaq.

Bu müharibədə kimin nə qazandığına yalnız xəritədəki xətlərlə baxmaq olmaz. Əsl hesab insan talelərində, boş qalmış evlərdə, azalan doğumlarda, böyüyən dövlət borclarında və gələcəyini başqa ölkədə qurmağa məcbur olan uşaqlarda görünəcək.

Dünya Ukraynada müharibənin bitməsini gözləyir. Ancaq əsas məsələ elə bir siyasi və təhlükəsizlik sistemi qurmaqdır ki, yeni nəsil eyni müharibənin yenidən başlayacağından qorxaraq böyüməsin. Çünki sülh insanların sabahın da müharibəsiz olacağına inana bildiyi gündür.

Modern Araşdırma və Təhlil Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ŞOK GÖRÜNTÜLƏR! Aclıq başladı, insanlar ərzaq növbəsində