Modern.az

Ömrünü sözə, elminə, tələbəsinə və Vətəninə həsr edən KORİFEY... 

Ömrünü sözə, elminə, tələbəsinə və Vətəninə həsr edən KORİFEY... 

Media

Bu gün, 11:59

Cahangir Məmmədli – 85 
Ömrünü sözə, elminə, tələbəsinə və Vətəninə həsr edən KORİFEY...


İnsanlar var, haqqında danışanda sözlər bir qədər ehtiyatlanır, cümlələr özünə layiq ifadə axtarır. Çünki onların ömür yolu sadəcə illərin, vəzifələrin, elmi adların və təltiflərin cəmi deyil. Onlar öz şəxsiyyətləri, mənəvi keyfiyyətləri, insanlara münasibətləri, öyrətdikləri və yaşatdıqları dəyərlərlə bir ömürlük məktəb yaradırlar. Professor Cahangir Məmmədli də məhz belə insanlardandır.

Onun adı çəkiləndə mənim gözlərim önündə ilk növbədə professor, alim, jurnalistika tarixinin bilicisi deyil, müəllim obrazı canlanır. Sözün həqiqi mənasında müəllim! Təkcə auditoriyada mühazirə oxuyan, tələbəyə elmi bilik verən deyil, həm də həyat dərsi keçən, insanın xarakterinin formalaşmasına təsir göstərən, dürüstlüyü, sədaqəti, zəhməti, halal yaşamağı öz davranışı ilə öyrədən müəllim...

İnsanın böyüklüyünü onun elmi əsərlərinin sayı ilə deyil, yetişdirdiyi insanların həyatında qoyduğu izlə ölçmək lazımdır. Bu mənada Cahangir müəllimin ömrünün özü böyük bir dərslikdir.
İlk baxışdan sərt, tələbkar, hətta bir qədər narahat görünə bilər. Amma onu yaxından tanıdıqca bu zahiri ciddiyyətin arxasında necə zəngin bir mənəvi aləmin, nə qədər incə bir qəlbin, necə böyük bir insan sevgisinin gizləndiyini görürsən. Onunla ünsiyyətdə olduqca anlayırsan ki, insanı sevmək üçün mütləq yumşaq danışmaq, hər kəsə xoş görünməyə çalışmaq lazım deyil. Bəzən səmimiyyətin, prinsipiallığın, dürüstlüyün özündə elə bir cazibə olur ki, insanı özünə bağlayır.

Cahangir müəllim də belə şəxsiyyətlərdəndir. Yaxından tanıyanlar onun zarafatlarını, şirin Qarabağ ləhcəsini, mehribanlığını, dostcanlılığını, söhbətlərinin dadını yaxşı bilirlər. O, olduğu mühitə özünəməxsus bir ab-hava gətirən, sözü, yumoru, müdrik düşüncələri ilə yadda qalan insanlardandır.

Bir ömrün ünvanı – elm, jurnalistika və müəllimlik

Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci il yanvarın 26-da Ağdam rayonunun Novruzlu kəndində dünyaya göz açıb. 1968-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib və elə həmin ildən də doğma fakültəsində pedaqoji fəaliyyətə başlayıb. Bu, sadəcə bir iş yerinin seçilməsi deyildi. Bu, ömrün bir istiqamətə bağlanması, taleyin jurnalistikaya, elmə və müəllimliyə həsr edilməsi idi.

Bu gün filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, universitetin Elmi Şurasının üzvü olan Cahangir Məmmədlinin elmi və publisistik yaradıcılığı olduqca zəngindir. İndiyədək 500-dən çox elmi və publisistik yazısı, ədəbi tənqidə və jurnalistikaya dair 17 kitabı nəşr olunub. Əməyi və xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, “Şöhrət” ordeninə layiq görülüb, Prezidentin fərdi təqaüdünü alır.

Amma məncə, onun ən böyük mükafatı auditoriyaya daxil olanda üzündə təbəssüm yaranan keçmiş tələbələrinin sevgisi, illər keçsə də ona ehtiramla müraciət edən yetirmələrinin minnətdarlığıdır. Çünki elmi adlar, ordenlər, kitablar insanın fəaliyyətini təsdiqləyir, amma insanların qəlbində qazanılan yer onun şəxsiyyətini təsdiqləyir.

Cahangir müəllimin pedaqoji fəaliyyətinin ən qiymətli cəhətlərindən biri də tələbəyə münasibətidir. O, tələbələrinə yalnız bilik vermir, onlara şəxsiyyət kimi yanaşır. Söhbət edir, dinləyir, fikir mübadiləsi aparır, bəzən dost olur, bəzən ağsaqqal, bəzən də sərt, amma ədalətli müəllim. Tələbələrinin uğuruna sevinir, onların qayğısına qalır, xüsusilə qız tələbələrinə doğma münasibət göstərir. Şirin Qarabağ ləhcəsi ilə “nənə” deyə müraciət etməsi də onun yaddaşlarda qalan mehriban xüsusiyyətlərindəndir.

Mənim də Cahangir müəllimlə bağlı tələbəlik illərindən yaddaşıma həkk olunmuş bir xatirəm var.
Jurnalistika fakültəsində oxuduğum illərdə qrup nümayəndəsi seçilmişdim. Bir gün Cahangir müəllim məni dekanlığa çağırdı. Söhbətimizdə rəhmətlik Mahmud müəllim də iştirak edirdi. Mənə çox ciddi şəkildə bir məsələni tapşırdılar: başqa fakültələrdən gəlib bizə dərs deyən müəllimlərin imtahanı zamanı tələbələrdən pul yığmaq kimi bir işə əsla yol verməməli idim. Hətta xəbərdarlıq etdilər ki, belə bir hal baş verərsə, nəinki qrup nümayəndəliyindən uzaqlaşdırılaram, hətta universitetdən də xaric edilə bilərəm.

Sonra isə o unudulmaz cümləni dedilər:
“Bizim fakültədə pul söhbəti ola bilməz!”


Bax, bizim müəllimlər bizə belə dərs keçiblər! Nə auditoriyada, nə də dərslikdə olmayan, amma bir insanın bütün ömrü boyu yadda saxlamalı olduğu dərs idi bu. Halallıq dərsi, vicdan dərsi, peşə əxlaqı dərsi...
Bu gün jurnalistikada əldə etdiyim uğurlardan danışıramsa, həmin uğurların təməlində o müəllimlərin bizə aşıladığı prinsiplərin də payı var. Onlara minnətdarlığım sonsuzdur. Çünki insanın peşəkar kimi yetişməsi qədər, insan kimi formalaşması da vacibdir. Cahangir müəllim bu iki missiyanı bir arada daşıyan müəllimlərdəndir.

Novruzludan başlanan Vətən sevgisi

Cahangir müəllimin şəxsiyyətində xüsusi bir cəhət var: onun Vətən sevgisi abstrakt, ümumi ifadələrdən ibarət deyil. Onun Vətəni var, kəndi var, torpağı var, uşaqlıq xatirələri, məktəbi, el-obası var. Onun üçün Vətən Novruzludan başlayır.

Bir müsahibəsində söylədiyi fikirlər insanı istər-istəməz düşündürür:
“Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir”.

Bu sözlərdə bir insanın öz kökünə, mənsub olduğu torpağa, mənəvi yaddaşına bağlılığı var. Cahangir müəllim Novruzlunu sadəcə doğulduğu kənd kimi deyil, öz mənəvi dünyasının başlanğıcı, həyat fəlsəfəsinin əsas ünvanı kimi qəbul edir.

O, fəxrlə danışır ki, Novruzlu kəndinin məktəbini kimlər bitirib. Azərbaycan elmini dünyada tanıdan Xudu Məmmədov, professor Rafiq Əliyev, tanınmış yazıçı və dramaturq Əli Əmirli də məhz bu kənddəndi... Bu adları sadalayanda onun səsində həm kəndinə, həm də həmin məktəbin yetişdirdiyi ziyalılara böyük qürur duyulur.
Novruzlunun işğal altında qaldığı illər onun üçün sadəcə bir coğrafi itki deyildi. Bu, uşaqlığının, xatirələrinin, ata-baba yurdunun əlçatmazlığı idi. İşğal dövründə Ağdamın azad olan ərazilərindən doğma kəndinə həsrətlə baxdığı günləri heç vaxt unutmur. Həmin illərdə yaşadığı ağrını, ümidsizliyə qapıldığı anları gizlətmir.
Bu gün isə onun səsində başqa bir ovqat var. Doğma Novruzlu azaddır! İndi o kəndin dirçəlməsini, yenidən qurulmasını, əvvəlkindən də gözəl olmasını arzulayır.

Bəlkə də insanın ömründə ən böyük xoşbəxtliklərdən biri uzun illər həsrətində olduğu torpağa qovuşmaqdır. Cahangir müəllim bu xoşbəxtliyi yaşadı. Onun Vətən sevgisi, torpaq nisgili, doğma kəndinə bağlılığı bizə bir daha xatırladır ki, insan harada yaşamasından, hansı zirvəyə yüksəlməsindən asılı olmayaraq, köklərini unutmamalıdır.

Böyük şəxsiyyətlərin görünməyən tərəfi

İnsan haqqında danışarkən yalnız onun uğurlarını sadalamaq asandır. Amma mənə elə gəlir ki, insanın böyüklüyü bir qədər də onun çətinliklər qarşısındakı duruşunda, itkiləri ilə necə yaşamasında, yaxşı günündə də, ağır günündə də necə insan olaraq qalmasında görünür.
Cahangir müəllimin də həyat yolu həmişə hamar olmayıb. Çətin günləri, sıxıntıları, sınaqları olub. Həmin vaxtlarda ona dayaq duran, əlindən tutan insanları bu gün də minnətdarlıqla xatırlayır. Bu xüsusiyyət özü də onun xarakteri haqqında çox şey deyir. Çünki yaxşılığı unutmamaq da bir insanlıq ölçüsüdür.
Həyatının ən ağır sınaqlarından biri isə ömür-gün yoldaşını vaxtsız itirməsi olub. İllər keçir, amma  ayrılıqların ağrısı zamanla azalmır, sadəcə insan o ağrı ilə yaşamağı öyrənir.

Cahangir müəllim həyat yoldaşını Ağdam torpağında dəfn edib. Demək olar ki, hər ay onun məzarını ziyarət edir, tər çiçəklər aparır. Bu mənzərənin özündə sözlə ifadəsi çətin olan bir sədaqət var. Bir ömürlük sevgiyə, birgə yaşanmış illərə, xatirələrə sədaqət...
Bəzən bir insanın kim olduğunu anlamaq üçün onun böyük auditoriyalarda söylədiyi fikirlərə yox, sevdiyi insanın məzarı önündəki səssizliyinə baxmaq kifayətdir.
Cahangir müəllim sədaqəti həyatının əsas prinsiplərindən biri hesab edir. Dostluqda, münasibətlərdə, ailədə, peşədə... O, yalanı sevmir, haqsızlığa dözmür, halal zəhməti uca tutur. Onun üçün insanın ən böyük sərvəti adının təmiz, alnının açıq olmasıdır.

Beş qız atası – ikiqat cənnətlik bir ata

Cahangir müəllimin həyatında ayrıca bir fəxarət səhifəsi də var: o, beş qız atasıdır. Bildiyimə görə, qızlarından dördü orta məktəbi qızıl medalla bitirib. Bu gün onların hər biri ali təhsilli, öz ailəsinin qayğıkeş xanımı və anasıdır.

Bir atanın övladları ilə fəxr etməsi təbii haldır. Amma beş qız böyütmək, onların təhsilinə, tərbiyəsinə, gələcəyinə zəhmət sərf etmək, hər birinin həyatında mənəvi dayaq olmaq böyük məsuliyyət və sevgi tələb edir.
İslam Peyğəmbərinin qız övladlarını sevgi və qayğı ilə böyüdən, onların həyatını təmin edən atalar haqqında buyurduğu müjdələri xatırlayanda, Cahangir müəllimin beş qız atası olması da adama xoş bir təbəssüm gətirir. Zarafatla desək, bu hesabla o, ikiqat cənnətlikdir!

Əslində, övladların uğuru valideynin ən gözəl əsəridir. Professorun kitabları kitabxanalarda, elmi məqalələri arxivlərdə, yetişdirdiyi tələbələri müxtəlif sahələrdə yaşayır. Amma insanın övladlarında davam edən mənəvi irsi tamam başqa bir xoşbəxtlikdir. Bu gün Cahangir müəllim nəvələri ilə öyünür, hətta onlarla bəzən baba kimi yox, dost kimi davranır. Bu sarıdan da onu xoşbəxt baba adlandırmaq olar. 

Sonuncu mogikanlardan biri...

Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində elə müəllimlər var ki, onlar bir dövrün canlı tarixidir. Cahangir Məmmədli də həmin nəslin təmsilçilərindəndir. O, jurnalistikanın müxtəlif mərhələlərini görüb, dəyişən zamanın, dəyişən medianın, yeni nəsillərin şahidi olub. Onilliklər boyu auditoriyadan auditoriyaya keçib, yüzlərlə, minlərlə tələbənin həyatına toxunub.

Bəzən onu fakültənin sonuncu mogikanlarından biri adlandırırlar. Bu ifadədə həm bir nəslin əzəməti, həm də zamanın amansız axınına qarşı dayanmış bir ziyalının obrazı var. Çünki müəllimlik yalnız dərs demək deyil, bir məktəbi yaşatmaqdır. Cahangir müəllim isə həmin məktəbin daşıyıcılarından, yaşadanlarından biridir.
O, tələbələrinə jurnalistikanı öyrətməklə yanaşı, jurnalist olmağın məsuliyyətini də aşılayıb. Sözün qədrini bilməyi, həqiqətdən yayınmamağı, dürüst olmağı, peşənin adına hörmət etməyi öyrədib. Bu gün müxtəlif redaksiyalarda, televiziya və radiolarda, mətbuat orqanlarında çalışan, öz imzası ilə tanınan neçə-neçə jurnalistin həyatında onun müəllim əməyinin izi var.

Və məncə, müəllim üçün bundan böyük xoşbəxtlik yoxdur.

85 yaş – bir ömrün müdriklik zirvəsi

Qarşıdan Cahangir müəllimin 85 illik yubileyi gəlir. Bu, sadəcə təqvimdə qeyd olunacaq bir tarix deyil. Bu, bütöv bir ömrə, bir ziyalı taleyinə, Azərbaycan elminə və jurnalistikasına verilmiş xidmətlərə ehtiram göstərmək fürsətidir.


85 il! Bu illərin içində bir kənd uşağının arzuları, tələbəlik həyəcanları, müəllimlik həvəsi, elmi axtarışlar, kitablar, məqalələr, tələbələr, dostlar, itkilər, nisgillər, qələbələr və nəhayət, özünü təsdiq etmiş bir şəxsiyyətin ömür salnaməsi var.

Mən yubiley ərəfəsində bu yazını yazmağı özümə mənəvi borc bildim. 

Əziz Cahangir müəllim!
Sizinlə bağlı xatirələrimi qələmə alarkən bir daha anladım ki, müəllim haqqında yazmaq əslində insan haqqında yazmaqdır. Sizin ömrünüzdə elm də var, zəhmət də, prinsipiallıq da, dostluq da, sədaqət də, Vətən sevgisi də. Sizi fərqləndirən ən böyük keyfiyyət isə bütün bu dəyərləri yalnız sözlə ifadə etməyiniz deyil, öz həyatınızla təsdiqləməyinizdir.

Siz bizə yalnız jurnalistikanı öyrətmədiniz. Bizə halal yaşamağın, sözün məsuliyyətini daşımağın, dostluğa sədaqətin, insan ləyaqətini qorumağın nə demək olduğunu da öyrətdiniz.
Bu gün Sizin 85 yaşınıza doğru addımladığınız bir vaxtda arzum budur ki, doğma Novruzlunun hər bir yeniliyi, Ağdamın hər bir gözəlliyi, yetişdirdiyiniz tələbələrin hər bir uğuru Sizə sevinc gətirsin. Həyatınızın bundan sonrakı illəri sağlamlıq, rahatlıq, övladlarınızın, nəvələrinizin sevgisi və yetirmələrinizin ehtiramı ilə dolu olsun.
İllər keçir, nəsillər dəyişir, auditoriyalara yeni tələbələr gəlir. Amma elə müəllimlər var ki, onlar heç vaxt köhnəlmirlər. Çünki onların öyrətdikləri sadəcə bir fənnin proqramı deyil, həyatın özüdür.
Cahangir müəllim, Siz bizim üçün məhz belə müəllimlərdənsiniz.

85 yaşınız mübarək olsun, əziz müəllimim! Sizə uzun, mənalı, sağlam və sevdiklərinizin əhatəsində keçəcək neçə-neçə gözəl ömür ili arzulayıram.
Yaxşı ki, varsınız, Cahangir müəllim! Yaxşı ki, bizim müəllimimiz olmusunuz!

Sevgilərimlə, 
Şəmsiyyə Musaqızı, 
Əməkdar jurnalist 
19.11.2026 Bakı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Artan sosial problemlər! Bahalaşma, işsizlik - Çıxış yolu nədir?