Modern.az

Sülh, yoxsa hakimiyyətin xilası, Paşinyan 2027-yə niyə qayıtdı...

Sülh, yoxsa hakimiyyətin xilası, Paşinyan 2027-yə niyə qayıtdı...

Analitika

Bu gün, 12:13

Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları ilk baxışda sülh prosesinə nikbinlik gətirir. Oktyabrın 15-də Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət hədəfi göstərən Paşinyan oktyabrın 22-də artıq 2027–2028-ci illəri mümkün tarix kimi səsləndirib. Burada əsas diqqət çəkən məqam tarixlərin dəyişməsindən çox bu dəyişikliyin hansı daxili və xarici şərtlərlə əlaqəli olmasıdır.

Paşinyan eyni gündə yeni Konstitusiya layihəsinin hazırlanacağını, müxalifəti bu prosesə razı salmağa çalışacağını və nəticə əldə edilməsə, növbədənkənar parlament seçkisi variantını da istisna etmədiyini bildirib. Deməli söhbət Ermənistanın daxili siyasi arxitekturasından, hakimiyyətin legitimliyindən və sülh sazişinin hansı hüquqi-siyasi əsaslarla bağlanacağından gedir.

İndi ortaya çıxan sual odur ki, Paşinyan sülhə aparan yolu qısaldır, yoxsa sülhün qarşısında duran daxili siyasi maneələri aradan qaldırmaq üçün öz hakimiyyətinin mandatını yeniləməyə hazırlaşır?

Oktyabrın 15-də Paşinyan sülh sazişinin imzalanması və ratifikasiyasını özünün əsas vəzifələrindən biri adlandıraraq 2031-ci ilədək müddət müəyyənləşdirmişdi. Bir həftə sonra onun 2027–2028-ci illəri göstərməsi əvvəlki mövqedən daha konkret və daha sürətli siyasi təqvim deməkdir. Bu dəyişiklik ən azı üç ehtimalı gündəmə gətirir.


Birinci ehtimal budur ki, İrəvan Vaşinqtonda əldə olunmuş razılaşmaların yaratdığı siyasi və iqtisadi imkanları itirmək istəmir və sülh sazişinin rəsmiləşməsini sürətləndirməyə çalışır. Digər bir yanaşma odur ki, Paşinyan qarşıdakı daxili siyasi mübarizədə sülh gündəliyini əsas seçki mesajına çevirmək istəyir. Üçüncü məqam isə baş nazirin yeni Konstitusiya, referendum və regional kommunikasiyalar məsələlərinin bir-birindən ayrı həll edilməsinin nə qədər çətin olduğunu görərək vahid siyasi yol xəritəsi yaratmağa çalışır.

Ən vacib bir reallıq odur ki, Ermənistanda sülh məsələsinə Azərbaycanla münasibətlərdən çox ölkənin gələcək dövlət modelinin necə qurulacağı kimi baxılır.

Azərbaycanın mövqeyinə görə, Ermənistanın Konstitusiyası ilə bağlı problem müstəqillik haqqında 1990-cı il Bəyannaməsinə istinadın yaratdığı ərazi iddiaları riskidir. Ermənistanın hazırkı Konstitusiyasında Azərbaycana qarşı konkret ərazi iddiası var. Baxmayaraq ki, indiyədək İrəvan bu hüquqi-siyasi əlaqənin Azərbaycan əleyhinə ərazi iddiası yaratdığı fikri ilə razılaşmayıb. Konstitusiya islahatlarının öz daxili siyasi gündəliyinin tərkib hissəsi olduğunu bildirir. Amma fakt odur ki, ərazi iddiası var. Bunu ört-basdır eləmək mümkünsüzdür.

Elə buna görə də Azərbaycan üçün məsələ Ermənistanın daxili siyasətinə müdaxilə kimi qiymətləndirilmir. İmzalanacaq sazişin sonradan konstitusion istinadlar və siyasi iddialar vasitəsilə mübahisələndirilməsinin qarşısını almaq Azərbaycan üçün vacibdir.

