Modern.az

“Mən, Lalə, bir də Şerlok Holms 2”nin efir tarixi açıqlanıb

“Mən, Lalə, bir də Şerlok Holms 2”nin efir tarixi açıqlanıb

Mədəniyyət

Bu gün, 14:35

İctimai Televiziya ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub.

Bu barədə Modern.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 50 dəqiqəlik 12 seriyadan ibarət olan serial ailəvi, detektiv və komediya janrlarının sintezini əks etdirir. Nizami Kino Mərkəzinə gələn tamaşaçılar arasında ən çox sevinənlər, yəqin ki, azyaşlı izləyicilər olub. Yeri gəlmişkən, serialın birinci mövsümünün kitabı çap edilərək təqdimata gələn izləyicilərə hədiyyə olunub. İkinci mövsümdə də hadisələr, birinci mövsümdə olduğu kimi, 11 yaşlı Muradın ətrafında cərəyan edir.
Nəzərə alsaq ki, birinci sezon izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, təqdimat öncəsi serialın aktyorlarının ikinci mövsümlə bağlı gözləntilərini də öyrənməyə çalışdıq. Layihənin həm ideya, həm də ssenari müəllifi Tural Sevdimalı bildirib ki, serial uşaqlarda dürüstlük, məsuliyyət, böyüklərə hörmət, ətraf mühitə qayğı və ictimai davranış qaydalarının təbliğini hədəfləyir.

Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Alena Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev və mədəniyyət naziri Adil Kərimli iştirak ediblər.
Serialın təqdimatı öncəsi açılış nitqi ilə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov bildirib ki, Azərbaycanın ilk uşaq serialı olan “Mən, Lalə, bir də Şerlok Holms”un çəkilişində əsas məqsəd uşaqların maariflənməsinə töhfə verməkdir.

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan serialın önəmini vurğulayan elm və təhsil naziri Emin Əmrullayev təhsilyönümlü layihələrə göstərilən diqqətin təqdirəlayiq olduğunu qeyd edib.

Qeyd edək ki, “Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində tamaşaçılara təqdim olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi