ANS telekanalında idman xəbərlərinin aparıcısı olmuş, futbol matçlarına şərhçilik etmiş Asif Bağırov orqanlarını bağılşamaq üşün müraciət edib.
Modern.az-ın məlumatına görə, xeyli vaxtdır mətbuatdan uzaq qalan keçmiş teleurnalist bildirib ki, donorluq müraciətini mygov rəqəmsal hökumət tətbiqi üzərindən ünvanlayıb.
Asif Bağırov bildirib ki, ötən həftə İTV-də yayımlanan “Sabaha saxlamayaq" verilişində açılan donorluq barədə müzakirə onu bu addımı atmağa sövq edib.
“Həmin verilişdə insan orqanının həm sağ ikən, həm də öləndən sonra transplantasiya olunmasından danışıldı. Həm elmi, həm də dini cəhətdən bunun savab olduğu xüsusi vurğulandı. Əgər həqiqətən də insan ölümə məhkumdursa və çıxış yolu yoxdursa, başqasının yaşamasına niyə də yardımçı olmayaq? Məncə bundan böyük savab yoxdur. Onsuz da torpaq altında qurd-quşa yem olacağıq.
Dərhal mygov tətbiqinə daxil olub donorluq üçün müraciət ünvanladım. Düzdür, hələ müraciətim gözləmədədir, amma düşünürəm ki, OK veriləcək”.
Keçmiş telejurnalist bağışlamaq istədiyi orqanlarının siyahısını da açıqlayıb: ürək, böyrəklər, ağciyər komleksi, qaraciyət, gözün buynuz qişası, sümük iliyi, kök hüceyrələri, mədəaltı vəz, mədə, bağırsaqlar, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-əzələ kompleksi və onların seqmentləri…
Qeyd edək ki, uzun müddətdir jurnalistikadan kənarda qalan Asif Bağırov bir müddət öncə maddi çətinliklərlə üzləşdiyini, yenidən televiziya və ya media sahəsində çalışmaq istədiyini bildirmişdi.
A.Qorxmaz