Əlbəttə, bir dövlətin Konstitusiyasını dəyişmək həmin dövlətin daxili səlahiyyətidir. Amma o Konstitusiyanın başqa dövlətlə bağlanacaq sülh sazişinə təsiri ikitərəfli münasibətlərə birbaşa aidiyyatı var.


Ona görə də Azərbaycan sülhün imza mərasimi ilə məhdudlaşmasını istəmir. Sülh hüquqi baxımdan davamlı, siyasi baxımdan etibarlı və gələcək hökumətlərin dəyişməsi ilə təhlükə altına düşməyəcək şəkildə qurulmalıdır.

Paşinyanın niyə yeni parlament istəməsi də Ermənistan parlamentindəki siyasi arifmetikada gizlənir.

Ermənistanın 2026-cı il parlament seçkisindən sonra hakim “Vətəndaş Müqaviləsi” partiyası 105 yerlik parlamentdə 64 mandat əldə edib. Konstitusiya referendumuna aparan prosesi parlament vasitəsilə irəli çəkmək üçün tələb olunan üçdəiki səs çoxluğu isə 70 mandatdır. Bu isə onu göstərir ki, hakimiyyətin sadə çoxluğu olsa da, Konstitusiya məsələsində müxalifətin dəstəyinə ehtiyac var. Paşinyan müxalifəti razı salmaq istədiyini, bu mümkün olmasa, növbədənkənar seçki variantına baxa biləcəyini deyir.

Bu addımın siyasi məntiqi aydındır. Əgər Konstitusiya islahatı hakimiyyətin mövcud parlament tərkibi ilə keçmirsə, yeni seçki daha geniş mandat əldə etmək cəhdi ola bilər. Ancaq növbədənkənar seçki riskli alətdir. Hakimiyyət sülh və dövlətin gələcəyi mövzusunda daha çox seçici dəstəyi qazana bilər, amma müxalifət də kampaniyanı “xarici təzyiq”, “milli güzəşt” və “Konstitusiyanın dəyişdirilməsi” mövzuları üzərindən qura bilər. Bunun isə Paşinyan hakimiyyətinə nə vəd etdiyini bəribaşdan demək yanlış olardı. Ümumən deyə bilərik ki, Ermənistanda seçki deputatların dəyişməsi ilə müşayiət olunmayacaq, proses cəmiyyətin sülhə, keçmiş münaqişəyə, Rusiya ilə münasibətlərə və Qərbə yaxınlaşmaya dair seçiminin də sınağına çevrilə bilər. Aysberqin görünən üzünə istinad etsək, Paşinyan yeni seçki ilə sülh üçün siyasi mandat qazanmağa çalışacaq, amma seçkinin nəticəsi onun istədiyi Konstitusiya və sülh modelinə avtomatik zəmanət vermir.

Ermənistanda Konstitusiya məsələsinə münasibət birmənalı deyil. Müxalifət düşərgəsinin sülhə dəstək verməsi Paşinyanın bütün siyasətini qəbul etməsi anlamına gəlmir. Sülh sazişinə prinsipial dəstək, yeni Konstitusiyanın məzmununa razılıq və hakimiyyətin seçki strategiyasını dəstəkləmək üç ayrı siyasi mövqedir.

Müxalifət sülhün tərəfdarı olduğunu bildirərək eyni zamanda Paşinyanı sazişin şərtləri, təhlükəsizlik təminatları və xarici siyasət seçimi barədə tənqid edə bilər. Hakimiyyətin Konstitusiya təşəbbüsünə qarşı çıxan qüvvələr də Azərbaycanla müharibənin yenidən başlamasını istəyə bilər.


