Özbəkistanla media əlaqələrinin inkişafı istiqamətində növbəti mühüm addım atılır.
Belə ki, iyunun 2-dən 7-dək Özbəkistanda geniş media proqramı təşkil olunacaq.
Proqram çərçivəsində Türkiyədən və müxtəlif ölkələrdən olan jurnalistlər Daşkənd, Səmərqənd, Buxara və Xivədə bir sıra görüşlər keçirəcəklər. Səfərdə ümumilikdə 40 jurnalistin iştirak edəcəyi bildirilib. Səfər Küresel Gazeteçiler Koniseyinin (KGK) təşkilatçılığı ilə həyata keçiriləcək. Özbəkistan-Türkiyə media forumuna xarici ölkələrədən də Türkiyədən olan jurnalistlər qatılacaq.
Məlumatı Modern.az-a azərbaycanlı jurnalist, KGK Dış Medya Konseyi Başkanı Elşad Eyvazlı verib. Onun sözlərinə görə, səfərin əsas məqsədi türk dünyası mediası arasında əməkdaşlığı gücləndirməkdir.
Elşad Eyvazlı bildirib ki, proqram çərçivəsində media nümayəndələri Özbəkistanın tarixi və mədəniyyət mərkəzləri ilə yaxından tanış olacaqlar. O qeyd edib ki, səfər zamanı müxtəlif rəsmi qurumlarla görüşlər də planlaşdırılıb.
Heyətin Daşkənddə Türkiyə səfirliyini ziyarət edəcəyi gözlənilir.
Bununla yanaşı, Özbəkistan Jurnalistlər Birliyi və ölkənin aparıcı media qurumları ilə görüşlər keçiriləcək.
Elşad Eyvazlı bildirib ki, Daşkənddə böyük media forumu da təşkil olunacaq. Forum Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetində keçiriləcək. Tədbirdə media sahəsində əməkdaşlıq, rəqəmsal jurnalistika və türk dünyasında informasiya təhlükəsizliyi mövzuları müzakirə olunacaq. Azərbaaycanlı jurnalıist forumda Türk Dünyasında Media İş Birliyi mövzusunda çıxış edəcək.
Forum iki sessiyadan ibarət olacaq.
Sessiyalarda müxtəlif ölkələrdən olan media nümayəndələri və ekspertlər çıxış edəcəklər.
Səfər çərçivəsində ASKON-un Daşkənd ofisinə də ziyarət planlaşdırılıb.
KGK rəsmisi bildirib ki, proqram yalnız rəsmi görüşlərlə məhdudlaşmır.
Jurnalistlər Özbəkistanın tarixi şəhərlərinə də səfər edəcəklər. Heyət Səmərqənddə Əmir Teymurun məqbərəsini və Registan meydanını ziyarət edəcək.
Buxarada qədim tarixi abidələrlə tanışlıq nəzərdə tutulub.
Daha sonra iştirakçılar Xivə və Ürgəncdə Oğuz mədəniyyəti ilə bağlı görüşlərə qatılacaqlar.
Səfər boyunca jurnalistlər üçün sərbəst görüşlər və mədəni proqramlar da təşkil ediləcək.
Elşad Eyvazlı qeyd edib ki, belə layihələr türk dünyasının informasiya məkanında ortaq əməkdaşlığın genişlənməsinə xidmət edir.
Onun sözlərinə görə, qarşıdakı dövrdə oxşar media platformalarının digər türk dövlətlərində də keçirilməsi planlaşdırılır.
KGK rəsmisi bildirib ki, jurnalistlərin qarşılıqlı səfərləri media əlaqələrinin daha da güclənməsinə töhfə verir.

Sevinc MƏHƏRRƏMOVA