Modern.az

Fransadakı hadisələr yalnız aksiya deyil: vəziyyət mürəkkəbləşə bilər

Fransadakı hadisələr yalnız aksiya deyil: vəziyyət mürəkkəbləşə bilər

Analitika

Bu gün, 21:50

Fransada davam edən etirazlar ölkədəki sosial narazılıqları və siyasi sistemdəki ziddiyyətləri yenidən gündəmə gətirib. Etirazların miqyası, hakimiyyətin reaksiyası və Avropa institutlarının baş verənlərə münasibəti ətrafında müzakirələr genişlənir. Siyasi şərhlərə görə, Fransadakı proseslər təkcə ölkənin daxili problemləri ilə məhdudlaşmır, həm də Avropanın iqtisadi vəziyyəti və idarəçilik modeli ilə bağlı suallar doğurur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Nigar Arpadari bildirib ki, Fransada etirazlar və tətillər ölkənin tarixi siyasi ənənələrinin bir hissəsidir. Onun sözlərinə görə, bu cür aksiyalardan daxili siyasi mübarizədə alət kimi istifadə edilməsi halları da mümkündür:

“Fransanın siyasi meydanının özünəməxsus xüsusiyyətləri, tarixi siyasi ənənələri var. Bu ənənələrdən biri də daxili etirazların, tətillərin, hətta polislə toqquşmaların bir növ daxili siyasi alət kimi istifadə olunmasıdır. Özü də çox vaxt bu alətdən kimin istifadə etdiyini müəyyənləşdirmək belə çətin olur. Hətta siyasi qarşıdurmaların elə hakim koalisiya tərəfindən təhrik edildiyi hallar da mümkündür”.

Deputat hesab edir ki, Fransada etirazların xarakterini anlamaq üçün ölkə cəmiyyətinin siyasi və sosial strukturuna diqqət yetirmək lazımdır. Onun fikrincə, cəmiyyətdə sol ideyaların güclü mövqeyə malik olması ilə hakimiyyətin iqtisadi elitalarla əlaqələri arasında ziddiyyət mövcuddur:

“Fransız cəmiyyətində sol ideyalar ənənəvi olaraq çox güclüdür. Kommunistlər, trotskiçilər və müxtəlif solçu qüvvələr cəmiyyətdə ciddi təsirə malikdirlər. Amma hakimiyyətin başında, demək olar ki, həmişə oliqarxiyanın və iri korporasiyaların nümayəndələri dayanır.

Beləliklə, Fransada etirazların mahiyyəti bir çox hallarda bundan ibarət olur: oliqarxik, korporativ kapitalist elita sol düşüncəyə və sosial tələblərə meyilli olan əhalinin narazılığını müəyyən çərçivədə saxlamağa, bir növ bu narazılığın buxarını buraxmağa və eyni zamanda cəmiyyəti aldatmağa çalışır. Bu baxımdan, hakimiyyətin belə qarşıdurmaların qarşısını almaq əvəzinə, bəzən onlara şərait yaratması, hətta müəyyən hallarda onları təhrik etməsi ehtimalını da istisna etmək olmaz. Bu, Fransanın köhnə siyasi sxemlərindən biridir”.

Nigar Arpadarinin sözlərinə görə, bu dəfə proseslərin əvvəlcədən nəzərdə tutulan çərçivədən kənara çıxması ehtimalı var. O hesab edir ki, Fransada yığılan sosial narazılıqlar və dərinləşən daxili ziddiyyətlər vəziyyətin daha mürəkkəb mərhələyə keçməsinə səbəb ola bilər.

Deputat qeyd edib ki, mövcud problemlər yalnız Fransa ilə məhdudlaşmır. Onun fikrincə, Avropa ölkələrində həyat keyfiyyətinin pisləşməsi, gəlirlərin artmaması, iqtisadi perspektivlərin zəifləməsi və durğunluq əlamətləri daha geniş böhranın göstəriciləridir:

“Əslində, bu, təkcə Fransanın problemi deyil. Bütün Avropaya xas olan daha geniş bir böhrandan danışırıq. İlk növbədə, həyat keyfiyyətinin pisləşməsi, gəlirlərin artmaması və uzun müddət durğun vəziyyətdə qalması, iqtisadi perspektivlərin zəifləməsi kimi problemlər var. Avropa İttifaqı iqtisadiyyatı bütövlükdə arzuolunan nəticələr göstərmir. Faktiki olaraq, Aİ artıq müəyyən müddətdir ki, iqtisadi durğunluq şəraitində fəaliyyət göstərir”.

O bildirib ki, bu baxımdan Fransadakı hadisələri yalnız ayrı-ayrı etiraz aksiyaları və küçə qarşıdurmaları kimi qiymətləndirmək düzgün olmazdı. Deputatın fikrincə, proseslər ölkənin siyasi sistemi üçün daha ciddi problemə çevrilə bilər.

Arpadari Avropa İttifaqının və onun institutlarının Fransada baş verənlərə münasibətini də sual altına alıb. O hesab edir ki, Avropa institutlarının özlərinin də mövcud sistemin bir hissəsi olması həmin problemləri tənqid etmək imkanlarına təsir göstərir.

“Avropa İttifaqının və Avropa institutlarının baş verənlərlə bağlı mövqeyi, reaksiyası haradadır? Niyə bu məsələlərə münasibətdə prinsipial bəyanatlar eşidilmir?

Bunun izahı sadədir: Avropa institutlarının özünün də bu problemlərin yaranmasına gətirib çıxaran sistemin bir hissəsi olduğunu nəzərə alsaq, onların həmin sistemə qarşı sərt tənqidi mövqe sərgiləməsi çətin görünür. Axı heç kim özünü tənqid etməyə, öz səhvlərini açıq şəkildə etiraf etməyə həvəsli deyil. Gəlin, məsələyə bu prizmadan baxaq”, – deyə deputat fikirlərini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər