Modern.az

İçərişəhərdə yeni ekspozisiya yaradılıb

İçərişəhərdə yeni ekspozisiya yaradılıb

Mədəniyyət

Bu gün, 19:01

İçərişəhərdə yeni ekspozisiya yaradılıb: 162 nadir eksponat qədim şəhərin yaddaşını təqdim edir
İçərişəhər Qoruq İdarəsinin inzibati binası eyni zamanda maarifləndirici və ekspozisiya məkanına çevrilir.

Modern.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaradılan ekspozisiyada qədim şəhərin tarixini, memarlıq irsini və mədəni yaddaşını əks etdirən 162 eksponat nümayiş olunur.

Ekspozisiyada İçərişəhərin tarixi simasını əks etdirən fotoşəkillər, açıqcalar, qədim açarlar, pul nümunələri, Bakı sakinlərinin XIX–XX əsrlərə aid fotoları, kitablar və digər nadir materiallar yer alır. Bu eksponatlar qədim şəhərin memarlıq xüsusiyyətlərini, sosial həyatını və mədəni mühitini daha yaxından tanımağa imkan yaradır.
Bölmələrdən biri “Sığorta lövhələri” mövzusuna həsr olunub. Burada XX əsrin əvvəllərinədək İçərişəhərin binalarının fasadlarında yerləşdirilən və əmlakın, xüsusilə yanğından sığortalandığını göstərən metal lövhələr nümayiş etdirilir. Bu eksponatlar XIX əsrin sonu və XX əsrin əvvəllərində şəhər həyatında formalaşan təhlükəsizlik mədəniyyəti və sığorta sisteminin inkişafı barədə məlumat verir.

“İçərişəhər: Dünya İrsi” bölməsində qədim şəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi, beynəlxalq mühafizə statusları və bu istiqamətdə təqdim edilmiş sənədlər nümayiş olunur.
Nümayiş olunan materiallar sırasında tanınmış memar, İçərişəhər sakini və memarlıq tarixçisi Elçin Əliyev tərəfindən “İçərişəhər” Muzey Mərkəzinə hədiyyə olunan qədim açarlar və digər dəyərli materiallar yer alır.  Eksponatlar İçərişəhərin gündəlik həyat tarixini, məişət ənənələrini və sakinlərin yaddaşını əks etdirən nadir nümunələr sırasındadır.

Yeni ekspozisiyanın xüsusi bölmələrindən biri Ümummilli Lider Heydər Əliyevin İçərişəhərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi tədbirlərə həsr olunub.
Heydər Əliyev İçərişəhəri Azərbaycanın milli-mədəni irsinin mühüm hissəsi kimi qiymətləndirərək, onun qorunmasına xüsusi diqqət göstərib. Məhz onun təşəbbüsü və dəstəyi ilə İçərişəhərin tarix-memarlıq qoruğu kimi qorunması, bərpası və inkişafı istiqamətində mühüm addımlar atılıb. 
Ekspozisiyada İçərişəhərin kino tarixindəki rolu da öz əksini tapır. Tarixi küçələri, qala divarları və memarlıq abidələri ilə qədim şəhər uzun illər ərzində müxtəlif bədii, sənədli və animasiya filmlərinin çəkiliş məkanına çevrilib.

Yeni ekspozisiya İçərişəhərin keçmişi ilə bu günü arasında əlaqə yaradan, qədim şəhərin zəngin irsini, tarixi yaddaşını və mədəni dəyərlərini təqdim edən yeni muzey məkanı kimi ziyarətçilərin ixtiyarına verilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!