Paşinyan oktyabrın 22-də Ermənistanın Türkiyə ilə sərhədin açılması üçün həm Ankara, həm də Bakı ilə işlədiyini bildirib. O, Azərbaycanın bu məsələdə müəyyən ehtiyatlarının olduğunu da qeyd edib. Bu açıqlama Ermənistanın nəqliyyat bağlantılarını genişləndirmək və iqtisadi əlaqələrini şaxələndirmək istəyini göstərir. Türkiyə ilə sərhədin açılması Ermənistan üçün ticarət, logistika, turizm və tranzit imkanlarını genişləndirə bilər. Ankara isə Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycanla münasibətlərin və Cənubi Qafqazda davamlı sülhün ümumi kontekstində nəzərdən keçirir. Azərbaycan üçün burada əsas məsələ regionda normallaşmanın ümumi təhlükəsizlik mühitini zəiflətməməsidir. Çünki sərhədin açılması sülh prosesinə müsbət təsir göstərə bilər, amma Ermənistan-Azərbaycan münasibətlərindəki əsas məsələlər həll edilmədən bu addımın bütün regional problemləri aradan qaldıracağını düşünmək olmaz.

ABŞ-ın mövqeyini anlamaq üçün 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış birgə bəyannaməyə, eləcə də TRIPP layihəsinin sonrakı çərçivə sənədlərinə baxmaq lazımdır. Bu sənədlər sülh sazişinin imzalanıb ratifikasiya edilməsini, sərhədlərin delimitasiyasını, regional kommunikasiyaların açılmasını və Ermənistanın ərazisindən keçən nəqliyyat bağlantılarının inkişafını bir-biri ilə əlaqəli gündəliklər kimi təqdim edir.

Görünən odur ki, ABŞ üçün bu layihə dəmir yolu və avtomobil yolu məsələsi ilə paralel Cənubi Qafqazda iqtisadi inteqrasiya, ticarət marşrutları və Vaşinqtonun diplomatik rolunun möhkəmləndirilməsi imkanıdır. Ermənistanla ABŞ arasında 2026-cı ilin mayında imzalanmış strateji tərəfdaşlıq sənədi də TRIPP-i regional sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq gündəliyinin mühüm elementi kimi göstərir.


Azərbaycan üçün isə əsas prinsip Naxçıvanla maneəsiz bağlantının real, işlək və razılaşdırılmış mexanizmlərlə təmin olunmasıdır. Ümumən belə qənaətə gəlmək olar ki, TRIPP sülh prosesinin iqtisadi dividendlərini artıra bilər, amma siyasi sazişin yerini tutmur.

Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını dəstəklədiyini dəfələrlə bildirib və danışıqlar üçün öz platformasını təklif edib. Amma bütün tərəflər bilir ki, Moskvanın marağı iki ölkənin barışmasında cəmlənmir. Sirr deyil ki, Rusiya Cənubi Qafqazı tarixən özünün təhlükəsizlik və təsir məkanının bir hissəsi hesab edib. Buna görə də ABŞ-ın rəhbərlik etdiyi təşəbbüslərin regionda yeni strateji mövqe yaratması Moskva üçün arzuolunan deyil. 2025-ci ilin avqustunda ABŞ vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı alqışlayan Rusiya, eyni zamanda, regiondankənar güclərin həddindən artıq rol almasının yeni gərginlik yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.

Burada Moskvanın əsas dilemmalarından biri görünür. Şimal qonşu hesab edir ki, sülhün əldə olunmasını dəstəkləmək, onun sülh prosesində öz vasitəçilik və regional təsir imkanlarını itirməyə gətirməməlidir. Ermənistanın Qərblə təhlükəsizlik və iqtisadi əlaqələrini genişləndirməsi bu kontekstdə Rusiyanın İrəvanla münasibətlərinə necə təsir etdiyini son Rusiya-Ermənistan münasibətləri açıq göstərir.

İranın mövqeyində görünən əsas mövzu suverenlik, ərazi bütövlüyü, regional qüvvələr balansı və regiondankənar hərbi-siyasi mövcudluğun məhdudlaşdırılmasıdır. İranın Ermənistandakı səfiri Xəlil Şirqolami 2026-cı ilin sentyabrında TRIPP layihəsinin İran üçün qəbuledilən olması məsələsini Ermənistanın suverenliyinin qorunması və regionda ABŞ hərbi və təhlükəsizlik qüvvələrinin yerləşdirilməməsi şərtləri ilə əlaqələndirib. Doğrudur, Tehran nəqliyyat bağlantılarının inkişafını tamamilə rədd etmir, amma prosesin regiondakı geosiyasi balansı dəyişdirməsindən narahatçılığı hər an dilə gətirir. Açıq görünür ki, İran üçün Ermənistanla sərhədin əhəmiyyəti Cənubi Qafqazla əlaqələri və regional təsir imkanları baxımından strateji əhəmiyyət daşıyır.

