ABŞ, Rusiya və Çin liderlərinin mümkün üçtərəfli görüşü beynəlxalq gündəmdə diqqət çəkən məsələlərdəndir. Tərəflərin nüvə silahlarının azaldılması, İran ətrafındakı vəziyyət və böyük dövlətlər arasındakı münasibətləri müzakirə edəcəyi gözlənilir. 19 noyabrda baş tutacaq görüşün mümkün nəticələri və bu təmasın qlobal siyasi proseslərə təsiri ilə bağlı suallar açıq qalır.
Modern.az-a açıqlamasında rusiyalı politoloq Darya Qrevtsova bildirib ki, Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında mümkün üçtərəfli görüş mühüm nəticələrə gətirib çıxara bilər. Onun sözlərinə görə, hazırda tərəflər müzakirə olunacaq məsələlərin siyahısını razılaşdırırlar:
"İlk növbədə, ABŞ nüvə silahlarının azaldılması məsələsini Rusiya və Çinlə müzakirə etmək istəyir. Lakin Çinin bu təklifə razılıq verməsi ehtimalı azdır. Çünki Çinin nüvə arsenalı həm Rusiyanın, həm də ABŞ-ın arsenalından dəfələrlə kiçikdir. Buna görə də Pekinin nüvə silahlarının azaldılması prosesinə qoşulmaqda ciddi marağı yoxdur. Çin nüvə arsenalını ən azı Rusiya və ABŞ-ın arsenalına yaxın səviyyəyə çatdırsaydı, bu məsələyə fərqli yanaşa bilərdi. Ancaq hazırda onun nüvə silahlarının sayı hər iki ölkə ilə müqayisədə xeyli azdır".

Politoloq Ukrayna münaqişəsinin üçtərəfli görüşdə müzakirə olunacağını gözləmədiyini vurğulayıb. O bildirib ki, Vaşinqton Kiyev və Moskva ilə bu məsələni ayrıca kanallar vasitəsilə müzakirə edir, Çin isə həmin danışıqlar prosesinin iştirakçısı deyil:
"ABŞ nümayəndələri açıq şəkildə bildiriblər ki, Vaşinqton Ukrayna məsələsi ilə bağlı Kiyev və Moskva ilə danışıqları ayrıca kanallar vasitəsilə aparır. Çin həmin prosesin iştirakçısı deyil. Ümumiyyətlə, Pekin Ukrayna məsələsinin müzakirələrinə cəlb olunmaq istəmir. Buna görə də bu mövzunun üçtərəfli görüşün gündəliyinə daxil ediləcəyi gözlənilmir".
D.Qrevtsovanın sözlərinə görə, ABŞ və Çin konstruktiv münasibətlər qurmaq niyyətlərini bir daha təsdiqləsələr də, tərəflərin prioritetləri fərqlidir. Vaşinqton nüvə silahları məsələsində diplomatik uğur əldə etməyə çalışır, Pekin isə ümumi vəziyyətin sabitləşdirilməsinə və özünün əsas narahatlıqlarının gündəmə gətirilməsinə üstünlük verir. Bunların sırasında Tayvan məsələsi, ticarət məhdudiyyətlərinin aradan qaldırılması və sanksiyaların ləğvi yer alır:
"Üçtərəfli görüş Vaşinqton və Pekin üçün mövcud fikir ayrılıqlarının müzakirəsi və müəyyən razılaşmaların əldə olunması baxımından platforma yarada bilər. Lakin texnologiya, ticarət və geosiyasət sahələrindəki fundamental ziddiyyətlərin bir görüşlə aradan qalxacağını gözləmək real deyil".
Politoloq hesab edir ki, müzakirə oluna biləcək digər mühüm məsələlərdən biri də İrandır. Onun fikrincə, tərəflər Vaşinqtonun İrana qarşı yenidən hərbi əməliyyatlara başlamaması və münaqişənin bərpasına yol verməməsi barədə razılığa gələ bilərlər:
"Təbii ki, Tramp bu müharibədən qalib kimi çıxmağa çalışacaq. Onun üçün əsas məsələlərdən biri də hərbi əməliyyatları yenidən başlamadan, Amerika ictimaiyyətinin və seçicilərinin gözündə qələbə qazanmış lider kimi görünməyin yollarını tapmaq olacaq. Əgər bu məsələdə razılıq əldə etmək mümkün olsa, görüş İran istiqamətində eskalasiya risklərinin azalmasına töhfə verə bilər".
D.Qrevtsova Rusiya ilə Qərb arasındakı münasibətlərin də görüşdə müzakirə oluna biləcəyini istisna etməyib. O qeyd edib ki, Moskva Avropa ilə dialoqa açıq olduğunu bildirsə də, danışıqların bərabərhüquqlu və bölünməz təhlükəsizlik prinsipləri əsasında, Rusiyanın maraqları nəzərə alınmaqla aparılmasını istəyir:
"Əgər Tramp Putinlə üçtərəfli görüş çərçivəsində Avropanın təhlükəsizliyi məsələsini qeyri-rəsmi şəkildə müzakirə edərsə, bu, gələcəkdə Rusiya ilə Qərb arasında dialoq üçün zəmin yarada bilər. Hətta tərəflər Avropa ilə konstruktiv ünsiyyətin qurulmasına dair müəyyən ideyalar da irəli sürə bilərlər".
Rusiyalı politoloq mümkün görüşün ən real nəticəsinin üç liderin ilk dəfə eyni masa arxasında bir araya gəlməsi olacağını düşünür. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün strateji məsələləri müzakirə etməyə hazır olduqlarını nümayiş etdirməsi özü də mühüm siyasi siqnaldır:
"Lakin gündəliyin hələ tam razılaşdırılmaması, tərəflərin fərqli prioritetləri və Ukrayna məsələsinin görüşdən kənarda qalacağı ehtimalı konkret, ciddi razılaşmaların əldə olunması imkanlarını məhdudlaşdırır. Bununla belə, İran məsələsində razılığa gəlmək və Trampın yenidən müharibəyə başlamasının qarşısını almaq mümkün olsa, bu, görüşün ən mühüm nəticələrindən biri sayıla bilər".