Çin Cənubi Qafqaza əsasən suverenlik, siyasi sabitlik, iqtisadi əməkdaşlıq və nəqliyyat bağlantıları prizmasından baxır. Pekin 2025-ci ilin martında Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair suala cavabında tərəflərin dialoq və məsləhətləşmələr yolu ilə fikir ayrılıqlarını həll etməsinə, regionda davamlı sülh, inkişaf və rifahın təmin olunmasına ümid etdiyini bildirib.

Çin 2025-ci ilin avqustunda Ermənistanla strateji tərəfdaşlıq münasibətləri qurduğunu da elan edib. Pekinin yanaşması ABŞ və Rusiyanın yanaşmasından fərqli olaraq, daha çox uzunmüddətli iqtisadi əlaqələr, ticarət marşrutları və siyasi sabitliklə bağlıdır. Bunu Çinin regionda heç bir strateji marağının olmadığı kimi qəbul etmək sadəlövhlük olardı.


Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması prinsipləri əsasında dəstəklədiyini bildirir. Brüssel 2025-ci ilin avqustunda sülh sazişinin ilkinləşdirilməsini mühüm irəliləyiş adlandırıb və onun imzalanması, ratifikasiyası, eləcə də regional kommunikasiyaların açılması üçün dəstəyə hazır olduğunu açıqlayıb. Avropa üçün Cənubi Qafqaz həm enerji və nəqliyyat bağlantıları, həm də Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

Bununla yanaşı, Aİ-nin yanaşmasında infrastruktur layihələri ilə bərabər hüququn aliliyi, demokratik institutlar və davamlı siyasi sabitlik də onun Ermənistanla münasibətlərinin gündəliyindədir. Brüssel sülh prosesini dəstəkləsə də, yekun sazişin şərtlərini Azərbaycan və Ermənistanın razılaşdırmalı olduğunu qəbul edir.

Vaşinqton sülh prosesində diplomatik və tranzit rolunu gücləndirmək, Moskva regional təsirini qorumaq, Tehran geosiyasi balansın dəyişməsinin qarşısını almaq, Ankara normallaşma və regional bağlantıları irəli aparmaq, Pekin iqtisadi sabitlik və ticarət imkanlarını genişləndirmək, Brüssel isə hüquqi normallaşma və inteqrasiyanı dəstəkləmək istəyir. Bu maraqlar bir-birinə zidd olmasa da, tam üst-üstə də düşmür.

Azərbaycanın məqsədi iki dövlət arasında qarşılıqlı ərazi iddialarını istisna edən, sərhədlərin toxunulmazlığını təsdiqləyən və gələcək münasibətlər üçün sabit hüquqi çərçivə yaradan sənədin qüvvəyə minməsidir. Bu baxımdan Paşinyanın 2027–2028-ci illəri göstərməsini müsbət siqnal kimi qiymətləndirmək olar. Amma yekun nəticə tarixlə ölçülməyəcək. Azərbaycanın marağı Paşinyanın siyasi taleyindən asılı olmayan sülh mexanizminin formalaşmasıdır. Bu gün hansı hakimiyyətin imza atmasından asılı olmayaraq, sabahkı hökumət həmin öhdəliklərə əməl etməlidir. Aksiomadır ki, əbədi sülh bir liderin vədindən daha böyük məsələdir.

İndi Ermənistan keçmişin siyasi mirasını gələcəyə daşımaqla, onu hüquqi və siyasi qərarlarla geridə qoymaq seçimi qarşısındadır. Cənubi Qafqazın gələcəyi də məhz bu seçimdən asılıdır.

Modern Araşdırma və Təhlil Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!